Yay gəldi,biz dondurma istəyirik… Yay gəldi,biz dondurma istəyirik…

Bağırsaq çöplü dondurmalar satışda! – ARAŞDIRMA

Yay gəldi,biz dondurma istəyirik…


Bütün uşaqların yayı dondurmaya,qışı isə qartopuya görə həsrətlə gözlədikləri danılmazdır. Ancaq bütün valideynlər uşaqlara dondurma almaqdan çəkinirlər.. Səbəb isə sadədir.. Heç kim dondurmaların kefiyyətinə zəmanət vermir…

Avropada 90 gün, bizdə 365 gün…

Bu gün Bakıda istənilən marketə daxil olsan, satılan dondurmaların kefiyyəti eynidir. Çünki hal-hazırda ölkəyə xarici ölkələrdən demək olar ki,dondurma gətirilmir. Yerli istehsal olan dondurmalarımızın keyfiyyəti isə heç də standartlara cavab vermir. Bir neçə gün öncə "Lider AS" marketindən dondurma alarkən maraqlı məqama şahid oldum. Ölkəmizin istehsalı olan bütün dondurmalarda yararlıq tarixi 1 il(!!!) müddətinə qoyulub.

Uzun müddətdən bəri, xarici ölkələrdən dondurma idxal edən iş adamı Vaqif Əliyev Azərbaycanda bu sahənin monopoliyada olduğunu bildirir:"Ölkəyə dondurma gətirmək olduqca cətin prosesdir.Çünki bunun üçün bir neçə dövlət qurumundan rəsmi icazə alınmalıdır. Həmçinin bu məhsulun ölkəyə gətirilməsinə ciddi maneə göstərilir. Bu süni əngəllər səbəbindən xarici ölkələrdən bu məhsulu gətirmək cətinlik yaradır. Həmçinin bizdən və Rusiya, Türkiyədən fərqli olaraq Avropa ölkələrində dondurmaya maksimum 90 gün yararlıq müddəti qoyulur. Biz də yaradılan süni əngəllər nəticəsində məhsulu ölkəyə gətirə bilmirik.Digər bir səbəb isə yerli istehsalın böyük şirkətlərə bağlılığıdır. Məsələn, Rusiya və Türkiyədən gətirilən məhsul maya dəyərindən qat-qat baha satılır..Səbəb qeyd etdiyim kimi süni əngəllərdir."

Başqa bir məqam ondan ibarətdir ki,çoxları dondurmanın yararlıq müddətinə baxmır. Çünki, tarixən bizdə belə bir məsəl hər kəsin yaddaşına hopub."Ağ şey adamı zəhərləməz!!!" Ancaq ekspertlər həyacan təbili calaraq bildirir ki,ağartı məhsullarından zəhərlənmə daha güclü olur. Məhz bu səbəbdən bu ilin may-iyun ayında dondurmadan 7 nəfər zəhərlənib. Bütün bunlar isə dondurmanı yeməzdən öncə,onun kefiyyətinə əmin olmağımızı vacib sayır.



Nazirliyin qadağan etdiyi şirkətlər bazarda "at oynadır"

Araşdırma apardığımız əksər marketlərdə dondurmaların saxlanılma şəraiti standartlara cavab vermir. Yasamal rayonu ərazisində yerləşən böyük supermarketlərdə apardığımız araşdırmalar acınacaqlı vəziyyətin olduğunu ortaya cıxardı. Supermarketlərdə satılan dondurmaların qablaşdırılmasında problemin olduğu göz önündə idi.Bir çox dondurma markalarının qablaşdılması standartlara cavab vermir,bəzilərində isə qablaşdırılmış məhsul artıq kefiyyətsiz halda alıcılara təqdim edilirdi. "S.A.B.A. şirkəti" MMC tərəfindən istehsal edilən "Millennium" dondurmaları, "AER" firmasının istehsalı olan dondurmalar,həmçinin "Milla" şirkətinin istehsal etdiyi dondurmaların keyfiyyətsizliyini görmək üçün mütəxəssis olmağa ehtiyac yoxdur. Yəqin ki,dondurma istehsalçıları insanların həyatı ilə oynamaqdan əl çəkəcək və kefiyyətli məhsul istehsal edəcəklər…

Qeyd edək ki, "Millenium", "Iceland" və "AER" dondurmaları ilə bağlı dəfələrlə İqtisadiyyat və Sənaye Nazirliyi (əvvəlki adı:İqtisadi İnkişaf Nazirliyi) tərəfindən tədbirlər görülüb.

