Məlumatı Prezidentin Mətbuat xidməti yayıb Məlumatı Prezidentin Mətbuat xidməti yayıb
  • Paytaxt
  • 30 Dekabr 2019 12:42
  •  10 059

İlham Əliyev Bakının daha bir parkında aparılan yenidənqurma işləri ilə tanış olub

Məlumatı Prezidentin Mətbuat xidməti yayıb

Dekabrın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Binəqədi rayonundakı Səttar Bəhlulzadə küçəsi, Atatürk və Ziya Bünyadov prospektlərinin kəsişməsində yerləşən parkda aparılan yenidənqurma işləri ilə tanış olub.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev dövlətimizin başçısına parkda həyata keçirilən yenidənqurma işləri barədə məlumat verdilər.

Bildirildi ki, bu parkın ərazisi 1,1 hektardır. Abadlıq və yenidənqurma işlərinin yüksək səviyyədə həyata keçirildiyi parkda sakinlərin, o cümlədən uşaqların asudə vaxtlarının səmərəli təşkili üçün hər cür şərait yaradılıb.

Qeyd edək ki, paytaxt Bakının yaşıllıqlar şəhərinə çevrilməsi istiqamətində təməli xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulan nəcib təşəbbüs Prezident İlham Əliyevin rəhbərliyi ilə ardıcıllıqla və kompleks şəkildə uğurla davam etdirilir. Dövlətimizin başçısı Azərbaycanda reallaşdırılan milli inkişaf strategiyasının prioritet istiqamətlərindən biri kimi ətraf mühitin mühafizəsini və eyni zamanda, insanların sağlam təbii şəraitdə yaşamasını ən yüksək səviyyədə təmin etməyi qarşıya məqsəd qoyub. Ölkəmizdə bu istiqamətdə silsilə tədbirlər və genişmiqyaslı abadlıq-quruculuq işləri həyata keçirilir.

Son illər Azərbaycanın bütün regionlarında, o cümlədən Bakıda abadlıq və yenidənqurma işləri geniş vüsət alıb. Əhalinin rahatlığı və istirahətinin yüksək səviyyədə təşkili məqsədilə yeni parklar və çoxsaylı yaşıllıq zolaqları salınır, mövcud park və xiyabanlar isə əsaslı şəkildə yenidən qurulur. Həyata keçirilən bu layihələr Bakının və regionların simasını dəyişməklə yanaşı, ölkəmizdə ekoloji vəziyyətin yaxşılaşdırılmasında da mühüm rol oynayır. Aparılan yaşıllaşdırma işlərinə və ekoloji vəziyyətin yaxşılaşdırılması üçün dövlət səviyyəsində həyata keçirilən layihələrə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da böyük dəstək verir.

Parkda görülən işlərlə yaxından tanış olan Prezident İlham Əliyev müvafiq tapşırıq və tövsiyələrini verdi.

AzNews.az