Xilaskarını sev, Aqşin!

Günlərin bir günü Aqşin Yenisey xəstələndi. Yerləşdirdilər xəstəxanaya. Aqşinin xəstəxana şəkilləri çəkilməmiş informasiyaların başlığına internetdən şəkil götürüb qoydular. Üstünə xəstə uzanmış naməlum bir araba.

Nədənsə, bu şəkli hər yerə qoyurlar. Amma bu, Aqşin deyildi. İnana bilmirdim Aqşin xəstələnsin. İçməyə qalsa, hələ növbədə başqa adamlar vardı. Aqşin şeirində qabağa çıxdığı kimi xəstələnməyində də irəli çıxdı. Hə, bu da Aqşinin xəstəxana şəkilləri. Heyif deyil, arada belə xəstələnmək. Geyirsən əyninə xəstəxana paltarını, çəkdirirsən şəkildən, yeyirsən vermişeldən. Yəni pəhriz. Aqşinin xəstəxana şəkillərində həyat eşqi ilə yanan gözləri parıldayan bir cüt mavi damcıya bənzəyir.

Düşünürəm ki, Aqşini nə xəstələndirdi? İçkimi? Hamı içir. Məncə, onu yaxşı şeir yazmaq xəstələndirdi. Yaxşı şeir bədənlə tərs mütənasibdir. Yaxşı şeir bədənə düşmür. Aqşinin xəstəxana şəkilləri də bənzərsizdir, ona görə ki, içində yaxşı bir şeirin yeri var. Çünki Aqşin şeirlərini pəhrizsiz yazırdı. Yazılarının şirinliyi, duzu, xolesterini çoxuydu. Buna can dözərdimi? Bəlkə, kimlərsə xəstələnəndən sonra daha çox oxudular Aqşini. Yəqin, sevinir xəstəxanalar, onun palatasına bir şair gəlib. Həkim dəridən-qabıqdan çıxır. Tibb bacısı düşünür ki, kaş iynə vurmaq növbəsi mənə düşəydi. Elə vurardım ki, heç incitməsin.

Aqşin, özüm ölüm, bu arada bir tibb bacısına vurulmağın yeri var. Nədənsə, vurulmağa iki sənət sahibləri daha münasibdir: biri müəllimələr, o biri də tibb bacıları. İnan, adam bu sənət adamlarını sevməkdən ötrü ölür. Haydı Aqşin, başla sevməyə. Yoxsa yorulacaqsan. Bir də bəxtinə belə gözəl bir gün düşməyəcək. Çıxıb çöldə-bayırda əzab-əziyyət çəkəcəksən.

Allah haqqı, adama sevdiyi qız iynə vursa, xəstəlik–zad o saat şələ-şüləsini götürüb gedər. İndi təsəvvür elə. Qız sənin venana iynə vurur. Saçları şəlalə kimi axıb tökülüb qollarının üstünə. İri gözləri də zillənib üzünə. Aradabir iynəyə baxır, sonra da sənə. Hərdən pıçıltı ilə soruşur: ağrıtmır ki? Hansı əclaf deyər ki, ağrıdır? Deyirsən ki, yox. Qız iynəni vurub gedir, təbəssümü uzun müddət qalır otaqda. Sonra aradabir gəlir, halını soruşur. Sonra bəhanə eləyib bir də gəlir, iynənin yerinə təzədən yod vurur. Sonra ayrı bir bəhanə tapacaq. Guya palatada nə isə yadından çıxıb qalıbmış. Məsələn, təzyiqölçən. Lap sonra axşam növbəsindən çıxanda gəlib səninlə sağollaşacaq, barmaqlarını yarı qatlayıb "xoşca qalın" – deyəcək. Bir tibb bacısını sev. Onlar da sevgi dəlisidir. Sağaltdıqları insanları sevməyə biganə deyillər. Sevsən, görəcəksən ki, xəstəxanalar toranlı vüsal məskənidir. Həyatın ən qərib, kimsəsiz yerləridir palatalar. Gecələr işıqları süzülər, addım səsləri kəsilər. Lap sonuncu palatadan gecə növbəsində olan həkim qız xəstəni sakitləşdirməyə çalışar.

Aqşin, sev, bir tibb bacısını sev. Xilaskarını sev. Dünyada hamı öz xilaskarını sevmirmi? Bunu romanlarda oxuyub, kinolarda görməmişikmi?

Aqşin, səni yaxşı şeir xəstələndirdi. Gərək bunu həkimlər bilsin. Gərək bu, xəstəlik tarixçəsinə yazılsın.

1937.az