- Yazarlar
- 14 Noyabr 18:56
- 7 780
“BBC belə dedi, elə dedi..."
Xaricdə yaşayan dostum zəng eləmişdi dünən. Dünya işləri ilə, siyasətlə, filanla qəti arası olmaz. Belə işlərə qarışmağa özünün də etiraf etdiyi kimi həvəsi, vaxtı və o savadı da yoxdur. Di gəl vətəni haqda harada nə görsə, nə eşitsə qulaq kəsilər, dalğanı dəyişməz, kanalı çevirməz.
Bax mənim o əziz dostum Vüqar dünən zəng eləmişdi ki, “Bakıda nə yeyib-içmək tədbiri keçirilir ki? BBC dünən iki dəfə Bakıdan reportaj verdi, ikisində də yeməklərin qiymətindən şikayət elədi”. (Dostumun BBC ilə bağlı uşaqlıqdan travması var, ona görə xüsusi həssasiyətlə izləyir o kanalı, bunu sonda danışacağam). Dostum Vüqarın Bakıda keçirilən tədbir haqda bilgisi, təqribən “Azadlıq” radiosu müxbirinin bilgisi qədər olardı. Yaxşı bir dərsə ehtiyacı vardı.
Amma ki, məndə Hikmət Hacıyev səbri-hövsələsi yox idi ki, telefonun və dünyanın o biri ucunda olan dostuma tədbirin adını və mahiyyətini başa sala bilim. Bir an ağlıma gəldi ki, dostuma təklif edim, qayıdıb gəlsin xarici radio-televiziyalardan birində işə düzəlsin. Həm çox sevdiyi vətənində yaşamış olar, həm də bu iş üçün tələb olunacaq qədər ağlı-savadı da var. Beş-altı sözdür də, əzbərlə, sonra hansı hadisə, tədbir və tədbirin mahiyyətinin nə olmasından asılı olmayaraq, qabağına keçən bütün dövlət və hökümət yetkililərinə o sözlərdən cümlə qurub sual ver, qurtardı getdi.
Amma dostum məndən təklif yox, cavab gözləyirdi. Digər tərəfdən, təkcə dostuma da yox, bir xeyli adama maraqlı qalıb ki, dünyanın ən aparıcı kanallarından biri, milyonlarla insanın izlədiyi bir kanal, BMT səviyyəli qlobal bir tədbirdən niyə “kotlet-çörək” reportajı verir? Məncə bir balaca özlərinə əziyyət verib, daha ciddi məsələlərə toxuna bilərdilər. Məsələn, söhbət iqlim dəyişmələrindən, ekologiyadan gedirsə, “Bakı retoranlarında bişirilən lülə kababa vurulan quyruğun miqdarının çoxluğu səbəbindən kabab manqallarında kömürün üstünə tökülən quyruğun tüstülənmə prosesləri və bu tüstünün ekologiyaya zərəri” – mövzusunda geniş bir araşdırma edə bilərdi BBC.
O cümlədən, tədbirin əsas diqqət çəkilən mövzularından biri enerjiyə qənaət, israf hallarına yol verməməkdir. BBC zəhmət çəkib tarixə ekskurs edə, nənələrimizin küftə və kotlet bişirmək, habelə lülə kabab çəkmək üçün əti daş üstündə toxmaqla döyməklərindən, ətçəkən maşınlar çıxandan sonra bu adətin yox olmasından və o ətçəkən maşınların yaratdığı elektrik enerjisi israfından geniş reportaj edə bilərdilər. Sonda bildirərdilər ki, nəticədə meşələr qırılır, ekologiya məhv olur və sual qoyulardı: “Belə bir ölkədə “Azadlığ”ın müxbiri demiş, “iqlim konfransı” keçirmək nə dərəcədə doğrudur?”
Yox da, qaralama kampaniyası edirsiniz, bir az əziyyət çəkin də. Düşmənçiliyə də tənbəlsiniz e. Elə bir mövzu tapıblar - “yemək bahadı”. Yaradıcı olun, bəylər, xanımlar! İstedadınızı işlədin!
Yaxşı, gələk söhbətin ciddi tərəfinə. Arada saytlara baxan istənilən adamın diqqətini çəkməmiş olmaz, noyabrın 8-i AZƏRTAC xəbər yaymışdı ki, Bakı Olimpiya Stadionu bu axşam (yəni 8 noyabr axşamı) BMT-yə təhvil veriləcək. Lap belə loru dildə deyək ki, tədbirin keçirildiyi bütün yerlər, tədbir günlərində BMT-nin “ərazisi” sayılır. Necə ki, dünyanın hansı aeroportunda dayanmasından asılı olmayaraq, təyyarə dayandığı ölkənin yox, məxsus olduğu ölkənin ərazisidir. Bax bu da elə bir şeydir.
