Rezidenturaya qəbulun nəticələri bu gün elan olunur

Azərbaycanda 2012-2013-cü tədris ili üçün rezidenturaya ixtisas seçimi başa çatıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, ixtisas seçimi internet vasitəsilə sentyabrın 11-i saat 9.00-dan bu gün saat 9.00-dək aparılıb.

Bu müddətdə ixtisas seçimi etməyən namizədlər müsabiqədə iştirak hüququnu itiriblər. İxtisas seçimində iştirak etmək üçün qoyulan minimal tələblər (müsabiqə şərtləri) müalicə işi, pediatriya istiqamətinə aid olan ixtisaslar üçün baza fənləri üzrə 40 bal, ixtisas fənləri üzrə 50 bal; stomatologiya istiqamətinə aid olan ixtisaslar üçün - baza fənləri üzrə 40 bal, ixtisas fənləri üzrə 50 bal; tibbi biologiya istiqamətinə aid olan ixtisaslar üçün - baza fənləri üzrə 30 bal, ixtisas fənləri üzrə 40 bal; tibbi profilaktika istiqamətinə aid olan ixtisaslar üçün - baza fənləri üzrə 30 bal, ixtisas fənləri üzrə 40 bal müəyyən edilib.

Qeyd edək ki, rezidenturaya sentyabrın 8-9-da keçirilmiş qəbul imtahanlarının nəticələrinə əsasən, namizədlərdən ümumilikdə 835 nəfəri ixtisas seçimində iştirak etmək hüququ qazanıb.

Rezidenturaya qəbulun nəticələri bu gün elan olunacaq.

Sevinc
Aznews.az