«Zahid Orucun aqrar sektordan anlayışı yoxdur» «Zahid Orucun aqrar sektordan anlayışı yoxdur»

Nazirlikdən deputatlara sərt reaksiya

«Zahid Orucun aqrar sektordan anlayışı yoxdur»



Kənd Təsərrüfatı Nazirliyi (KTN) millət vəkillərinin bu qurumun binasının Bakıdan çıxarılmasına dair təkliflərinə münasibət bildirib.

Nazirliyin bitkiçilik şöbəsinin müdiri Sabir Vəliyev Teleqraf.com-a bildirib ki, KTN-in binasının Bakıdan çıxarılmasına dair təkilif irəli sürən millət vəkillərinin aqrar sektorla bağlı bilikləri aşağı səviyyədədir: "Deputat olmaqla deyil, gərək biliyin, təcrübən olsun. İnsanın bilmədiyi məsələlər barədə danışması yaxşı hal deyil. Xüsusilə də, əgər bu şəxs deputatdırsa, bu, daha pisdir".

Qeyd edək ki, millət vəkilləri Zahid Oruc və Aqil Abbas şəhərdə sıxlığın aradan qaldırılması üçün KTN-in Bakıdan çıxarılmasını təklif ediblər. Millət vəkilləri düşünürlər ki, nazirlik kəndlərə daha yaxın olmalıdır.

S.Vəliyev isə hesab edir ki, əsas problem KTN-ın harada yerləşməsi yox, onun səlahiyyətlərinin əlindən alınmasıdır: "Meliorasiya və Su Təsərrüfatı İdarəsi, İqtisadi İnkişaf Nazirliyi Yanında İstehlakçı Hüquqlarının Müdafiəsi Departamenti, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin balıqçılıqla bağlı səlahiyyətləri KTN-nə verilməlidir. Türkiyədə Kənd Təsərrüfatı Nazirliyinin geniş səlahiyyətləri var. Bizim isə Bakı şəhərində binamız qalıb ki, onu da əlimizdən almaq istəyirlər. Sonra da deyirlər ki, niyə aqrar sektor inkişaf etmir? Belə münasibətlə kənd təsərrüfatını inkişaf etdirmək olar? Nazirliyin adında "Kənd" sözünün olması o demək deyil ki, biz də kənddə olmalıyıq? Ona qalsa, aerokosmik agentlik gərək Marsda fəaliyyət göstərsin. Hərəsi özünə bir partiya yaradıb bizə, xalqa dərs keçir. Hər birimizin, eləcə də, deputatların sağlamlığı, həyatı kənddən asılıdır. Zahid Orucun aqrar sektordan anlayışı yoxdur, olsaydı belə danışmazdı. Ona qalsa məndə deyərəm ki, Bərdənin, Ağdamın, Ağcabədinin deputatlarını Bakıdan çıxaraq".

AzNews.az