“Pərviz Həşimli psixoloji sarsıntı keçirir”

Vəkil Bəhruz Bayramov MTN-in istintaq təcridxanasında saxlanılan jurnalist, hüquq müdafiəçisi Pərviz Həşimli ilə görüşüb.

O, "Bizim yol"a açıqlamasında bildirib ki, həbsdə olduğu müddətdə ailə üzvləri ilə telefonla belə danışmağa imkan verilməyən jurnalist psixoloji sarsıntı keçirir: "Müraciətlərini Milli Təhlükəsizlik Nazirliyindən kənara çıxmağa qoymurlar. Bundan əvvəl də nazir Eldar Mahmudova, ombudsman Elmira Süleymanovaya müraciətlər etmişdi. Amma heç bir reaksiya yoxdur. Pərviz nazirin və ombudsmanın onun saxlanma şəraitinə, hüquqlarının pozulmasına reaksiya verəcəyini gözləyir. Deyir ki, yalnız əsirlikdə olan insanı bu şəkildə təcrid edirlər, bu münasibət dəyişməlidir".

Pərviz Həşimlinin həyat yoldaşı İlahə Həşimova da prezidentə, milli təhlükəsizlik nazirinə, ombudsmana mətbuat vasitəsilə müraciət edib. O xahiş edib ki, heç olmasa 5 yaşlı övladına atası ilə telefonda danışmağa şərait yaratsınlar: "Zeynəb evimizdə keçirilən əməliyyat zamanı psixoloji sarsıntı keçirib, hazırda müalicə olunur. Həkimlər bildirirlər ki, müalicənin effekt verməsi üçün uşaq atasını görməli, səsini eşitməlidir".

Pərviz Həşimli "Bizim yol" qəzetinin parlament müxbiri, "Moderator.az" saytının direktoru, Siyasi və Mülki Hüquqların Müdafiəsi Mərkəzinin sədridir. O, sentyabrın 17-də digər Azərbaycan vətəndaşı Təvəkkül Qurbanovla birgə tutulub. Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsi onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silahın və döyüş sursatının qaçaqmalçılığı) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini və döyüş sursatını əldə etmə, saxlama, daşıma) maddələri ilə cinayət işinə başlayıb. Pərviz Həşimli və Təvəkkül Qurbanov barəsində həbs qətimkan tədbiri seçilib.

AzNews.az