Bakının ən bahalı şadlıq evindən REPORTAJ

Salyanlı iş adamı, "yetimlərin atası" Qurban Abbasovun oğlunun toy mərasimi Bakının sükutunu təkcə bəyin dostlarının "Gelandewagen" "karvanı" sürprizi ilə pozmadı.

Biznesmenin yeni istifadəyə verilən "Hollywood" şadlıq sarayında toy tutması da dillərə düşdü. Yayılan xəbərlərdən belə bəlli oldu ki, Q.Abbasovun məclisinin menyusu 200 manat təşkil edib.

Bu da "Buta" nı çıxmaqla "Hollywood"u ən bahalı menyu təqdim edən saray anlamına gətirir. Yaşayış minimumunun 116 manat təsdiqləndiyi, inflyasiyanın 3,3 faiz gözlənildiyi ölkədə 200 manatlıq menyu doğrusu diqqətimizi çəkdi.

Menyuda nələrin olduğunu, dillərə dastan olan "Gelandewagen" "karvanı"nın mənzillədiyi bu sarayın nə dərəcə yüksək dizayna, fərqliliyə sahib olduğunu canlı müşahidə etmək istədik.

Toy danışığı adı ilə həmkarım Nuronla birlikdə yol aldıq "Hollywood"a...


Qapıda bizi gözətçi qarşıladı. Nuron məqsədimizi ona söylədikdə bizi qapıdan keçirib admnistratorun sərəncamına verdi. O da öz növbəsində toy zalları, menyu, eləcə də restoranın bütün təklifləri ilə bizi tanış etdi. Etirafa edək ki, içərinin sarayın panoraması qədər möhtəşəm olmaması "toy sahibi" kimi məyusluğumuzun başlanğıcı oldu.

Belə ki, istənilən yaradıcılıq kimi, restoran da ilhamdan və ideyadan başlayır. Burada əsas birinci addımı düzgün atmaqdır. Pilləkənlərin ətrafındakı eskalatorları çıxmaq şərti ilə "Hollywood"un zallarının tərtibatı, dizaynı şəhərin ortabab, daha dəqiq desək, 2-ci dərəcəli sarayları səviyyəsindədir.

Xüsusilə dekorda sahibkarın uzman xəsisliyinə yol verməsi bütün yatırımını havaya sovurmasına gətirib çıxarıb.

Əvvala bir çox restoranlar kavralitdən xilas olduğu halda restorana mirvari və palıdı rəngdə kambinə olunmuş kavralit döşənib. Ağ klassik stol, stulları çəhrayı pərdələr müşayət edir.

Tavanda narıncı rəngin üstünlük təşkil etdiyi 60-cı illərin məşhur kobalt qablarına bənzədilməyə cəhd edilmiş işləmələrin isə saraya nə anlam verdiyi bilinmir.

Bir sözlə toya gələn müştəri "Hollywood"da təkcə yeyib-içib, rəqs etmir. Həm də yeddi rəngin "ahənginin" necə alınmasının təcrübəsinin "zövqünü" yaşayır.

120 manatlıq menyu ilə 150 manat arasındakı fərq


Bələdçinin sözlərindən öyrəndik ki, restoranın 2 menyusu var. Birinci "Standrat" adlanır, qiyməti 120 manatdan başlayır. Digər menyu isə "Premium"dur. Azərbaycan dilinə tərcümədə "Mükafat" olan menyunun qiyməti 150 manatdan start götürür. Əmək pensiyalarının orta məbləğindən cəmi 20 manat aşağı olan menyunun nəyinin "Mükafat" olmasını isə bir sahibkar bilir, bir də bu ideyanı onun başına qoyan ağıllı.

Hə, yeri gəlmişkən menyulara əlavə xidmətlər daxil deyil. Yəni fotoqrafı, musiqiçiləri, video çəklişləri toy sahibinin özü təşkil etməlidir. Bu barədə bir qədər sonra.

Keçək menyudakı təamların siyahısına. Görək qiymətləri adambaşına 120-150 manata fırladıb çıxaran nədir? "Standrat" , eləcə də "Premium", 50-70 manatlıq menyuları olan restoranların menyusundan nə ilə fərqlənir?

Deməli belə. Menyu "Standart"a qəlyanaltı kimi qara, qırmızı kürü, toyuq ləvəngisi, toyuq ruleti, turşu assorti (partulaq, kələm, pomidor, xiyar, alça), ət assortisi (karbonat, rulet, qızardılmış mal əti), blinçik (ətlə, kəsmiklə), balıq assortisi (qızıl balıq, paltus, isti hisə verilmiş balıq), siyənək, pendir assortisi, içi doldurulmuş jiqo, balıq sobada, bütöv nərə balığı, zeytun (qara, yaşıl), kolbasa assortisi, toyuq soyutma,tərəvəz (pomidor, xiyar, göyərti);

Salatlar - ət salatı, Krab salatı, "Sezar" salatı pələng krevetləri ilə, tərəvəz salatı küncüt ilə (kələm, cəfəri, xiyar, kök, qırmızı kələm), meyvə salatı, toyuq salatı, paytaxt salatı, isti qəlyanaltılar, çudu (ət və pendir), göbələk pendirlə, kömür üstə krevet, toyuq filesi kokosda;

İsti yeməklər - şampan içində balıq, lülə kəbab, dana basdırması, nərə balıqdan kəbab, badımcan kəbabı, pomidor kəbabı, istiot kəbabı, külləmə kartof, toyuq qanadları, plov "Fincan";

İçkilər - araq, konyak, çaxır, şampan, pivə, viski, təbii şirələr, mineral sular, limonad, enerji içki;

Desert - meyvə assortisi, quru meyvə assortisi; tort, dondurma, çay, qəhvə, kapuçino, meyvəli furşet buz fiqurları ilə, meyvəli bufet, müxtəlif şirniyyat; Bar xidməti.

