- Köhnə - Cəmiyyət
- 24 Noyabr 2016 14:47
- 8 510
Qərb Universitetində multikulturalizmlə bağlı konfrans keçirilib - Foto

Noyabrın 24-də Qərb Universiteti Gender Araşdırmaları Mərkəzinin və Beynəlxalq Multikultural Şəbəkənin təşkilatçılığı ilə “Azərbaycanın multikulturalizm modelinin inkişaf perspektivlərində tələbə və gənclərin rolunun artırılmasına dəstək” mövzusunda tədbir keçirib.
AzNews.az xəbər verir ki, tədbirdə çıxış edən Qərb Universitetinin İngilis Filologiyası kafedrasının professoru, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Azad Məmmədov multikulturalizmin "tolerantlıq, qarşılıqlı anlaşma və qarşılıqlı hörmət" adlanan üç əsas hissədən ibarət olduğunu qeyd edib. Azad Məmmədov eyni zamanda 2016-cı ilin "Multikulturalizm ili" elan olunmasını, "Azərbaycan multikulturalizmi" fənninin tədrisinin əhəmiyyətini və bu fənni keçən tələbələrin yay və qış məktəblərində iştirakını da vurğulayıb.
Qərb Universiteti Gender Araşdırmaları Mərkəzinin İdarə heyətinin üzvü Sevdagül Əliyeva Azərbaycandakı multikultural şəraitdə qadınların rolu mövzusunda ətraflı məlumat verib. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Layihələr şöbəsinin rəhbəri Sərxanbəy Xuduyev multikulturalizmin Azərbaycan modelində gənclərin rolundan,"Azərbaycanın gənc dostları klubu"ndan söz açdı, eyni zamanda Azərbaycan modelinin 15 ölkə və 16 universitetdə təmsil olunmasını qeyd edib.
Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rəsmi nümayəndəsinin və Qərb Universiteti Tələbə Gənclər Təşkilatının sədri Eltur Qasımovun multikulturalizm haqqında ümumi məlumatından sonra, son olaraq, Beynəlxalq Multikultural Şəbəkənin rəhbəri Xəyalə Məmmədova çıxışında Azərbaycanın atdığı multikultural addımların əhəmiyyətindən, müxtəlif dövlətlərin idarəetmədə multikultural dəyərlərindən, tolerantlıq siyasətindən danışıb.
Tədbirin sonunda tələbələrin mövzu ətrafında sualları cavablandırılıb.



