Yol Polisi: “Dövlət nömrə nişanının üzərində bayrağı silən şəxs cərimələnəcək” - FOTO

Sosial şəbəkədə avtomobildəki dövlət nömrə nişanının üzərində Azərbaycanın milli bayrağının silinməsi ilə bağlı şəkil paylaşılıb. Bəziləri avtomobil sahibinin bunu qəsdən etdiyini düşünür. Bununla bağlı DİN Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev Modern.az-a açıqlamasında bildirib ki, bunu kimsə qəsdən pozmaq istəməz. Şöbə rəisinin sözlərinə görə, bunu edən şəxs bilməlidir ki, məsuliyyətə cəlb olunacaq.

"Bu addımı atan şəxs bilir ki, bununla standartın tələbini pozur. Bu baxımdan niyə onu qəsdən etsin? Belədə həmin nəqliyyat vasitələrinin nömrə nişanları qeyri-standart hesab edilir. "Yol hərəkəti haqqında" qanuna edilmiş 1 saylı əlavənin 7-ci hissənin 10-cu bəndində göstərilir ki, nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanları müvafiq tələblərə cavab vermədikdə həmin avtomobilin istismarının qadağan edilməsinə səbəb var.

Bu hallarda həmin nəqliyyat vasitəsi saxlanılır və nəqliyyat vasitəsinə verilmiş dövlət qeydiyyat nişanı dəyişdirildikdən, mövcud tələblərə cavab verən dövlət qeydiyyat nişanları ilə təmin olunduqdan sonra həmin nəqliyyat vasitəsi buraxılır. Həmin nəqliyyat vasitələrinin dövlət nişanlarının yazılarında müəyyən dəyişiklik ola bilər, yəni qopub və yaxud qəsdən deyil, yuyulma nəticəsində bayrağın rəngi gedə bilər. Müəyyən texniki səbəblər ola bilər. Yəni qəsdən törədilməyən hallardısa, belə hallarda nəqliyyat vasitəsinin sürücüsünə 40 manat cərimə nəzərdə tutulur. Nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanı saxta və qeyri-standart olarsa, mövcud standartlara deyil, köhnə standartlara uyğun olanda, o zaman bu inzibati xətaya görə, 60 manat cərimə nəzərdə tutulur və həmin qayda pozuntusu 4 balla qiymətləndirilir".

AzNews.az