AzNews.az xəbər portalının suallarını “Yeni Azərbaycan” Partiyasının üzvü, sosial şəbəkələrdə öz siyasi fəallığı ilə seçilən Zümrüd Abbas cavablandırır. AzNews.az xəbər portalının suallarını “Yeni Azərbaycan” Partiyasının üzvü, sosial şəbəkələrdə öz siyasi fəallığı ilə seçilən Zümrüd Abbas cavablandırır.

“Vəzifə pəncərəsi xoş mənzərəyə açılan rahat kabinet deyil” - Zümrüd Abbas

AzNews.az xəbər portalının suallarını “Yeni Azərbaycan” Partiyasının üzvü, sosial şəbəkələrdə öz siyasi fəallığı ilə seçilən Zümrüd Abbas cavablandırır.

- Zümrüd xanım, social şəbəkələrdə, xüsusən də "Facebook"da çox fəalsınız. Sizi izləyənlərin sayı da durmadan artır. Bu fəallığın motivasiyası nə ilə bağlıdır?

- Məlumdur ki,qloballaşan dünyada informasiya baxımından sosial şəbəkənin rolu və yeri danılmazdır. Bu sferada "Facebook" və "Twitter" kimi sosial şəbəkələrin istifadəçiləri geniş və ciddi auditoriyanı əhatə etdiyi üçün izləyici kütləsi daha da aktivdir. Bu gün internet xəbər portallarında dərc olunan və maraq doğuran hər hansı bir hadisə mobil sürətlə yayılır və istifadəçilərin geniş müzakirəsinə, marağına səbəb olur. Bəzən də hansısa bir əyalətdə, ucqar kənddə baş verən bir hadisəyə sosial şəbəkə üzərindən bilidrilən münasibət həmin problemin qısa bir zaman çərçivəsində həllinə yol açır.Təbii ki, bütün bunları sosial şəbəkələrin həyatımızdakı rolunun müsbət tərəfləri qiymətləndirmək olar.

- Neçə ildir sosial şəbəkələrdə fəalsınız?

- Artıq 5 ildir ki, mən "Facebook" və "Twitter"dən səmərəli istifadə edirəm, ölkəmizdə və dünyada baş verən ən son ictimai-siyasi, iqtisadi, sosial hadisələri böyük maraqla, ardıcıl şəkildə izləyirəm və çox vaxt dostlarım arasında paylaşıram. Hesab edirəm ki, bu da normaldır. Razılaşın ki, hər birimiz XXI əsri internet əsri olaraq dəyərləndirik. Elə bu səbəbdən də hər birimiz zamanın tələblərinə, çağırışlarına reaksiya veririk.

- "Facebok"da mütəmadi olaraq hakimiyyəti müdafiə edən paylaşımlar edirsiniz və canlı yayımlarda müxalif qüvvələrə qarşı öz mövqeyinizi bildirirsiniz. Maraqlıdır, reaksiyalar necə olur? Facebookda iqtidaryönlü olmaq çətin deyil ki?

- Hər şeydən öncə Azərbaycanlıyam. Qarabağda dünyaya göz açmışam. Ermənistan- Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ağrı və acısı ilə arzuolunmaz bir şəraitdə böyümüşəm, uşaqlığımız müharibənin ağır şərtləri altında keçib, yeniyetməlik və gənclik illərimiz dövlətimizin çətin sınaqlar qarşısında formalaşma mərhələsinə düşüb. Ona görə tam səmimi şəkildə düşünürəm və bunu da açıq bəyan edirəm ki, müstəqilliyimizin ilk illərində ölkəmizi bürüyən xaosdan, xalqımızı vətəndaş müharibəsinə sürükləyən iqtisadi və sosial böhrandan xilas edərək biz vətəndaşları xoşbəxt gələcəyə aparan, tam təhlükəsiz şəraitlə təmin edən, bütün gücü, möhkəm iradəsi və əzmi ilə inkişaf yoluna çıxaran ölkə rəhbərlərini müdafiə etmək, onun qurub yaratdığı dövləti təmənnasız sevmək və dəstəkləmək nəinki mənim, bütün gücüylə öz vətəninə, xalqına bağlı hər bir azərbaycanlının mənəvi haqqıdır.

- Bəs, əks reaksiyaları necə qarşılayırsız? Açığı sosial şəbəkələrdə heç bir əndazə gözləməyənlər də az deyil...

