Azərbaycanda 1000 uşaq şəkərli diabet xəstəsidir

2008-ci ildə Azərbaycanda 72 min şəkərli diabet xəstəsi qeydiyyatda olduğu halda, bu gün onların sayı 200 minə çatır. Trend-in məlumatına görə, Respublika Endokrinoloji Mərkəzin direktoru Rauf Cabbarov jurnalistlərə bildirib ki, şəkərli diabet bütün dünyada olduğu kimi, Azərbaycanda da geniş yayılıb.

Belə xəstələrin sayı ölkədə ildən-ilə artır. Onlara dövlət tərəfindən pulsuz dərmanlar və özünənəzarət aparatları verilir.

R.Cabbarov bildirib ki, Azərbaycanda şəkərli diabet xəstələrinin 85 faizi xəstəliyin 2-ci tipindən əziyyət çəkir. Başqa sözlə, onlar insulindən asılı deyillər: "Bu da insanların sağlam həyat tərzi sürməməsi ilə əlaqədardir. Artıq çəkili, az hərəkət edən, lazımi qida qəbul etməyən insanlarda bu xəstəliyə daha çox rast gəlinir. Bütün dünyada olduğu kimi, Azərbaycanda da artıq çəki problemi çox artıb. Əgər əvvəllər günün müəyyən saatlarında idmanla məşğul olurdularsa, indi onlar kompüter qarşısında daha çox otururlar".

Mərkəz direktorunun sözlərinə görə, Azərbaycanda uşaqlar arasında 1-ci tip şəkərli diabet, yəni insulindən asılı olan xəstəlik müşahidə edilir. Ölkədə təxminən 1000 uşaq şəkərli diabet xəstəsidir: "Uşaqlarda bu xəstəlik bir qədər ağır formada olur. Belə uşaqlar xəstəliyin ilk günündən insulindən istifadə etməlidirlər. Bəzən valideynlər müraciət edərək deyirlər ki, bəlkə uşaqlarına insulin vurulmasın, onlar pəhriz saxlasınlar.

Ancaq uşaqlar ilk gündən insulin terapiyada olmalıdırlar".
R.Cabbarov deyib ki, xəstəliyin fəsadlarını nəzərə alaraq, onun aradan qaldırılması ilə həkimlər və bütün ictimaiyyət məşğul olmalıdır: "Hazırda bütün dünyada şəkərli diabet xəstələrinin sayı 400 milyon nəfərə yaxındır. Hər 12-15 ildən bir xəstəliyin sayının artdığını və dağıdıcı təsirlərini nəzərə alaraq, bütün dövlətlər xəstəliklə birgə mübarizə aparmalıdırlar".

AzNews.az