Məsələn, hələ də, adı çəkilən nazirliyin yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin internet saytında göstərilir ki, "S.A.B.A. şirkəti" MMC-yə məxsus malları almayın. Həmin xəbərdarlıqda bildirilir ki, "Bu müəssisədə istehsal edilmiş dondurmaların insanların, xüsusilə də uşaqların sağlamlığı üçün təhlükə mənbəyi olduğunu, həmçinin dondurmanın müvafiq keyfiyyətdə sabit istehsalına şəraitin olmadığını nəzərə alaraq, "S.A.B.A. şirkəti" MMC-yə dondurma istehsalı üçün verilmiş gigiyenik və uyğunluq sertifikatlarının qanunvericiliyə uyğun ləğv edilməsi ilə bağlı İqtisadi İnkişaf Nazirliyi tərəfindən müvafiq orqanlar – Səhiyyə Nazirliyi və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi qarşısında məsələ qaldırılmışdır".

Və ya başqa bir məlumatda qeyd olunur ki, "Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti (ASİHMDX) tərəfindən Şükürov Azər Əkbər oğlunun direktor olduğu Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 21 ünvanda fəaliyyət göstərən "AER" şirkətində dondurma məhsullarının istehsalı və satışının qanunauyğunluğu yoxlanılmışdır. Yoxlama zamanı şirkətin anbarında satışa hazır 17 çeşiddə, ümumi çəkisi 19 min 318 kiloqram olan dondurmaların etiketlərində, habelə ümumi çəkisi 5 min 607 kiloqram olan bükmə materiallarında saxlama müddətlərinin normativ sənədlərdə nəzərdə tutulan vaxtdan artıq göstərildiyi, dondurma məhsullarının qablaşdırılmasında istifadə olunan, lakin istehsalçı və yararlılıq müddətləri göstərilməmiş üç çeşiddə 215 min 250 vafli məhsulları müəyyən edilərək, məhsul saxlamaya verilmişdir. Qeyd olunan məhsullardan istifadənin təxirə salınmadan dayandırılması və dondurma istehsalının mövcud qanunvericiliyin tələblərinə uyğunlaşdırılması barədə "AER" şirkətinə iyunun 12-də göstəriş verilmişdir. Həmçinin, yoxlamanın gedişində müəssisənin anbarında olan südlü, qaymaqlı və plombir dondurmalarının üç çeşidindən nümunələr götürülərək, laborator müayinəyə verilmiş, nəticədə plastmas qablaşdırmada olan 500 qramlıq plombir dondurmasında yağın və quru maddələrin ümumi kütlə payının normadan az, 65 qramlıq "Belıye noçi" adlı dondurmada mezofil-aerob və fakültativ-anaerob mikroorqanizmlərin sayının normadan çox, "Nağıl" adlı dondurmada isə bununla yanaşı, tərkibində bağırsaq çöpləri qrupundan bakteriyaların (koliformalar) olduğu aşkar edilmiş, bu səbəbdən həmin məhsulların ASİHMDX əməkdaşlarının nəzarəti altında məhv edilməsi və bu dondurmaların ticarət şəbəkələrindən geri yığılması barədə "AER" şirkətinə iyunun 18-də göstəriş verilmişdir. Qeyd olunan göstərişlərin icra vəziyyəti iyunun 25-də yoxlanılaraq müəssisənin anbarında 19 min 318 kiloqram hazır məhsuldan 14 min 558 kiloqram və ya 4 min 760 kiloqram az, 5 min 604 kiloqram bükmə materiallardan isə yalnız 2 min 555 kiloqram və ya 2 min 555 kiloqram az aşkar edilmişdir. Müəyyən edilmişdir ki, verilmiş göstərişə riayət edilməyərək keyfiyyətsiz məhsullar ticarət şəbəkələrindən geri yığılmamış, eyni zamanda istehsalat prosesi davam etdirilməkdədir.

