Hakimiyyətini qorumaq üçün hərəkətə keçən Paşinyan anti-Rusiya mövqeyinə sadiqliyini nümayiş etdirir Hakimiyyətini qorumaq üçün hərəkətə keçən Paşinyan anti-Rusiya mövqeyinə sadiqliyini nümayiş etdirir
  • Yazarlar
  • 25 Noyabr 2021 13:34
  •  10 706

Paşinyanın “noyabr tezisləri”

Hakimiyyətini qorumaq üçün hərəkətə keçən Paşinyan anti-Rusiya mövqeyinə sadiqliyini nümayiş etdirir

Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında noyabrın 26-da Soçi şəhərində görüş olacağı rəsmi şəkildə bəyan edilib. Bu ərəfədə Ermənistan baş naziri Nikol Paşinyanın canlı yayıma çıxaraq bir sıra məsələlərə münasibət bildirməsi həm daxili ictimaiyyəti görüşün mümkün nəticələrinə hazırlamağa, həm ölkəsinin bir sıra önəmli məsələlərlə bağlı mövqeyini indidən açıqlamaq və məhz həmin məsələlərlə bağlı hər hansı güzəştin olmayacağı ab-havasını yaratmağa, həm də bağlı olduğu müəyyən Qərb dairələrinə mesajlar verməyə hesablanmışdı. İlk baxışdan yaranan təəssürat budur ki, məğlub Ermənistan həllini gözləyən önəmli istiqamətlər üzrə irəliləyişlərin əldə olunmasının əleyhinədir. Bununla da danışıqların uzanmasının davam etməsinin tərəfdarı olduğunu sərgiləyir. Paşinyanın bir sıra məsələlərlə bağlı güzəşt mövqeyi, Zəngəzur dəhlizi və başqa bəzi istiqamətlər üzrə isə fəqrli mövqe tutması, geriyə addım atmaq niyyətində olmaması başadüşüləndir. Əslində daxili təzyiqlərdən çəkinən Paşinyan öz hakimiyyətini qorumaq üçün başqa yol tuta bilmir və çıxış yolunu prosesin qeyri-müəyyənliyə yöməltməkdə görür. Eyni zamanda, 15 dekabr Brüssel görüşünün təşkil olunmasında dəridən-qabıqdan çıxan Paşinyan məhz Rusiyanın vasitəçiliyi ilə hər hansı irəliləyişin olmayacağını sərgiləyir və anti-Rusiya mövqeyinə sadiqliyini nümayiş etdirir. Bütün bunları görmək üçün Paşinyanın çıxışındakı “noyabr tezislərinə” diqqət edək.

Ermənistan ərazisi boyunca nəqliyyat dəhlizlərinin açılmasının əleyhinə çıxış edən Paşinyan bildirir ki, ötən il imzalanan 10 noyabr tarixli üçtərəfli bəyanatın 9-cu bəndində dəhliz ifadəsi işlədilməyib, həmin bənddə maneəsiz hərəkət ifadəsi yazılıb ki, bu da nəzarət-buraxılış məntəqəsi olmadan hərəkəti nəzərdə tutur. Paşinyanın düşüncəsinə əsasən, dəhliz ifadəsi Laçın koridoruna münasibətdə işlədilib.
Ermənistanın baş nazirinin bu iddiaları kökündən yanlışdır.
Birincisi, Laçın koridoru ifadəsinin yanında maneəsiz hərəkət ifadəsi yoxdur. İkincisi, əgər Ermənistan Laçın dəhlizindən yararlanırsa, onda nəyə görə Azərbaycan Naxçıvanla birbaşa əlaqə üçün Ermənistan ərazisindən keçən dəhlizdən istifadə etməsin?
Deməli, Paşinyanın mövqeyi tam ədalətsizdir və məsələni dalana dirəmək niyyəti güdür. Çünki hər iki tərəf linqivistik barrikada qurmaqla məşğul olacaqsa, israr edəcəksə onda regionda kommunikasiyaların açılmasında hər hansı irəliləyiş olmayacaq. Bu isə əslində açınacaqlı durumda olan Ermənistana heç nə verməyəcək. Fakt budur ki, regionda yeni dəhlizin açılması ilk olaraq Ermənistanın öz maraqlarına xidmət edəcək. Ola bilsin ki, Paşinyan bunu anlayır, amma müxalifətin təzyiqlərindən çəkinərək reallığı dilə gətirməkdən ehtiyatlanır. Belə olmasaydı, Paşinyan canlı yayımda kommunikasiyaların açılmasının Eürmənistanın xeyrinə olacağını bildirməzdi. Bu açıqlama, eyni zamanda, Ermənistan cəmiyyətinin tədricən mümkün ssenarilərə hazırlanmasına hesablanıb. Reallıq budur ki, Azərbaycan İran vasitəsilə və hava yolları ilə Naxçıvanın blokadadan çıxmasını hələ uzun müddət bundan əvvəl gerçəkləşdirib. Digər tərəfdən, Naxçıvanın Türkiyə və İranla sərhədi mövcuddur. Deməli, dəhliz daha çox bütün sferalarda çökməkdə olan Ermənistana lazımdır və bunu daha tez anlasalar bu, ümumi işin xeyrinə olacaq.

