Dağlıq Qarabağda yaşayan ermənilər Xankəndi şəhərinin mərkəzi meydanına toplaşaraq mitinq keçirib Dağlıq Qarabağda yaşayan ermənilər Xankəndi şəhərinin mərkəzi meydanına toplaşaraq mitinq keçirib

“Azərbaycan ermənilərə sülhməramlılardan ayrı yol yaratmalıdır” - Tofiq Zülfüqarov

Dağlıq Qarabağda yaşayan ermənilər Xankəndi şəhərinin mərkəzi meydanına toplaşaraq mitinq keçirib

Etirazçılar qondarma rejimin rəhbəri Arayik Arutunyanın istefasını tələb ediblər. Mitinqə toplaşanlar A.Arutunyanın Qarabağdakı ermənilərinin mövqeyini əks etdirmədiyini bildiriblər.

Aksiya iştirakçıları onu 44 günlük müharibə zamanı erməniləri aldatmaqda ittiham edib və Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan kimi kapitulyant, yəni təslimçi adlandırıblar. Mitinqə toplaşanlar “Araik, rədd ol!”, “Araik satqındır!” şüarlarını səsləndiriblər.

Qondarma rejimin nümayəndələrindən Artak Beqləryan etirazçılara Arutunyanın Xankəndidə olmadığını və onun Ermənistandan Qarabağa iyunun 22-də qayıdacağını deyib.

Özünü “Hadrutun işğaldan azad edilməsi” adlı təşkilatın rəhbəri kimi təqdim edən Meri Davtyan və David Avanesyan adlı Xankəndi sakini isə Arutunyanın istefası tələbi ilə aclıq aksiyasına başlayıb.

Araikin rəqibləri iyunun 22-si saat 19:00-dan etibarən mitinqləri davam etdirməyi qərara alıb. Etirazların əsas səbəbi kimi Araik Arutunyanın Nikol Paşinyanı növbədənkənar parlament seçkilərindəki qələbə münasibətilə təbrik etməsi göstərilir.

Araik Arutunyan da bu gün axşam saatlarına mitinq təyin edib.

Ermənistanın eks-prezidenti Robert Kəçəryanın seçkilərin nəticələrini tanımadığına dair bəyanatından dərhal sonra Xankəndidə ermənilərin mərkəzi meydana axışması əslində, baş verənlərin həqiqətən seçkilərlə bağlı olduğunu təsdiq edir. Seçkidən sonra Ermənistanda Köçəryanın seçkilərin nəticələrini Konstitusiya Məhkəməsinə şikayət etməsi fonunda Xankəndidə müşahidə olunan aktivləşmə hər iki proses arasında əlaqə olduğunu nümayiş etdirir.

Görünür, Robert Köçəryan Ermənistan hakimiyyətinə təzyiq məqsədilə ənənəvi üsullarını işə salıb. O, “Qarabağ klanı”ndan Ermənistan hakimiyyətinə qarşı təzyiq vasitəsi kimi istifadə etməyə çalışır. Hətta buna nail olmaq üçün Köçəryanın yenidən Dağlıq Qarabağdakı qondarma rejimin başına qayıtmaq planları üzərində düşündüyü istisna olunmur.

Bu isə Köçəryana geniş şəkildə hərbi, siyasi və maliyyə resursları verə bilər. Ermənistandakı seçkilərdən sonra Rusiyanın diqqətində qalmış Köçəryanın Dağlıq Qarabağda xuntanı nəzarətə götürməsi onu Moskva üçün vacib fiqura çevirə bilər. O, yaxşı bilir ki, Dağlıq Qarabağda Köçəryan kimi təxribatçının yenidən ön plana çıxması Şuşa Bəyannaməsinin imzalanmasından sonra Azərbaycana və Türkiyəyə təzyiq baxımından Rusiyanın maraqlarına cavab verir. Lakin Nikol Paşinyanın adamı hesab olunan Araik Arutunyanın Xankəndidə “hakimiyyətə” sahib olması Köçəryana problem yaradır.

