- Paytaxt
- 12:39
- 1 618
Azərbaycanda regional süni intellekt infrastrukturu qurulacaq
Azərbaycanda regional süni intellekt infrastrukturu qurulacaq.
Aznews.az xəbər verir ki, bunu bu gün Milli Məclisin Aqrar siyasət komitəsinin "Kənd təsərrüfatında süni intellektin tətbiqi: nəticələr və perspektivlər” mövzusunda təşkil etdiyi ictimai dinləmədə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov deyib.
Nazir müavini qeyd edib ki, “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası”nda ikinci əsas istiqamət data və infrastrukturla bağlıdır: “İlk mərhələdə ölkədə “Nvidia” şirkətinin qrafik çipsetlərinə əsaslanan infrastruktur artıq qurulub. “AZCON Holding”in tabeliyində olan “Azintelecom” şirkəti tərəfindən qrafik çipsetlərdən ibarət superkompüter mərkəzi artıq ötən ilin noyabr ayında istifadəyə verilib. 32 qrafik çipsetdən ibarət bu mərkəz bu gün müxtəlif dövlət qurumlarına və özəl sektor nümayəndələrinə həm süni intellekt modellərinin hazırlanması və inkişafı, həm də onların istifadəsi ilə bağlı xidmətlər göstərir”.
Saməddin Əsədov vurğulayıb ki, 30 çipset Azərbaycanın ehtiyacları üçün həqiqətən çox azdır:
“O cümlədən İqtisadiyyat Nazirliyi də bu istiqamətdə fəaliyyət göstərir və onlar da yeni superkompüterlər qururlar. İnanırıq ki, yaxın gələcəkdə bu superkompüterlərin həcmi dəfələrlə artmalıdır. Prezident İlham Əliyev öz çıxışlarında Azərbaycanın süni intellekt və infrastruktur sahəsində regional mərkəzə çevrilməsi kimi bir vəzifə qarşısında qoyub. Biz bu sahədə “hyperscaler” deyilən dünyanın aparıcı şirkətləri ilə artıq danışıqlara başlayırıq. Bunlar “Amazon Web Services”, “Google Cloud” və “Microsoft Azure” kimi böyük şirkətlərdir. Son illər tendensiya göstərir ki, bu hyperscaler şirkətləri özləri data mərkəzləri artıq qurmurlar. Data mərkəzlərinin qurulması üzrə yeni bir şirkətlər siyahısı yaranıb. Bunlara “Neo Cloud”, yəni yeni bulud şirkətləri deyilir. Biz bu yeni cloud şirkətləri ilə həm biz, həm də İqtisadiyyat Nazirliyi ortaq şəkildə fəaliyyət göstərərək danışıqlara başlamışıq. Ümid edirik ki, yaxın gələcəkdə ölkəmizdə təkcə ölkə səviyyəsində deyil, regional səviyyədə də ən böyük süni intellekt infrastrukturu qurula biləcək”.
“Ötən ildən ədliyyə sistemində “e-Qanun” süni intellekt həlli tətbiq olunub. Hazırda elektron məhkəmə sahəsində də aktiv işlər görülür. Amma bu sadəcə deyilənlərdən bir hissəsidir. Kənd Təsərrüfatı Nazirliyində də çoxsaylı süni intellekt həllərinin olduğunu gördük. Bu, təbii ki, bizi sevindirir. Oxşar layihələr digər mərkəzi icra hakimiyyəti orqanlarında da həyata keçirilir. İstər təhsil sahəsində olsun, istər digər sahələrdə bu işlər görülür. Gördüyümüz ondan ibarətdir ki, yaxın zamanlarda həm süni intellekt alqoritmləri, həm də süni intellekt infrastrukturu inkişaf edəcək”, - deyə nazir müavini əlavə edib.