Psixoloqlara müraciət edənlərin sayı artıb Psixoloqlara müraciət edənlərin sayı artıb

Dünyanın sonu ilə bağlı xəbərləri “Coca-Cola” yayır?

Psixoloqlara müraciət edənlərin sayı artıb



21 dekabrda dünyanın sonu olacağı ilə bağlı xəbərlər psixoloqlara müraciətləri artırıb. Psixoloq Dəyanət Rzayev AzNews.az-a bildirib ki, xüsusilə nevroz xəstələrinə qiyamət xəbərləri daha ciddi təsirlər göstərir, dərman qəbulu artır: "Nevrozlardan müraciətlər artıb, düzdür onlar bu xəbərlərin həqiqəti əks etdirdiyinə inanmırlar. Amma bununla belə narahatlıqları var".

21 dekabr barədə məlumatların iqtisadi maraqlara hesablandığını deyən D.Rzayev deyib: "Dünyadakı maliyyə böhranı bəzi koorparasiyaları hətta müflisləşmə həddinə gətirib. Təsdiqlənmiş faktdır ki, insan həyəcanlananda, stress keçirəndə əsasən çoxlu maye qəbul edir, məsələn "Kola" və ya "Pepsi" içir. Həmçinin qida qəbulu da artır. Belə korporasiyaların isə bütün dünyada satış şəbəkəsi var. Belə olan halda insanları həyəcanlandırmaq məhz onların satışını artırır. 10 il sonra bəlkə də bu məlumatlar açıqlanacaq, sənədli filmlər hazırlanacaq. Niyə Dalay Lama dünyanın sonu barədə proqnozunu məhz NASA-ya verdi, dünyanın başqa ölkəsinə yox?"

D.Rzayev qiyamət xəbərlərindən əsasən kişilərin təsirləndiyini bildirib ki, bu da kişilərdə nevrozun daha çox müşahidə olunması ilə bağlıdır. Yaş qrupuna gəlincə isə, yayılan xəbərlər 25-45 yaşlı şəxsləri daha çox həyəcanlandırıb.

Psixoloq Azad İsazadə isə deyir ki, 21 dekabra yaxınlaşdıqca müraciətlərin sayının daha da artacağı gözlənilir: "İndiki halda konkret bu məsələ ilə bağlı olmasa da müraciətlərdə narahatlıqlar hiss edilir. Bir azdan yəqin ki, birbaşa müraciətlər başlayacaq".

Belə xəbərlərin insanlarda gərginlik yaratdığını, hətta intihara belə yol aça biləcəyini istisna etməyən psixoloq, müraciət edənlər arasında 14 yaşlı yeniyetmə ilə yanaşı 70 yaşlı qocanın da olduğunu bildirib.

Elnarə Əlosmanqızı
AzNews.az