- Bu gün biz demokratik və sivil, qanunlarla idarə olunan bir ölkədə yaşayırıq. Ölkəmizdə söz və fikir azadlığı mövcuddur. Bu baxımdan mən də "Facebook"da siyasi mövzuların müzakirəsində iştirak edirəm və müəyyən məsələlərlə bağlı münasibət bildirməkdən çəkinmirəm. Düzdür, bəzən xoşagəlməz hallarla, hətta hədə və təhdidlərlə qarşılaşıram, bu məni ruhdan salmır... Bütün bunlara baxmayaraq ən çox "inbox"ma gələn dəstək mesajları, xoş sözlər, düşüncələrimə normal münasibətin olduğunu göstərir. Jurnalistlər də hər zaman diqqət göstərirlər. Hətta əksər hallarda məni jurnalist hesab edirlər. Ali jurnalistika təhsilim var. Əyani şöbədə təhsil almışam və bu, ilk ixtisasımdır. Zaman-zaman məqalələrim də işıq üzü görüb, lakin bu sahədə çalışmamışam.

- Nə zamandan YAP-ın üzvüsünüz? Bilmək istərdik ki,YAP üzvü olaraq fəallığınız ancaq sosial şəbəkədən ibarətdir?

- Etiraf edim ki,bu sual verməyiniz lap yerinə düşdü. Xüsusi qeyd etmək istərdim ki, YAP-ın üzvü olmaq üçün 18 yaşımın tamamını səbrsizliklə gözləyirdim. Mənim hakim partiyaya üzv olmağım heç də təsadüfü deyil, bunun çox geniş və ailəmiz üçün böyük bir tarixçəsi var...

- Danışa bilərsiniz?

- Bilirsiz ki, Füzüli rayonunda anadan olmuşam. Məlum hadisələrlə bağlı biz doğma torpağımızdan,əzəli və əbədi ata-baba yurdumuzdan didərgin salınmışıq. O zamandan etibarən uşaqlıq xəyallarımız öz ünvanını dəyişdi, köçkün həyatı yaşadıq... 1993-94 -cü illərdə məcburi köçkünlərin müvvəqqəti məskunlaşması üçün Biləsuvar rayonu ərazisində "Çadır şəhərciyi" salınmışdı. Atamın işi ilə bağlı bir neçə il biz də orada yaşamalı olduq. Digər bacılarım və qardaşlarımla birgə orada 23 saylı tam orta məktəbi bitirdik. Artıq yaşım partiya sıralarına qoşulmağıma imkan verirdi. Atam bu sahədə məni kifayət qədər maarifləndirmişdi. O, bu addımımda mənə dəstək idi. Vaxt itirmədən partiyaya üzv qəbul olunmağım üçün tələb olunan sənədləri hazırladım və YAP-in yerli qurumuna təqdim etdim. Çox keçmədi ki, mənim partiya sıralarına üzv qəbul olnduğumu təsdiq edən vəsiqəmi təqdim etdilər. Bilmirəm ki, o hissləri sizə necə izah edim. Həmin gün elə bilirdim həmyaşıdlarım arasında ən uğurlu insan mənəm. Atam məni təbrik etdi və dedi: “Sən artıq müstəqil bir insansan, bu yolda qərarlarını özün verməlisən və sona kimi heç nədən qorxmamalısan”. Atamın o sözü mənə kifayət idi.. Bir neçə aydan sonra yaşadığımız şəhərciyə Bakıdan YAP Mərkəzi Aparatının məsul şəxsləri gəlmişdir. Konfransa hazırlıq iclası keçirdirdilər. Mən də dəvət almışdım və həmin iclasda gənclər adından çıxış etdim, seçilən 4 konfrans nümayəndəsindən biri də mən idim. Bu günə kimi o mandatı saxlayıram. YAP-ın üzvü olmaqdan hər zaman qürur hissi keçirmişəm. 2012-2017 -ci ilin oktyabr ayına kimi YAP-ın Füzuli Rayon Təşkilatının Bakı və Sumqayıt şəhərləri üzrə aparıcı Baş məsləhətçisi vəzifəsində çalışmışam. İşlədiyim müddətdə bir çox əhəmiyyətli tədbirlərdə fəal iştirakıma görə diplom və fəxri fərmanlarla təltif olunmuşam. 2014-cü ildən isə YAP-ın Füzuli RT- nın Gənclər Birliyinin sədr müavini, ictimai və siyasi şurasının üzvüyəm.

- Bu gün gənc kadırlar müəyyən vəzifələrdə təmsil olunur və doğrusu müsbət reputasiya qazanır. Siz idarəçilikdə gəncləşməni necə qiymətləndirirsiniz?

