Bir çox xəstələrdə insultun, tromb əmələ gəlməsinin qarşısını alır Bir çox xəstələrdə insultun, tromb əmələ gəlməsinin qarşısını alır

Hər il dünyada 80 milyardan çox aspirin həbləri istifadə olunur - Həkimdən açıqlama

Bir çox xəstələrdə insultun, tromb əmələ gəlməsinin qarşısını alır

Aspirin (Asetilsalisil turşusu) 19-cu əsrin sonlarına yaxın sintez edilib və aspirin adı ilə satışa buraxılıb. Hazırda dünyada asetilsalisil turşusunun aspirindən başqa bir çox müxtəlif satış adları ilə mövcud olan aspirin tərkibli preparatlar (kardiomagnil, aspirinkardio, trombo ass, kardiomagnil forte və s.) var.

AzNesw.az-ın əməkdaşı aspirinin hansı xəstəliklərə dərman olması haqda həkim Xuraman Rəcəbova ilə söhbət edib:

“Statistikaya görə orta hesabla hər il dünyada 80 milyardan çox aspirin həbləri istifadə olunur. Aspirin həmçinin iltihab əleyhinə qeyri-steroid preparatlar (QSİƏP) qrupunun ilk dərmanı sayılır. Aspirin (Asetilsalisil turşusu) hərarət salıcı, ağrıkəsici, iltihab əleyhinə və qandurulducu təsirlərə malikdir. Aspirinin orqanizmə hərarət düşürücü və ağrıkəsici təsiri onun baş beyində termorequlyasiya və ağrı hisslərinə cavab verən mərkəzlərə tormozlayıcı təsir göstərməsilə bağlıdır. Aspirin qan hüceyrələrinə -trombositlərə təsir göstərərək,onların öz aralarında biri birinə yapışmasını azaldır və beləliklə tromb əmələ gəlməsinin qarşısını alır. Müntəzəm olaraq istifadə olunduqda Aspirin qanı duruldur və damarların mənfəzini genişləndirir. Bu isə kəllədaxili təzyiqi və baş ağrılarını azaldır. Bundan əlavə aspirin ürək-damar sistemi xəstəliklərindən əziyyət çəkən pasiyentlərə daim istifadə etmək üçün məsləhət görülür. Çünki bu profilaktik olaraq miokard infarktının qarşısını alır. Eləcə də aspirinin profilaktik məqsədlə istifadəsi bir çox xəstələrdə insultun, tromb əmələ gəlməsinin qarşısını alır. Bundan başqa bu möcüzəvi preparatdan xalq təbabətində müxtəlif türkəçarə metodları ilə bir çox xoşagəlməz halları (üzdəki sızanaqları yox etmək, saçdakı kəpəyi ləğv etmək, dırnaqları möhkəmləndirmək, müxtəlif həşəratların dişləməsindən sonra yaranı silmək, dərini təmizləmək üçün və s.saymaqla bitməyən bir çox hallar) ortadan qaldırmaq üçün istifadə edirlər. Bu qədər faydaları olmasına baxmayaraq hər bir dərman kimi aspirinin də qəbuluna əks göstərişlər olduğu hallar vardır. Həzm sistemi xəstəlikləri (qastrit, mədə xorası) zamanı aspirinin istifadəsi məsləhət deyil. Əgər aspirinin istifadəsi hər hansı müalicə üçün vacib göstərişdirsə və mədə bağırsaq sistemində problem varsa, dərmanı qəbul etməzdən öncə həkim qastroenteroloqla mütləq məsləhətləşmək lazımdır. Şəkərli diabet xəstəliyindən əziyyət çəkənlər, uşaqlar və yeniyetmələr aspirin qəbul etmədən əvvəl mütləq həkim məsləhəti almalıdır”.

Səidə Vahid

AzNews.az

image description