“Jurnalistin müşahidəçilərdən az hüququ yoxdur”

"Jurnalistin müşahidə etməkdən başqa hüququ yoxdur"


Lent.az-ın verdiyi məlumata görə, bunu bu gün Mərkəzi Seçki Komissiyası və Azərbaycan Respublikasının Prezideni yanında Kütləvit İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) təşkilatçılığı ilə "Seçki prosesində KİV nümayəndələrinin fəaliyyətlərinin əsasları, onların hüquqları, vəzifələri və məsuliyyətləri" mövzusunda keçirilən konfransda Mərkəzi Seçki Komissiyasının sədrinin müavini Natiq Məmmədli söyləyib.

Natiq Məmmədov bildirib ki, jurnalist o iddiadadırsa ki, seçki prosesini o idarə edəcək, bu, kökündən səhvdir: "Jurnalistin heç bir üstünlüyü, yaxud müşahidəçilərdən az hüququ yoxdur. Jurnalist aldığı məlumatı ictimailəşdirə bilər. Beynəlxalq müşahidəçi məlumatı mərkəzə verməlidir, ictimailəşdirə bilməz".

Natiq Məmmədov dövlət tərəfindən jurnalist statusu tanınan şəxsin seçki prosesini müşahidə edə biləcəyini söyləyib: "Jurnalistin müşahidə etməkdən başqa hüququ yoxdur. Yəni kiminsə fikrini zorla dəyişdirmək, mübahisə etmək hüququ yoxdur. Jurnalist bu barədə məlumat verə, bununla bağlı səlahiyyətli orqanlardan münasibət öyrənə bilər. Jurnalist təhqiqat apara bilməz. Mən jurnalistəm, tez qanunsuzluğu aradan qaldırın… Təəssüf ki, jurnalist bunu edə bilməz. Mən bir videoçarxa baxırdım, seçki qutusuna topa bülleten atırdılar. Jurnalist bu halda prosesə müdaxilə edə bilməz".

Natiq Məmmədli beynəlxalq müşahidəçinin jurnalistə məlumat vermək hüququnun olmadığını nəzərə çatdırıb: "ATƏT-in qaydalarında da bu, əksini tapıb. Ancaq beynəlxalq müşahidəçilər də statuslarına görə fərqlənir və bəzən müəyyən beynəlxalq təşkilatlar beynəlxalq müşahidəçilərə jurnalistlərə məlumat verməyə icazə verir".

"Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli son dövrlər kütləvi aksiyalar zamanı "Azadlıq" qəzeti və bir sıra xarici KİV-lərin prosesə müdaxilə etdiyini qeyd edib və bununla bağlı Natiq Məmmədova sual ünvanlayıb. Natiq Məmmədov isə bildirib ki, söhbət hər hansı bir əqidənin, missiyanın, dünyagörüşün tərəfindən çıxış etməkdən gedirsə, iki ziddiyyətli məqam bir dəyər kimi təqdim oluna bilməz: "Biz hələ də KİV-lərin proseslərdə tam qanunauyğun fəaliyyətinə nail ola bilməmişik. Xüsusən, kənardan idarə olunan, yaxud bizim məkana daxil olmağı bacaran KİV-lər inadkarlıq nümayiş etdirirlər. Bu qurumlar seçki prosesinə qoşula bilməz. MSK bununla bağlı araşdırmalar aparıb, 3 dəfə bəyanat da verilib. Bu yayımla məşğul olan KİV-lərdən biri dünyanı fəth etmiş dövlətə məxsusdur, biri başqa bir nüfuzlu dövlətdə fəaliyyətdə göstərən KİV-dir. İkili standartlar olmamalıdır. Biz qanundan çıxış edirik. Hanısa KİV kiminsə lehinə, kiminsə əleyhinə təbliğat aparırsa, təşviqat sayılır. Bu halda bizi maraqlandırır ki, təşviqat kimin xeyrinə aparılır. Xeyrinə təşviqat aparılan şəxs bunun nəticəsində müəyyən etimad qazanıbsa, bu halda onun namizədliyinin ləğvinə əsas yaranır".

AzNews.az