Tədbirin keçirildiyi yerlər, o cümlədən tədbir iştirakçılarının zəruri ehtiyaclarını ödədiyi obyektlər, buna yemək yediyiniz yerlər də daxildir, hamısı BMT-nin nəzarətindədir. Siz ki bu məsələləri çox yaxşı bilirsiniz, saytlardan oxumağa ehtiyacınız yoxdur. Əksinə, dünya bunları sizdən eşitməli, oxumalıdır. Siz çox yaxşı bilirsiniz ki, tədbrilə bağlı bütün məsələlər razılaşdırılır. Kimsə gəlib orada çadır qurub kafe-restoran açmayıb. Bizim ayağımız düşməyən, amma siz BBC jurnalistləri üçün “su yolu” sayılan Nyu -Yorkdakı BMT-nin Baş Qərargahı və ya “Mənzil Qərargahı” adlandırılan bina kompleksində az kofe içib yemək yeməmisiniz axı. Deyilənə görə, adi günlərdə 2-3 dollara içilə bilən kofenin qiyməti, BMT Baş Assembleyasının sessiyası keçirilən günlərdə 8-10 dollara qədər qalxa bilirmiş. Amma nə BBC-nin bircə dəfə bu barədə reportajını görmüşük, nə də başqa hansısa kanalın etirazını. Bir yerdə ki, kofeni səndən əvvəl İngiltərənin, səndən sonra Almaniyanın dövlət başçısı alıb içə, o yerdə qiymət necə olmalıdır ki?
Qayıdaq Bakıya. “Azadlığ”ın adını “iqlim konfransı” qoyduğu, “Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı” haqda bir ilə yaxındır ki, məlumatımız var. Belə tədbirlər haqda adətən ən çox deyilən o olur ki, xalqa müfəssəl məlumat verilmir, maarifləndirmə zəifdir və s. Düzü o “müfəssəl məlumat və maarifləndirmə” tam olaraq necə edilməlidir, heç bir fikrim yoxdur. On milyonluq xalqı kurslara dəvət edib, mühazirələr təşkil etmək kimi bir təcrübə hələ ki yoxdur və olmayacaq da. Amma xalqdan yana narahat olmağa da dəyməz.
Birincisi, xalq artıq eləcə düşmənlərimizin mövqeyindən anlayır ki, nə baş verir. Ermənistan və dünyanın hər yerindəki erməni mahiyyətli insanlar ölkəmizdə keçiriləcək tədbirin əleyhinədir, bir ildir ki, durmadan min oyun çıxarır, tədbiri pozmağa çalışırlar. Bu bəs edir ki, tədbirin önəmi xalqa bəlli olsun.
İkincisi, hətta indi bilinməsə də, önümüzdəki illərdə mütləq bilinəcək. Məsələn, “Qoşulmama Hərəkatı” adlanan təşkilatın Bakıda keçirilən tədbirlərində yaxşıca tıxac olurdu və biz hamımız gileylənirdik.
Təşkilatın adından tutmuş, nümayəndələrinə qədər, bütün mövzularda lağlağı edirdik. Hətta bir dəfə, azca yağış çiləyən soyuq payız axşamında yenə bu səbəbdən yol bağlı idi. Yanımda duran maşının sürücüsü yol polisindən xahiş-minnət edirdi ki, onu buraxsın. Çünki onun daha vacib işi var. Bunun mümkün olmadığını başa düşəndə uca səslə “Allah haqqı, uşaxlar məni gözləyir, xəngəli də sifariş veribləre. Xəngəl soyudu, zay oldu...” -deyib tələsdiyi vacib tədbirin tam olaraq nə olduğunu bizim üçün aydınlaşdırdı. Sonralar, tarixi Zəfər savaşı günlərində bu təşkilatın bizim üçün nə qədər önəmli olduğunu xalq olaraq çox dərindən hiss etdik.
Bu günlərdə baş tutan tədbir isə, bizim ölkə tarixindəki ən böyük tədbirdir və obrazlı desək, belə tədbirlər üçün nə qədər “xəngəl soyuyub zay olsa” eybi yox, dəyər!
Qayıdaq dostumun telefon zənginə. Dedim axı, uşaqlıqdan BBC ilə bağlı travması var. Mən yuxarıda yazdıqlarımdan heç nə demədim Vüqara. Eləcə soruşdum ki, 5-ci sinifdə oxuyanda baş verən hadisə yadında deyilmi? Onda ölkəmiz üçün ən çətin günlər - 90-cı illər idi. Sovetlər dağılhadağılda, imperiya son günlərini yaşamaqda idi. Qarabağ savaşı, erməni oyunları yenicə qızışırdı. Hər axşam xarici radioları dinləyən müəllimlərimiz səhər tənəffüslərdə söhbət edər, biz də qulaq müsafiri olardıq. “BBC belə dedi, elə dedi” söhbətləri ediləndə hər dəfə mənim dostum eyni saf maraqla sual verirdi: “Kimin bibisi?”
Biz bunun radio adı olduğunu desək də, sabahısı eyni mövzu olanda yenə eyni sual ortaya çıxardı. Günlərdən birində yenə bu radioda ermənilərin xeyrinə, bizim əleyhimizə verilən xəbərlərdən xeyli əsəb yığan Vasif müəllimin “BBC deyir ki...” cümləsini dostum ağzında qoyub, eyni saflıqla soruşdu: “Müəllim, kimin bibisi?”
Vasif müəllimin BBC-yə olan bütün əsəbi yağlı bir şilləyə dönüb dostumun sifətində “partladı”. Ardınca da, illər keçsə də, qulağımızdan getməyəcək qəzəbli səs: “Kimin olacaq, ermənilərin bibisi, ay Vüqar, ermənilərin bibisi!”
Ondan sonra daha heç vaxt Vüqar o sualı vermədi...
Çingiz Özgür,
Qafqazinfo.az