Tanınmış jurnalist Baş Polis İdarəsinə çağırıldı - Yenidən cinayət işi açıldı

Tanınmış jurnalist Bahar Rüstəmlinin evində baş verən oğurluq hadisəsi ilə bağlı yenidən cinayət işi açılıb.

Bu barədə AzNews.az-a jurnalistin özü məlumat verib. O, bildirib ki, keçən il - 2017-ci il fevral ayının 8-də yaşadığı mənzildə baş verən oğurluq hadisəsi ilə əlaqədar dünən, yəni 2018-ci il martın 5-də Bakı Şəhər Baş Polis İdarəsinə çağırılıb:

“Cinayət-axtarış idarəsinin rəisi məni qəbul etdi. Evimdə baş verən hadisə ilə bağlı ətraflı məlumat verdim. Bildirdim ki, hadisə ilə əlaqədar həmin vaxt Binəqədi Rayon Polis İdarəsində cinayət işi acılıb, amma buna baxmayaraq, cinayətkarlar hələ də azadlıqda gəzir. Hadisə ilə bağlı quruma hər dəfə zəng edəndə “hələ bir iz yoxdur” deyirlər. Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları evimə girən oğruların tezliklə tapılıb həbs olunması üçün əllərindən gələn dəstəyi verəcəklərini bildirdilər. Əminəm ki, cinayətkar həbs olunacaq və mənə dəyən ziyan ödəniləcək”.

Xatırladaq ki, 2017-ci ilin fevral ayının 8-də Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsində tanınmış jurnalist Bahar Rüstəmlinin evi qarət olunub. Naməlum şəxslər jurnalistin həyət evindən ona məxsus, təxminən 1500-2000 manat dəyərində qızıl-zinət əşyalarını oğurlayıblar.