Vergilər Nazirliyi Kəbirə Məmmədovanı “vurdu”

«Kassa aparatlarının quraşdırılması ilə əlaqədar sahibkarların etirazlarının səbəbi bazar rəhbərliyinin sahibkarlara düzgün izahat verməməsidir”.





"APA-Economics"in məlumatına görə, bu barədə vergilər nazirinin 1-ci müavini Natiq Əmirov bildirib.Onun sözlərinə görə, Vergilər Nazirliyi "Binə" və "Sədərək" ticarət yarmarkalarındakı ticarət sahələrinin kassa aparatları ilə təmin edilməsi üçün həmin mərkəzlərin rəhbərləri ilə hələ 2012-ci ildən iş aparır: "2012-ci ildə həmin markaların rəhbərlərinin və Vergilər Nazirliyinin vəzifəli şəxslərinin iştirakı ilə müşavirə keçirildi və onlara daha bir il müddət verildi ki, uçot başa çatdırsınlar. Yəni 2013-cü ilin sonunadək orada qeydiyyatda olan sahibkarlar qeydiyyata alınmalı, burada kassa aparatları quraşdırılmalı, əmək müqavilələri bağlanmalı və 2013-cü ildən etibarən vergi qanunvericiliyinə əməl edilməli, vergilər dövlət büdcəsinə ödənilməlidir".

N.Əmirov bildirib ki, sahibkarlar və bazarın rəhbərliyi arasında münasibətlər icarə müqavilələri əsasında tənzimlənməlidir: "Bəzi sahibkarlar bildirir ki, icarə haqqı ödənirsə, kassa aparatları və vergi ödənilməsi nəyə lazımdır? Fikrimcə, bunun səbəbi bazar rəhbərliyinin sahibkarlara müəyyən mənada lazımi izahat verməməsi nəticəsində yaranan anlaşılmazlıqdır".

Nazir müavini bildirib ki, adı çəkilən ticarət mərkəzindən kənarda da sahibkarların əksəriyyəti kommersiya obyektlərində icarə əsasında fəaliyyət göstərir, amma onlar vergiləri ödəyirlər: "Yəni obyekti icarəyə götürmək heç kəsi vergi ödənişindən azad etmir. Sahibkar icarə haqqı ilə yanaşı, kassa aparatına çek vurmalı və gəlirlərindən vergi də ödəməlidir. Hesab edirəm ki, bu anlaşılmazlıq sahibkarlara lazımi izahatın verilməməsi nəticəsində baş verib".

N.Əmirov deyib ki, nazirlik həm "Binə", həm də "Sədərək" mərkəzlərində xidmət məntəqələri yaradıb: "Bu məntəqələr sahibkarların uçota durmasına, onların bəyannamələrinin tərtib edilməsinə, bəyannamələrin elektron şəkildə göndərilməsinə köməklik etməyə hazırdır". Nazirlik rəsmisi sahibkarları icarə haqqının müqabilində vergilərin ödənilməyəcəyi barədə verilən vədlərə inanmamağa çağırıb: "Bu bazar rəhbərliyi də, digər şəxslər də ola bilər. Kimsə sizə "mən sizdən vergi də alıram" sözünü deyirsə, burada yanlışlıq var. Dövlət büdcəsindən kənara istənilən ödəniş vergi deyil".