AMEA-da muğamşünaslıq şöbəsi yaradıldı

Azərbaycan Milli Elmlər Akademiyası Memarlıq və İncəsənət İnstitutunda muğamşünaslıq şöbəsi yaradılıb.


İnstitutdan verilən məlumata görə, muğam sənəti və muğam tarixi indiyədək AMEA-nın ayrı-ayrı sahə institutlarında, xüsusilə humanitar profilli institutlarda tədqiqatlara cəlb olunub.Lakin bu sahədə aparılan tədqiqatların mərkəzləşdirilməsi, sistemləşdirilməsi məqsədilə ayrıca bir şöbənin yaradılmasına böyük ehtiyac vardı.

Yaradılan yeni şöbədə muğam sənətinin genezisi, quruluş modeli, lad və melodik xüsusiyyətləri öyrəniləcək, bu sənətin başqa musiqi janrları, həmçinin digər xalqların anoloji sənət nümunələri ilə müqayisəsi aparılacaq, muğam Şərq musiqi mədəniyyətinin tərkib hissəsi kimi tarixi-ictimai hadisələr zəminində, mərhələlərlə araşdırılacaq.

Azərbaycan musiqisi tarixinə dair dəyərli tədqiqatların müəllifi sənətşünaslıq doktoru Sevil Fərhadova yeni yaradılan şöbənin müdiri vəzifəsini icra edən təyin olunub.

AzNews.az