Ürəyimi qoyub gəldim…

Hər dəfə İstanbulun "hava qapısına" yetərkən özümdən asılı olmadan vaxtı müəyyənləşdirmək üçün gözüm gəzir və hər dəfə saat əqrəblərinin Bakıdan çıxarkən son dəfə baxdığım kimi qalmasından təəccüblənirəm: sanki heç zaman keçməyib, Bakıdan hansı saatda ayrılıramsa, İstanbula da o saatda çatıram – azacıq dəqiqə fərqilə.

Yəqin Bakıdan gedəndə ürəyimizi, canımızı, ruhumuzu burda qoyub çıxmağımızın fərqində olduğu üçün ZAMAN da dayanır! Yalnız "öz saatıma" - Bakının zamanına baxanda təsəlli tapıram: Vaxt dayanmayıb, Orda qoyub gəldiyim ürək döyünür; həm də Vaxtımız düz iki saat irəlidədir.

***
Doğmadan-doğmadır İstanbul: eyni səmadır, eyni sözlərdir, eyni təkliyim… Amma kənar səslərin xaostik musiqisindəki fərq həm səmanın rəngində, həm də dənizin pıçıltısında özünü göstərir.

Burda dəniz mənə sevgi nəğməsi pıçıldamır, onu yalnız xatırladır;
burdakı səma sığındığım məkan deyil – hər gecə işığının gözümdə bərq vurduğu, adbaad tanıdığım ulduzları necə tapacam? Bura mənim vaxtım deyil: öz ZAMANımdan geri düşmüşəm… Qumru da yoxdur, soruşum ki: "Saat neçədir, Qumru sən qonduğun budaqda…"

***
Burda saatlar Bakı vaxtına qurulub: hər yerdə bizim faciəmiz, dərdimiz deyilir, yazılır, göstərilir; hər yerdə ağrımızı tanıtmaq, onu dünyanın kif basmış qulağına bağırmaq, tor görən gözünə yaxınlaşdırmaq istəyirik. Burda ağrımızı, dərdimizi, sevgimizi qışqırırıq – qardaşlarımızla birgə! Amma qışqırmaqla, söyləməklə, göstərməklə dərd, kədər, sevgi yaşanmaz ki! Sevgi də, dərd də Orda – Bakıda yaşanır: səssiz-səmirsiz.

***
Canıma şəfa axtarırdım, özümü qardaşların müayinəsinə verəcəkdim. Həkimlər nə tapacaqlar, axı: mənim ki canım, ürəyim Azərbaycanda qalıb! Mən öz Vaxtımda deyiləm: öz Zamanında olmayanlara həkim çarə edə bilməz.

***
Özündən getmək asandı: bir neçə dəqiqəyə huş apara, bir neçə dəqiqəyə İstanbula çata bilərsən. Özünə qayıtmaq çətindi: gərək həkimlər saatlarla çalışa, gərək bir neçə dəqiqəyə getdiyi yolu təyyarə 4-5 saata salamat qayıda.

Dörd-beş günə dörd-beş saatı adlayıb, Orda qoyduğumuz özümüzə qayıdacağım anı səbirsizliklə gözləyirəm: amma bu "ÖZ" türkiyəlilərin dediyi "kəndimiz" deyil, məhz ÖZümüzdür. Ayağım İstanbula yenicə dəyib, amma…

"Saat neçədir, Qumru…"

AzNews.az