"AER" şirkəti 2010-cu il 19 iyun tarixli 121 nömrəli məktubla anbarda olan 4 min 760 kiloqram və ticarət şəbəkəsindən yığılmış 120 kiloqram dondurmaların "Təmiz Şəhər" ASC-in poliqonunda məhv edildiyini bildirsə də, yoxlama zamanı həmin firma tərəfindən heç bir dondurmanın "Təmiz Şəhər" ASC-yə təqdim olunmadığı və məhv edilmədiyi müəyyən edilmişdir".

"AER" iddia edə bilər ki, biz keçən zaman ərzində problemləri həll etmişik. Fəqət Dövlət Standartlaşdırma və Patent Komitəsinin may ayında açıqlanan "2015-ciil may ayı ərzində istehlak bazarında aparılan monitorinqin nəticələri barədə statistik məlumat"da göstərilir ki,

19.05.2015-ci il tarixli yoxlamanın nəticəsinə görə, AER Company MMC-nin dondurmaları "Bağırsaq çöpləri qrupundan olan bakteriyaların aşkar edilməsinə görə standartın tələblərinə cavab vermir".
Və ya başqa bir məlumatda deyilir ki, "Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlakçılara "Camal LTD" şirkətində istehsal edilən "İceland" əmtəə nişanlı dondurmaları almamağı tövsiyə edir". Çünki, "İceland" dondurmaları insan sağlamlığı üçün təhlükəlidir: "Laborator müayinə nəticəsində şirkətin istehsal etdiyi dondurmalarda çoxsaylı nöqsanlar aşkarlanıb. Belə ki, müəssisədə istehsal edilən "Bakılı qız" plombir dondurmasında yağın, saxarozanın və quru maddələrin kütlə payının normadan az, mezofil-aerob və fakültativ-anaerob mikroorqanizmlərin sayının normadan çox, "İceland" plombir dondurmasının və "Çiyələkli" ailəvi dondurmanın tərkibində bağırsaq çöpləri qrupundan olan bakteriyalar (koliformlar) olduğu, mezofil-aerob və fakültativ-anaerob mikroorqanizmlərin sayının normadan çox, "Bakılı qız" plombir dondurmsının və "Oskar" şokoladlı plombir dondurmasının tərkibində mezofil-aerob və fakültativ-anaerob mikroorqanizmlərin sayının normadan çox, "Don Maximus" fındıqlı və çiyələkli plombir dondurmalarının tərkibində yağın kütlə payının etiket göstəricisindən az, "Joker" vanilli plombir dondurmasının tərkibində mezofil-aerob və fakültativ-anaerob mikroorqanizmlərin sayının normadan çox, quru maddələrin kütlə payının normadan az olduğu müəyyən edilib".

Adı çəkilən qurum həmçinin bildirib ki, "Dədə Qorqud" Müstəqil Kiçik Müəssisəsində, "Rah-96″ və "Qranit" firmalarında istehsal edilən dondurmaları da almayın.



Göründüyü kimi, dondurma sektorunun monopolisti olan bu şirkətlər haqqında bu qədər ciddi ittihamlar olduğu halda bazarda hökm sürürlər.

Pirat dondurmalar

Yuxarıda xaricdən dondurma gəlişinə məhdudiyyətlərin qoyulduğunu bildirmişdik. Sovet dövründən sevdiyimiz "Plombir" dondurması bu gün Bakının bütün marketlərində var. Fəqət rus "Plombir"ini çox nadir böyük supermarketlərdə tapmaq olur. Həmdə baha qiymətə. Əvəzində isə bütün marketlərdə "Millenium"un "Plombir"lərinə rast gəlmək olur. Fəqət üz tərəfi tamamilə saxlanılıb və rus dilində yazılıb, arxa tərəfində məcburi olduğu Azərbaycan dilində və şirkətin adı və məhsulun tərkibi yazılıb. Sadəcə, "Plombir" deyil, "Magnum", "Eskimo", "Gigant", "Qost" və s. dondurmalar da "Millenium" və "AER" tərəfindən "özəlləşdirilib. Əslində burada açıq şəkildə müştərinin aldadılması görünməkdədir. Eyni dizayn və eyni adla müştəriyə fərqli məhsul təqdim edilməkdədir.