Ermənistan ən azı son vaxtlar yaranmış vəziyyətdən dərs çıxarmalıdır. Bir müddət öncə Gorus-Qafan yolunun Azərbaycanın Qubadlı rayonundan keçən hissəsində - Eyvazlı və Qazançı kəndləri ərazisində nəzarət-buraxılış məntəqələri fəaliyyətə başlayıb və Ermənistan qeydiyyatında olan nəqliyyat vasitələrindən Azərbaycan qanunlarına uyğun olaraq rüsum alınır. Bu gün vəziyyətin bu şəkil almasında günahkar Ermənistandır. Paşinyan özü də etiraf edir ki, Tatev yolu istifadəyə yararsızdır, yük avtomobillərinin hərəkəti isə, ümumiyyətlə qeyri-mümkün həddədir. Öna görə də Ermənistan Azərbaycanın verdiyi ilkin dərsin nəticələrini düzgün təhlil etməli, bunun davamının ola biləcəyini, üstünlüyün Azərbaycanda olmasını anlamalıdır.

Paşinyanın tarixi görməzdən gəlib, Zəngəzur koridoru və ya Şərqi Zəngəzur kimi terminləri Azərbaycan tərəfinin uydurması və Ermənistana qarşı bununla ərazi iddiaları irəli sürməsi kimi sərsəm fikirləri heç nəyi dəyişmək gücündə deyil. Həm daxili, həm də xarici auditoriyaya hesablanmış bu bəyanatın arxasında tarixi faktlar durmur. Coğrafiya və tarix Azərbaycanın öz mövqeyində haqlı olduğunu sübut edir. Ermənistan illərdir tarixi saxtalaşdırmaqla məşğuldur və bu mənada Paşinyan Zəngəzurun tarixi adını “bilməyə bilər”. Azərbaycan, sadəcə coğrafi baxımdan tarixi adları əsl adları ilə çağırırsa, bundan qıcıqlanmaq lazım deyil. Bu gün dünyada Şimali Makedoniya, Cənubi Tirol, Qərbi Saxara, Şərqi Timor, Mərkəzi Afrika Respublikası kimi tarixi-coğrafi adlar var və kimsə bu adlara etiraz etmir, onların mövcudluğunu şübhə altına almır. Bu ərazinin tarixi adı Zəngəzurdur!
Paşinyan çıxışında xəritələrlə bağlı danışanda Azərbaycanın o mövqeyini təsdiq edir ki, Ermənistan-Azərbaycan sərhədləri, xüsusilə sərhədin Zəngilan, Qubadlı, Laçın və Kəlbəcər istiqamətləri ilə bağlı vahid xəritə yoxdur. Əgər Paşinyanın dediyi kimi belə şəkilli kağızlar çoxdursa, vahid bir xəritə mövcud deyilsə, hansı əsasla Azərbaycan qoşunlarının Ermənistan ərazisində olduğunu iddia edir? Paşinyan hansı xəritə üzərində dayanıb? Bu gün Azərbaycan silahlı qüvvələrinin Şərqi Zəngəzurda durduqları yer ölkəmizin suveren ərazisi hesab olunur və bütün dünya tərəfindən qəbul olunmuş xəritə çərçivəsindədir.

Bu fikirlərin davamı olaraq Paşinyan Ermənistan ərazisində olan Azərbaycan anklavları məsələsinə toxunan zaman (Qazax istiqaməti) onlar barəsində danışmağın əsasssız olduğunu iddia edib. Anklavlar mövzusunda Paşinyanda onların hüquqi əsaslandırılması barədə suallar yaranması haqlı məsələlər ortaya çıxarır. Onda Azərbaycan da tam haqlı şəkildə Qərbi Zəngəzurun, Dərəlyaz və Şərqi Göyçənin, hətta İrəvanın Ermənistana verilməsinin qeyri-hüquqi xarakter daşıdığını əsaslandıra bilər. Böyük miqyasda Azərbaycan əraziləri 1929-cu ildə Levon Mirzəyan Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin rəhbəri olan zaman Ermənistana verilib və bu, danılmaz tarixi faktlardır.