- Məlumdur ki,ölkəmizdə aparılan gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsini təşkil edir. Müstəqil dövlətimizdə gənclər siyasəti çox uğurla və ardıcıl şəkildə həyata keçirilir, eləcə də onların yüksək vəzifələrdə təmsil olunması, intelektual kadrlara münbit şəraitin yaradılması gənclərin dostu və lideri olan cənab prezident İlham Əliyevin yüksək diqqət və qayğısının, gənclərə hədsiz inamın və etimadın sayəsində mümkün olur. Bu gün bacarıqlı və savadlı kadrlarımız yalnız öz ölkəmizdə deyil, xaricdə də Azərbaycan adına müsbət işlər görürlər. Düşünürəm ki, gənclərimizin ictimai şəxsiyyət kimi formalaşmalarında onlara vaxtında verilən dəyər, göstərilən dəstək müstəqil Azərbaycan dövlətinin parlaq gələcəyinə, inkişaf konsepsiyasına yetkinliklə verilən səs və ən gözəl tövhədir.

- Bəs, Sizi hər hansı bir vəzifəyə təyinat gözləyirmi?

- Universiteti bitirdiyim ərəfədə uzun müddət özəl sektorda, tədris mərkəzində "baş və icraçı direktor" kimi vəzifələrdə çalışmışam. Daha sonra başqa işə keçmişəm. Zənnimcə, vəzifə pəncərəsi xoş bir mənzərəyə açılan rahat kabinet deyil. Heç yaxınların, dost-tanışların xahişlərini yerinə yetirmək vasitəsi də deyil. Hər hansı bir məsul işə təyinat almağıma gəldikdə isə bu barədə konkret fikir səsləndirmək doğru olmaz... Mən reallığı sevən insanam. Əlbəttə ki, özümü tam hazır hiss etdiyim və öhdəsindən layiqincə gələ biləcəyim işlərdə çalışmaq, insanların problemləri ilə yaxından tanış olmaq, onlara kömək etmək və dəstək olmaq iş prinsipimin əsasını təşkil edər. Gəlin hər şeyi zamana buraxaq. Güman edirəm ki, həllini gözləyən bir çox məsələləri, sağlam məqsəd və istəkləri tam obyektiv realizə edən, hadisələrə ən doğru qiyməti verən zamandır. Ümid edək ki,o yetişəndə hər kəs öz layiqli yerini tutacaq, mükafatını alacaqdır.

- Siz həm də futbol azarkeşisiniz. Sonda bundan da danışmanız yaxşı olardı.

- Azərbaycan idmanı sözün bütün mənalarında özünün yüksəliş dövrünü yaşayır. Şübhəsiz ki, bu gün ölkəmizdə mühüm və aktual mövzularda qlobal əhəmiyyət kəs edən sammitlərin, beynəlxalq forum və konfransların və eləcə də idman yarışlarının keçirilməsi yeniliklərə açıq olan hər kəs üçün maraq doğuran bir ənənəyə çevrilib. Ölkəmizdə idmanın inkişafı beynəlxalq əməkdaşlığa, ölkələr arası münasibətlərin güclənməsinə xidmət edir. Bu gün Azərbaycan dünya səviyyəli idmançıları ilə yanaşı, həm də idman ölkəsi kimi tanınır, sevilir və ən əsası Cənab prezidentimizin apardığı idman siyasəti, idmana və idmançılara verdiyi dəyər rəğbətlə qarşılanır. Bu, bizim ölkə üçün olduqca çox vacib və əhəmiyyətlidir. Son illərdə Bakıda keçirilən beynəlxalq idman yarışları dövlətimizə qarşı olan marağın,inamın,siyasi sabitliyin bariz nümunəsi kimi dəyərləndirilir. Mən də ilk növbədə bir vətəndaş olaraq idmanı və idmanla bağlı bütün hadisələri izləyirəm. Demək olar ki,bu həvəs məndə uşaqlıqdan formalaşıb. Gündəlik həyatımda da idmana yer ayırıram, boş vaxtımda hobbim olan idman növləri ilə də vaxt keçirirəm. Futbola gəldikdə isə, yerli komandalardan "Qarabağ FK"-u favoritimdir. Son zamanlar bu klubun ardıcıl uğurları bizlərə futbolu bir daha sevdirib. Qarabağ artıq beynəlxalq yarışlarda da güclü rəqib kimi qəbul olunur. Bütün bunlar isə bir azərbaycanlı kimi məni və dostlarımı sevindirməyə bilməz.

Pərvanə AĞAZADƏ,
AzNews.az