Dondurma tarixçəsi…

İlk dəfə dondurmanın harada və kimlər tərəfindən icad olunması barədə müxtəlif məlumatlar və əfsanələr mövcuddur. Bir sıra qaynaqlara görə dondurma ilk dəfə Çində hazırlanıb. Bəzi qaynaqlar isə dondurmanın Qədim Roma imperiyasında kəşf edildiyini göstərir.

Rəvayətə görə, Roma imperatoru Neron yaxşı döyüşməyilə bərabər yemək həvəskarı olması ilə də tanınırdı. O, qladiator döyüşlərini seyr edər, ona ləzzətli yeməklər təqdim edən baş dadbazlarını mükafatlandırarmış. Bir gün dadbazlardan biri dağın zirvəsindən yığdığı qarın üzərinə bal və müxtəlif meyvə parçaları tökərək imperatora təqdim edir. Neron o günə qədər heç dadmadığı bu yeməyi çox sevir. Sabahısı gün kölə ordusunu qar toplamağa göndərir. Beləliklə, qarın üzərinə bal və əzilmiş meyvə tökdürərək, tarixin ilk dondurmasını hazırladır.

İlk sənaye istiqamətli dondurma istehsalı müəssisəsi 19-cu əsrin ikinci yarısında ABŞ-da qurulmuşdur. Həmin müddətdə gigiyena standartları da inkişaf etməyə başlayır. 1920-ci illərdə bazara çıxarılan Popsickles və Eskimo Pie dondurmaları ilə əvvəlcə Amerikada, sonra da bütün Avropada istehlakçıların dondurmaya baxışında yeni bir dövr başlayır. Tərkibində sevilən iki dad –kakao və vanilinin olduğu Eskimo Pie daxili alüminium parlaqlı olan paketdə təqdim olunurdu. Bu iki dad və fərqli qabı Eskimo Pie-ni məşhurlaşdırır. Həmçinin yeni dondurma satışı nöqtələri artmağa başlayır. Məsələn, kino fasilələrində dondurmanın verilməsi və avtomobillərin artması ilə bağlı olaraq yolkənarı restoranlarında dondurma satışı dondurmanın istehlakını artırır.

Unilever liderdir

1950-ci illərdə Unilever şirkəti dünya dondurma sektorunda yeni keyfiyyət standartlarını kəşf edir və bu sahədə liderlik qazanır. Unilever tərəfindən bazara çıxarılan ən müvəffəqiyyətli kəşflərdən biri, ilk dəfə Unileverin İtaliya şirkəti olan Algida tərəfindən 1959-cu ildə də hazırlanan Cornetto adlı dondurma idi. Unilever o gündən etibarən bu sektorda liderliyini qoruyub saxlayır. Unilever 5 milyard Avro satış həcmi ilə dünyada dondurma sektorunda birinci sıradadır.

Ümumiyyətlə, dünya dondurma bazarının illik həcmi 52.3 milyard Avro təşkil edir. Bundan Super Premium dondurma seqmentinin aldığı pay isə 2.2 milyard Avrodur.

Gündə 100 qramdan artıq dondurma yemək olmaz



Amerikan alimlər bildirir ki, dondurma bir qayda olaraq tox qarına və ağızda əridilərək yavaş-yavaş yeyilməlidir. Dondurmanın ana maddəsi süd olduğu üçün bəsləyici qida sayılır. Belə ki, uşaqlar istilərin düşməsi ilə süd içməkdən imtina edir və bu boşluğu dondurma ilə əvəz edə bilirlər. Ancaq böyüklərdə bu, çəki probleminə yol aça bilər. Həkimlər gün ərzində 100 qramdan artıq dondurma yeməməyi tövsiyə edir. Dondurmanın tərkibində A, B, C, D ve E qrupuna daxil vitaminlərlər birlikdə kalsiyum, fosfor, maqnezium, dəmir və sair minerallar da var. Buna görə də yaxşı hazırlanmış dondurma həm də vitamin anbarı sayıla bilər.

