- Paytaxt
- 16:55
- 1 523
Prezident: U-20 Dünya çempionatını Azərbaycan və Özbəkistanda təşkil etmək ortaq tarixi nailiyyətdir
İdman sahəsində əməkdaşlıqda yaxşı nəticələr var.
Aznews.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) müsahibəsində bildirib.
“İki ölkənin birgə səyləri sayəsində FIFA İcraiyyə Komitəsi 2027-ci ildə keçiriləcək futbol üzrə U-20 Dünya çempionatının final mərhələsini Azərbaycanda və Özbəkistanda təşkil etmək qərarına gəlib. Bu, Avropa ilə Asiyanı birləşdirəcək ortaq tarixi nailiyyətdir”, - dövlət başçısı qeyd edib.
Qeyd edək ki, 1977-ci ildən etibarən iki ildən bir təşkil edilən U-20-lərin dünya çempionatının 25-cisinə Azərbaycan və Özbəkistan ev sahibliyi edəcəklər. Bununla futbol tarixində ilk dəfə kişilərin yarışında mundial Azərbaycanda keçiriləcək. Həmçinin ilk dəfə Azərbaycanın kişilərdən ibarət milli komandası dünya çempionatının final mərhələsində iştirak edəcək.
İndiyə qədər Argentina 6, Braziliya 5 dəfə dünya çempionu olub. Portuqaliya və Serbiya hərəyə 2 dəfə mundialın qalibi olublarsa, Uruqvay, Qana, İspaniya, Rusiya, Almaniya, İngiltərə, Fransa və Ukrayna hərəyə 1 dəfə kuboku qazanıblar.
Avropanın nəhəng klubları kifayət qədər böyük nüfuza malik olan U-20-lərin dünya çempionatlarından saysız-hesabsız istedadlı futbolçular kəşf ediblər. Hazırda Çilidə keçirilən 24-cü dünya çempionatında 24 komanda 6 qrupda mübarizə aparır. 2023-cü ildə Argentinada təşkil olunan son turnirin qalibi isə Uruqvay yığması olub.