Hikmət Hacıyevdən yeni açıqlamalar Hikmət Hacıyevdən yeni açıqlamalar
  • Paytaxt
  • 28 Sentyabr 2020 12:27
  •  5 623

"Döyüş əməliyyatları davam etdirilir, düşmən yerində oturdulur" - Prezidentin köməkçisi

Hikmət Hacıyevdən yeni açıqlamalar

12:25: "Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağda yerləşdirilməsi regional sülh üçün təhlükədir. Diplomatik korpus bu barədə məlumatlandırılıb”.

Bunu Müdafiə Nazirliyinin keçirdiyi brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O qeyd edib ki, Müdafiə Nazirliyi ölkəmizdəki xarici hərbi attaşeləri Ermənistanın təxribatı barədə məlumatlandırıb: “Ermənistan tərəfindən çox saxta və cılız məlumatlar hazırlanır. Bu qədər saxta məlumat hazırlayan silahlı qüvvələrə Ermənistan xalqının özü etibar etməz. Azərbaycan silahlı qüvvələri beynəlxalq hüququn prinsiplərini nəzərə alaraq fəaliyyət göstərir”.

***

12:22: “Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə qismən səfərbərlik elan edilib. Bu istiqamətdə tədbirlər həyata keçiriləcək”.

AzNews.az APA-ya istinadən xəbər verir ki, bunu Müdafiə Nazirliyinin keçirdiyi brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O bildirib ki, indiyə qədər keçirilən hərbi toplanış tədbirləri çərçivəsində ehtiyatda olan hərbçilərin təlimlərə cəlb edilməsi prosesi həyata keçirilirdi: “Dünən Ermənistan silahlı qüvvələrinin hücumu nəticəsində Naftalan rayonunda 1 ailənin 5 üzvü həlak olub. Həmin ailənin yaxınlarına başsağlığı veririk. Bu, ermənilərin döyüş xislətini göstərir. Qorxaq və acizcəsinə mülki əhalini hədəfə alırlar. Bu gün səhərdən də onlar Tərtər rayonunda mülki əhalini hədəfə alırlar. Azərbaycan Respublikasının silahlı qüvvələri onlara lazımi cavabı verir və düşmən yerində oturdulur. Silahlı qüvvələrimiz tərəfindən rəşadətli döyüş əməliyyatları davam etdirilir”.

AzNews.az