- Ermənistan və Gürcüstan
- 15:48
- 1 117
Paşinyan: Xalq sülhü qəbul edib
Ermənistanda keçirilən parlament seçkilərində Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi Vətəndaş Müqaviləsi Partiyası səslərin 49,8 faizini toplayaraq parlamentdə təkbaşına çoxluğu əldə edib.
Türkiyə və Azərbaycanla normallaşma siyasətini müdafiə edən Paşinyanın partiyası 105 yerlik parlamentdə 61 mandat qazanaraq hökuməti formalaşdırmaq hüququ əldə edib.
Seçkilərin nəticələrini şərh edən Paşinyan erməni xalqını təbrik edərək bildirib ki, vətəndaşlar öz səsləri ilə dövlətə, müstəqilliyə, gələcəyə və sülhə sahib çıxıblar.
“Ermənistan xalqı səsvermə yolu ilə dövlətə, müstəqilliyə, gələcəyə, sülhə və Ermənistan Respublikasına sahib çıxdı”, – deyə baş nazir vurğulayıb.
Paşinyan seçkilərdə məğlub olan millətçi qüvvələri sərt tənqid edərək onların “müharibə tərəfdarı blok” olduğunu bildirib.
“Müharibə tərəfdarı üçlü blok ağır məğlubiyyətə uğrayıb. Xalq bu qüvvələrlə əlaqəli cinayətkar-oliqarx sistemin Ermənistandan kökündən təmizlənməsi iradəsini açıq şəkildə ortaya qoydu”, – deyə o qeyd edib.
Baş nazir bu istiqamətdə addımların gecikdirilmədən atılacağını və məsələnin yeni hökumətin əsas prioritetlərindən biri olacağını bildirib.
Seçkilərin ilkin nəticələrinə görə, iş adamı Samvel Karapetyanın rəhbərlik etdiyi “Güclü Ermənistan” hərəkatı səslərin 23,29 faizini, Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın rəhbərlik etdiyi “Ermənistan Alyansı” isə 9,94 faizini qazanıb.
Parlament seçkilərinin rəsmi yekun nəticələrinin yaxın saatlarda açıqlanacağı gözlənilir.