Ona görə də R.Köçəryana Ermənistanda inqilabi situasiya yaratmaq üçün Araik Arutunyanı kənarlaşdırmaq və “Qarabağ klanı”nın liderliyini ələ almaq lazımdır. Bu, müəyyən qədər 1997-ci ildə Qarabağ müharibəsi iştirakçılarından ibarət “Yerkrapa” hərbi-siyasi təşkilatının və Rusiyanın dəstəyi ilə Levon Ter-Petrosyana impiçment elan edən Robert Köçəryanın bunabənzər ssenari həyata keçirmək niyyətindən xəbər verir.

Yaranmış vəziyyəti şərh edən sabiq Xarici İşlər naziri Tofiq Zülfüqarovun sözlərinə görə, Xankəndidə baş qaldıran etiraz aksiyalarında Robert Köçəryanın əlinin olması ehtimalı böyükdür.

Regionda marağı olan anti-Azərbaycan mövqeli dövlətlər isə meydana çıxacaq gərginlikdən yararlanmağa çalışa bilər: ““Qarabağ klanı”nın nümayəndələri indi başa düşürlər ki, Paşinyanın seçdiyi yol onlara heç nə vəd etmir. Digər tərəfdən, Qarabağda baş verən hadisələr, separatçı ünsürlər Ermənistandan fərqli addımlar atır. Azərbaycanla Ermənistan arasında münaqişəni davam etdirmək bəzi dairələrin, ilk növbədə Rusiyanın marağındadır. Bu baxımdan, Ermənistandan deyil, Moskvadan asılılığı olan, özünü müstəqil kimi qələmə verən dairələrin belə addım atmasını məntiqli hesab edirəm. Bunun sifarişçisi yalnız Köçəryan deyil. Rusiyadan başqa Qərb dairələri də bu oyunun davam etməsində maraqlıdır. Onlar gərginliyin yaranmasından istifadə edib yenə də status məsələsini gündəmə gətirə bilər. Hesab edirəm ki, bu oyunun zəif tərəfi var. Hadisələrin əvvəlində Ermənistanın dəstəyi olmasaydı, vəziyyət bu həddə gəlib çıxmazdı. İndi isə onlar Ermənistandan ayrı olan bir oyunçunu yaratmaq istəyir. Həmin aktor potensial olaraq zəifdir”.

Sabiq nazir bildirib ki, əhalinin sayına, hərbi, siyasi, iqtisadi imkanlarına görə bu, oyun aləti kimi zəif ola bilər:

“Bunun gələcəyinə inanmıram. Çünki müvəqqəti prosesdir. Rusiya sülhməramlılarının nəzarəti altında olan ərazilərdən kişilərin çıxmasına hazırda icazə verilmir. Yəni söhbət ondan gedir ki, imkan olsa, bir çox adamlar Rusiyaya və başqa ölkələrə çıxıb gedərlər. Bu halda Azərbaycan sülhməramlılardan asılı olmayan yol yaratmalıdır ki, insanlar bizim ərazimizdən istifadə etməklə istədikləri yerə gedə bilsinlər. Ona görə də qarşıdurma hələ qabaqdadır”.

Tofiq Zülfüqarov bildirdi ki, Araik Arutunyanın istefası tələbi ilə mitinq təşkil edənlər özlərini müstəqil siyasi qüvvə kimi təqdim edir. Ancaq bu hadisələr süni şəkildə gərginliyin yaradılmasına hesablanıb: “Sonra Rusiya sülhməramlıları gəlib deyəcək ki, Qarabağdakı ermənilərlə danışıqlar aparın. Bu da dolayısı yolla status məsələsinin bərpası olacaq. Fransa kimi Qər ölkələri də vasitəçi olmağı, yaxud monitorinq missiyasını və sülhməramlıları göndərməyi təklif edəcək. Bu hadisələr belə davam edə bilər”.

Lakin diplomat hesab edir ki, Köçəryanın əli ilə Dağlıq Qarabağda başlanmış aksiyalar Azərbaycana qarşı itaətsizliklə nəticələnsə, Şuşa Bəyannaməsinə uyğun olaraq, rəsmi Bakı Dağlıq Qarabağda anti-terror əməliyyatına başlamaq hüququna malikdir. Ancaq bu qərar yalnız azərbaycanlı mülki əhaliyə qarşı hücumlar olacağı və təhlükə yaranacağı təqdirdə mümkündür. (cəbhə.info)