Paşinyanın çıxışının digər istiqaməti 9 noyabrda Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə keçirilməsi nəzərdə tutulan görüşün baş tutmamasının səbəbkarını kənarda axtarması idi. Hansı ki, görüşün gerçəkləşməməsinin günahkarının məhz Paşinyan olmasının Rusiya və digər diplomatik mənbələr də təsdiq ediblər. Ermənistan bir gün qalmış hər hansı səbəb göstərmədən tədbirə qatılmaqdan imtina edib. Həmin məlumatlara əsasən, Rusiya tərəfinin təklifi ilə tərəflər arasında 9 noyabr görüşünün yekun bəyanatı da hazırlanırdı. Baydenin sammitinə hazırlaşan Paşinyan görüşdən imtina etməklə Rusiyaya hörmətsizliyini növbəti dəfə nümayiş etdirdi. Təsadüfi deyil ki, bunun ardınca Paşinyan üçtərəfli görüşün Brüsseldə keçirilməsi üçün Avropa İttifaqına müraciət edib və nəticə etibarilə, Rusiyanı çıxılmaz və pərt durumda qoyub. Sorosun uşağı adını bütün davranışları ilə qazanan Paşinyanın Avropa İttifaqı ilə sövdələşməyə gedərək 15 dekabr Brüssel görüşünü təşkil etməsini isə yəqin ki, rəsmi Moskva yaxşı anlayır...

Paşinyan nə qədər Rusiyaya hörmətlə yanaşdığını və ölkəsinin KTMT-dən çıxmaq niyyətində olmadığını söyləsə də, faktlar bunun əksini deyir. Paşinyan bir qədər uzağa gedərək Ermənistan sərhədlərinin qorunması üçün NATO-nu dəvət etmişdi.
NATO, Avropa İttifaqı və digər qurumlara müraciət etməklə Rusiya və KTMT-ni təhqir və şantaj etmədilərmi?

O ki qaldı, Paşinyanın Azərbaycanı Ermənistana münasibətdə aqressiv siyasət yürütməkdə və ya cəngəllik siyasəti aparmaqda ittiham etməsi, bu, tam əsassız və olduqca həyasız mövqedir. Saul olunur: bəs onda 30 il müddətində Ermənistanın Azərbaycana qarşı apardığı siyasətin, işğaldan azad olunmuş ərazilərdə törətdiyi vəhşiliklərin, 44 günlük Vətən müharibəsində törətdiyi müharibə cinayətlərinin adı nədir? Cəngəllik və faşist siyasəti yürüdən Ermənistan hələ də bu niyyətindən əl çəkibmi? Xeyr! Hələ bu gün də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində Ermənistan silahlı qüvvələrinin ünsürləri mövcuddur. Hansı ki, üçtərəfli bəyanata uyğun olaraq bu ünsürlər ərazini tərk etməlidir. Bundan başqa, Azərbaycanın Qazax rayonunun kəndləri və Naxçıvanın Kərki kəndi Ermənistanın işğalı altındadır. Və ya Paşinyan hökumətinin parlamentə təsdiq etdirdiyi sənəddə Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları növbəti dəfə təsdiq olunmayıbmı? Paşinyan çıxışında da Qarabağı yenə də Artsax adlandıraraq Azərbaycanın bu bölgəsinin öz müqəddəratını təyin etmə statusuna malik olduğunu iddia edirsə əlavə şərhə yer qalmır.
Ermənistanın Azərbaycana qarşı yürütdüyü aqressiv siyasətin belə çılpaq nümunələri kifayət qədərdir...

Ermənistan anlamalıdır ki, 10 noyabr tarixində imzalanan bəyanat tam icra edilməlidir. Bunun alternativi mümkün deyil. Paşinyan 44 günlük müharibədən öncə, müharibənin gedişində də eyni tonda danışırdı, dirəşirdi. Sonradan 10 noyabrda kapitulyasiya aktına imza atmaq məcburiyyətində qaldı. Hansı ki, həmin sənədə Paşinyanın harada, nə durumda imzalaması hələ də sual altındadır.

Bəyanat icra edilməsə, Paşinyan və ölkəsi daha çətin duruma düşəcək. Seçim birdir-yeni reallıqla barışmaq və hesablaşmaq...

Elman Babayev