Amma… Ac qarına və böyük parçalar şəklində udulan dondurma bəzi sağlamlıq problemlərinə yol aça bilər. Bu, öncə mədənin soyuqlamasıyla nəticələnir. Dondurmanı kiçik parçalar şəklində, ağızda 3-4 saniyə saxlamaq lazımdır. Bu, həm dondurmadan daha çox ləzzət almağa, həm də mədəyə getməzdən əvvəl onu isitməyə yardımçı olur. Bundan başqa, allergiya riski olan böyüklər, uşaqlar üçün dondurma problem yarada bilər. Xüsusən də inək südünə və yumurtaya allergiyası olan uşaqlara dondurma yedizdirmək olmaz. Açıq yerdə satılan, küçə satıcılarından dondurma almaq olmaz. Dondurmanın içində buz kristalları varsa, onu dərhal atmaq lazımdır.

Dondurma bizi necə zəhərləyə bilər?

Ekspertlər dondurmaların hazırlanmasında qəbul edilən standartların olduğunu bildirirlər. Qida üzrə ekspert olan Ramin Vəliyev Azərbaycanda bir çox şirkətlərin bu standartlara riayət etmədiyini etiraf edir. Ekspertin sözlərinə görə, əslində dondurmalar satışda ən çox 7 gün saxlanıla bilər ki, bu müddət ərzində də -5 dərəcədə saxlanmalıdır: "Mənfi 3 dərəcədə saxlanan dondurmalar 4-5 gündən artıq qalarsa, artıq onun tərkibində kimyəvi reaksiyalar gedir. Çünki dondurma ətraf mühitlə tez reaksiyaya girə bilir. Buna görə də, dondurmalar heç bir halda açıqda satıla bilməz. Dondurmalar yüksək kalorili süd məhsuludur".

Məhsulun tərkibinə gəldikdə, ekspertin fikrincə, dondurma yeyilən zaman təzə qaymaq dadı verməlidir: "Bizdə belə məhsul tapmaq çətindir. Azərbaycanda satılan dondurmaların əksəriyyəti boğazda acılıq yaradır. Bu o deməkdir ki, bu məhsulun istehsalı zamanı quru süddən, vaxtı keçmiş süddən, kimyəvi qənddən və marqarin yağlarından istifadə olunub. Dondurmanın hazırlanmasında istifadə olunan yağ kərə yağı olmalıdır. Bitki və digər yağların istifadəsi yolverilməzdir..Məhz kefiyyətsiz yağlardan istifadə zəhərlənməyə səbəb ola bilər. Ən əsası quru süddən hazırlanan dondurmalar zəhərlənməyə,ölümə səbəb ola bilər. Məhz bu səbəbdən alıcılar ehtiyyatlı olmalıdırlar".

Mütəxəssisin sözlərinə görə, dondurma alarkən əgər onun keyfiyyəti şübhə doğurursa, uyğunluq sertifikatı tələb etmək lazımdır. Çünki bu sertifikatı olmadan satışa çıxarılan dondurmaların keyfiyyətinə heç kim zəmanət vermir,və belə dondurmalar zəhərlənməyə səbəb olur.



Həkim Toğrul Qurbanzadə isə zəhərlənmə hallarında əvvəlcə ilk tibbi yardım olaraq, duzlu su qəbul olunmasını məsləhət görür: "Daha sonra təcili həkimə müraciət olunmalı, mədə yuyulmalıdır. Antibiotiklə bədəndə olan zəhərli maddələr, qana keçməmiş məhv edilməlidir. Zəhərlənmənin ilkin əlamətləri rəngin saralması, ürək bulanması, mədə-bağırsaq sisteminin pozulmasıdır. Belə hallarla qarşılaşmamaq üçün etibarlı marketlərdən dondurmanın alınması məsləhət görülür".

(yenicag.az)