150 manatlıq "Premium"un menyusu "Standart"dan suşisi, Qızıl balıq "Rikotta", Kalmar "Fri", balıq küncüt ilə, Quzu antrikotu sousda, Moskva dana ətindən koreyka, Şahzadə balıq, Marinadda kimi əlavələrlə fərqlənir. Yerdə qalan içkilər, disertlər, yemeklərin çoxu eyniyyət təşkil edir.

Birinci menyuda içkiləri və diserti çıxmaq şərti ilə toplam 41, ikinci də isə 42 təam var. Müqayisə üçün qeyd edək ki, "Yeganə" şadlıq sarayının menyusuna 48 təam daxildir. Musiqiçilər, şoular kranla çəkiliş menyuya daxil olmaqla qiymət 50 manatdan başlayır.

Başqa bir müqayisə. Şəhərin digər bahalı restoranlarından olan "Kral"ın menyusu eyni ilə 80-130, "Monte Kristo"nun 80-100, "Sarı gəlin"nin 60-90, "Platin"nin minimum 50, maksimum 120 manat arasında dəyişir.

Sual yaranır, əgər xammal kimi istifadə olunan məhsullar eynidirsə, niyə kabab "Monte Kristo"da ucuz, "Hollywood"da baha qiymətə təklif edilir? Məkanın yerləşdiyi ərazi qiymətləri şişirib, yoxsa suşi?

Xeyir. Suşinin tərkibi balıqdır. O da bizdə ən ucuz nemətlərdəndir. Allaha şükür dəniz və çaylarımız balıqla tığ verir. Ərazi faktoruna gəlincə, "Monte Kristo" da "Hollywood" kimi Binəqədi rayonunun ərazisində yerləşir.

Sadəcə üstünlük fərqi "Hollywood"un yeni istifadəyə verilməsinədədirsə, bunun əslində özü istehlakçı hüquqlarının tapdanmasıdır ki, başqa bir şey deyil.

Brilyantı 12 min dollara gətirərik


Məlum oldu ki, zalların birinin tutumu 800, digərinin tutumu isə 400 nəfərlikdir. Bundan əlavə açıq havada 600 nəfərlik yer var. Orada da restoran sadəcə yeri və yeməyi verir. Bütün xırda-mırda işlər müştərilikdir:

"Biz palatka toyu etmirik ki daimi müğənnimiz olsun. Hansısa müğənninin dəvət edilməsində vasitəçilik edə bilərik. Məsələn, Brilyant xanım 12 minə oxuyur. Onun pulunu artıq özünüz verməlisiniz. Kranla çəkiliş istəyirsinizsə kranı da, çəkəni də tapın gətirin."

O da məlum oldu ki, Məhərrəm ayından sonra restoranda bütün yerlər boşdur. Belə çıxdı ki, restoran hələki salyanlı iş adamını qazlaya bilib.

Fast-foodların sevimlisi "Coca-cola"


Ölkədə fəaliyyət göstərən şadlıq sarayları gəlirlərini əsasən süfrəyə düzülən içkilərdən əldə edirlər. Xarici istehsal - xüsusilə də, Fransa, İtaliya istehsalı adı ilə təqdim edilən içkilər əslində restoranların elə öz zirzəmilərində hazırlanır.

Menyunun qiymətini də məhz içki həll edir. "Hollywood"un içkilərinin nə dərəcədə təmiz olduğunu deyə bilmərik amma admnistrator bizə menyuya bir dənə də yerli içki daxil etmədiklərin söylədi. İçkilərin adlarını soruşduqda "menyu bukletində var baxa bilərsiniz" - deyə bildirdi. Bukletdə isə ancaq araq - vodka, şampan - champagne eləcə də digər içki növlərinin ingilis dilinə hərfi tərcüməsi ilə rastlaşdıq. Belə halda konkret içkilərin adlarını istədik.

Qulaqlarımız indiyə qədər təbii şirə və içki bazarında adlarını eşitmədiyimiz siyahını duydu. Bu arada admnistrator demesə də stolların tərtibatı ilə bağlı təqdim edilən foto qalereyada fast-food restoranlarının sevimlisi plastik qablaşdırmada 1 litrlik "Coca-cola"ların yer alması da diqqətimizi çəkdi.

"Hollywood"da bu gördüklərimizdən, eşitdiklərimizdən sonra admnistratora "bir daha fikirləşək" deyib məkandan ayrıldıq. Siz də düşünün...(publika.az)