Müəllimlər Əkrəm Əylisliyə qarşı

Səbail rayonundakı Milli Qəhrəman Eldar Məmmədov adına 189 №-li məktəbin Azərbaycan dili və ədəbiyyat fənn metodbirləşməsi "Daş yuxular" adlı əsəri ilə ictimaiyyətin qəzəbinə tuş gələn Əkrəm Əylislinin "Ürək yaman şeydir" hekayəsinin proqramdan və dərslikdən çıxarılması təklifi ilə çıxış edib.

Əlaqədar qurumların diqqətini bu məsələyə cəlb edən müəllimlər bildirib ki, 9-cu sinif Azərbaycan ədəbiyyatına dair tədris proqramında görkəmli simalar və onların ən gözəl, oxunaqlı və tərbiyəvi xarakterdə olan əsərləri tədris olunur: "C.Cabbarlı ("Ana"), Səməd Vurğun ("Mən tələsmirəm"), A.İldırım ("Əsir Azərbaycan"), Ə.Cavad ("Göy Göl"), H.Cavid ("Ana"), M.Müşfiq ("Yenə o bağ olaydı") M.İbrahimov ("Gələcək gün") B.Vahabzadə, və Xəlil Rzanın dil mövzusunda şeirləri, M.Araz yaradıcılığı şagirdlərdə yüksək estetik zövq tərbiyə etməklə yanaşı, onlara vətənpərvərlik ruhu da aşılayır. Bu kimi yazarlarla yanaşı, artıq neçə illərdir ki, Əkrəm Əylislinin həyat və yaradıcılığı və onun "Ürək yaman şeydir..." hekayəsi də tədris edilir. Bu illər ərzində nə dərslik, nə də ki proqram materialında dəyişiklik edilmədiyindən hər il bu mövzu keçilir və əsər "Əxlaqi keyfiyyətlərin qorunması ideyasının bədii inikas özünəməxsusluğu" adı altında geniş təhlil edilir. 9-cular ədəbiyyatı həvəslə, məmnuniyyətlə qiraət edir, təhlildə sərbəst, maraqlı, orijinal fikirlər söyləyirlər".

"Ürək yaman şeydir..." hekayəsində də insan surətlərinin olduğunu bildirən Azərbaycan dili və ədəbiyyat müəllimi
Rzayeva Təranənin sözlərinə görə, hekayənin bu gün oxunacağı inandırıcı deyil: "9-cu sinif şagirdinə, yeniyetməyə, ailəsində Qarabağ acısı, qaçqınlıq, köçkünlük həyatı yaşamış gənci necə vadar edək bu hekayəni oxumağa? O buna da bir "yuxu" kimi baxacaq və yalanla, xəyanətlə dolu yuxunu "görmək" istəməyəcək. Hekayədəki doğma yurd üçün burnunun ucu göynəyən, kəndinin hər ağacına, koluna, hətta pişpişəyə də salam göndərən Əjdər də, satqınlığın nə olduğunu bilməyən saf Sərvər də, hər dərsdə igidlikdən cəsarətdən və hər cür düşmənə qarşı həmişə ayıq-sayıq olmaqdan danışan Buzbulaq kənd məktəbinin direktoru Zinyər Şəkərək qızı da yuxuya çevrildi. Uşaqlar nə surətlərin, nə də müəllifin səmimiliyinə inanacaqlar. Bu günün vətənpərvər gənci, dəliqanlısı "Daş yuxu"dan sonra daha heç nəyə inanmır. Həyat həqiqətini bu qədər danan, millətə xəyanət edən, xalqa xain çıxan, onun mənliyini, heysiyyətini tapdayan, əzən kəsə yalnız nifrət var. Həqiqəti görməyən, onu danan kordur. Həqiqəti yazdığını iddia edən müəllif Bağanis Ayrın faciəsini, Xocalı soyqırımını, Daşaltı acısını, vertolyot qəzasını, illər boyu törədilmiş qanlı terror aktlarını, soydaşlarımızın əzəli dədə-baba yurdlarından didərgin salınmasını, dinc əhaliyə tutulan divanı, cəsədlərin təhqir edilməsini...... necə unuda bilər?! Bəs bunlar həqiqət deyilmi?"

Elnarə Əlosmanqızı
AzNews.az