Bakı-İstanbul reysində şübhəli çanta

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda xarici valyutanın ölkənin gömrük sərhədindən bəyan etməməklə keçirilməsinə cəhdin qarşısını alıblar.

AzNews.az Dövlət Gömrük Komitəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Bakı-İstanbul aviareysilə getmək istəyən Azərbaycan Respublikası vətəndaşının çantaları rentgen aparatından keçirilərkən monitorda kağız pula bənzər təsvirlər görünüb. Həmin şəxs gömrük əməkdaşı tərəfindən saxlanılıb və ona məxsus çantalar təkrar yoxlanılıb.

Nəticədə, çantalardan birinin içərisində əvvəlcədən gömrük nəzarətinə təqdim edilməmiş, şifahi, elektron və ya kağız üzərində yazılı formada bəyan edilməmiş 400 ədəd - hər biri 100 ABŞ dolları nominalında əsginaslar olmaqla, cəmi 40.000 ABŞ dolları, digər çantanın içərisində isə 200 ədəd - hər biri 100 ABŞ dolları nominalında əsginaslar olmaqla, cəmi 20.000 ABŞ dolları aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.