Örkən nə qədər uzun olsa, yenə doğanaqdan keçər..

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatının dekabrın 7-də birgə açıqlamasında da ifadə olunduğu kimi, artıq hər iki ölkə regionda çoxdan gözlənilən sülhün əldə olunması üçün tarixi fürsətin yarandığı fikrini bölüşərək münasibətləri normallaşdırmaq, suverenlik və ərazi bütövlüyü prinsiplərinə hörmət əsasında sülh sazişinə nail olmaq niyyətini bir daha təsdiq edir. Bildiyiniz kimi, iki ölkə arasında etimad quruculuğu istiqamətində ciddi addımların atılmasına dair razılığa əsasən, humanizm dəyərlərini rəhbər tutaraq və xoşməramlı addım olaraq, Azərbaycan 32 erməni hərbçini, Ermənistan isə 2 azərbaycanlı hərbçini azad etməyi öhdəsinə götürmüşdü. Bu gün həmin əsirlərin mübadiləsi etimad quruculuğu prosesində mühüm addım hesab edilərək bizi yekun sülhə yaxınlaşdıran ciddi amil kimi dəyərləndirilə bilər. Ölkəmiz hər zaman beynəlxalq humanitar prinsiplərə sadiqlik nümayiş etdirmiş, konfliktin yaşandığı dönəmlərdə də humanizm çərçivəsində davranmışdır. Müharibədən sonra, xüsusən separatizmin ləğvindən bəri Bakı Ermənistana yönəlik sülh çağırışları edir. Bu çağırışlar yalnız sözlü mesajlardan ibarət deyil, eyni zamanda praktiki addımların atılması ilə, üzərimizə düşən öhdəlikləri hətta daha artıq səviyyədə yerinə yetirməklə edir. Diplomatik cinahda önəmli proseslərdən biri də region ölkələri arasında əlaqələrin genişlənməsi üçün zəmin yaradan 3+3 formatının daha ciddi şəkildə gündəmə gətirilməsi oldu. Cavab reaksiyaları verilmədikcə Azərbaycan alternativ imkanlarını gücləndirir. Zəngəzur dəhlizi ilə bağlı məsələdə də Bakının uğurlu gediş etdiyini, sülhün bizdən çox Ermənistana lazım olduğunu söyləmək mümkündür. Bütün bu proseslər üzərinə əsir mübadiləsi, son 30 ildə ilk dəfə dövlətlər arasında ortaq bəyanatın imzalanması çağırışlarımızın ilkin praktik nəticəsidir. Bu addımlar göstərdi ki, əks-həmlə hücumu olaraq başlatdığımız müharibə sülhə məcburetmə xarakteri daşıdığı kimi, diplomatiyamız da eyni missiyanı icra etmək gücündədir. Məhz bu kontekstdən çıxış edərək, ümidlə deyə bilərik ki, yaxın aylarda sülh müqaviləsi imzalana bilər. Kənar güclərin hansı mövqedə olduğuna gəlincə, Türkiyənin yanaşmasına düşünürəm toxunmağa belə ehtiyac yoxdur. Qərb və Rusiyaya gəlincə, Soyuq müharibə dövründən başlanan konfrontasiya indi də Cənubi Qafqazla bağla davam etməkdədir. Birinin istədiyini digərinin istəməməsi və ya istəsə belə fərqli maraqlar güddüyü aşkardır. Müvafiq situasiyada Qərb bölgədə sülh bərqərar olsa belə, bunun Moskva olmadan icrasından yanadır. Hazırki reallıqlar isə bunu mümkünsüz etdiyi üçün Qərb Ermənistanı sülhdən yayındırıraq "ağasının üzünə ağ olmağa" vadar edir. Ancaq unutmaq olmaq ki, "örkən nə qədər uzun olsa, yenə doğanaqdan keçər". Qərb hər nə qədər Ermənistanı dəstəkləsə də, maliyyələşdirsə də, blokada vəziyyətindən çıxmayan bu ölkəyə kənardan yardım ancaq və ancaq quyuya su tökmək effekti verəcək.

Züriyə Qarayeva
Aznews.az portalının siyasi şərhçisi