Ermənistan Prezidenti Armen Sarkisyan istefa verib

Prezident qeyd edib ki, onun bu qərarı emosionallıqdan deyil, müəyyən məntiqdən irəli gəlir

Ermənistan Prezidenti Armen Sarkisyan istefa verib.

Aznews.az xəbər verir ki, bu barədə Prezidentin rəsmi saytında məlumat yerləşdirilib.

Prezident qeyd edib ki, onun bu qərarı emosionallıqdan deyil, müəyyən məntiqdən irəli gəlir.

O, fikrini belə izah edib ki, hazırda prezidentin xarici və daxili proseslərə təsir etmək üçün müəyyən səlahiyyətləri və vasitələri yoxdur.

A.Sarkisyan əlavə edib ki, Ermənistanda paradoksal vəziyyət yaranıb: “Prezident faktiki olaraq heç bir real alətə malik olmadan dövlətçiliyin təminatçısı olmağa məcburdur. Ermənistan formaca parlamentli respublikadır, məzmunca isə belə deyil”.

O, konstitusiya islahatlarının aparılmasını da təklif edib. Bildirib ki, bu halda qarşılıqlı nəzarət və tarazlıq mexanizmlərinə əsaslanan dövlət sistemi yaradılacaq.

Sarkisyanın sözlərinə görə, hazırda Ermənistan prezidentin sülh və müharibə məsələlərinə qarışa bilməyəcəyi, demokratiya üçün əlverişsiz hesab etdiyi qanunlara veto qoya bilməyəcəyi reallıqda yaşayır.