AzNews.az Etibar Cəbrayıloğlunun Sona Vəliyeva haqqında yazısını təqdim edir: AzNews.az Etibar Cəbrayıloğlunun Sona Vəliyeva haqqında yazısını təqdim edir:

Bu ömür görüş yerimiz – Etibar Cəbrayıloğlu yazır

AzNews.az Etibar Cəbrayıloğlunun Sona Vəliyeva haqqında yazısını təqdim edir:

Sona Vəliyevanın lirik duyğular və vətənpərvərlik hissləri aşılayan poeziyası haqqında

Öz imzasını Azərbaycan ədəbiyyatı tarixinə yazdıran şairələrimiz çoxdur. Əsrlərdən üzü bəri yol gələn bədii ədəbiyyatımızı Məshəti Gəncəvi, Xan qızı Xurşidbanu Natəvan, Fatma xanım Kəminə, Ağabəyim Ağa, Aşıq Pəri, Heyran xanım olmadan təsəvvür etmək mümkün deyil. Sonrakı dövrlərdə Mirvarid Dilbazi, Hökümə Billuri, Əzizə Cəfərzadə, Nigar Rəfibəyli kimi şairə və yazıçılarımız dəyərli əsərlər yaradıblar.
Bu gün estafeti uğurla davam etdirən xanımlarımız ədəbiyyatımıza yeni töhfələr bəxş edirlər. İstedadlı şairələrimizdən söhbət düşəndə adı öndə gələnlərdən biri də Sona Vəliyevadır.

Filologiya üzrə fəlsəfə doktoru, Əməkdar jurnalist, Ali Media və "Qızıl Kəlmə" mükafatları laureatı Sona Vəliyeva sanballı elmi araşdırmalar aparan alim və naşirdir. "Azərbaycançılıq ədəbi-estetik təlim kimi", "Milli Dövlətçilik hərəkatının yüksəlişi və Xalq Cümhuriyyəti dövründə azərbaycançılıq ideologiyası" kitablarının, təkcə ölkəmizdə deyil, xaricdə də tez-tez çap olunan məqalələrin müəllifidir. Onun xüsusi ilə Hüseyn Cavidin yaradıcılığının tədqiqi ilə bağlı qələmə aldığı məqalələr böyük mütəfəkkir və şairin bədii irsinin öyrənilməsi, təbliği baxımından mühüm əhəmiyyət kəsb edir.
Sona xanım ilk növbədə istedadlı şairdir. Məhz ona görə də bu yazıda şairənin poeziyası, poetik düşüncələri barədə fikirlərimizi bölüşməyə çalışacağıq. Sona Vəliyevanın qələmə aldığı şeirlər, nəşr etdirdiyi "Çəhrayı rəngli dünyam", "Arazbarı", "Türkün gəlişi", "Dünya görüş yerimiz", "Qapına gəldim, İlahi", "Dünya Tanrı biçimdədir" kitablarını oxuduqca istedadlı bir şairənin könül dünyası ilə təkbətək qalırsan. Yeri gəlmişkən, şairənin "Dünya Tanrı biçimdədir" kitabı professor Elçin İsgəndərzadənin rəhbərlik etdiyi "Vektor" Beynəlxalq Elmlər Akademiyasının Şahmar Əkbərzadə adına Ədəbiyyat mükafatına layiq görülüb.

Bu ömür görüş yerimiz,
Görüşdük, mən, atam, anam.
Mən Orda mələkdim, Allah,
Yerdə ADAM adlanmışam.

Bəzən yad gəlir buralar,
Ağaclar, dənizlər, çaylar.
Hanı deyilən doğmalar?
Gəlib gördüm tək qalmışam.

Sona xanım Vəliyevanın şeirlərində klassik ədəbiyyatımızın ruhu aydın duyulur, Tanrıya bağlı bir yaradıcı insanın düşüncələri əks olunur:

Kimə qaldı yurd yeri?
Əlim çatmır, əl verin...
Ürəyi qəm nisgilli,
Qapına gəldim, İlahi!

Yol tikana bələndi,
Naxışlar ilmələndi,
İçim-dərd qıfılbənddi,
Qapına gəldim, İlahi!

İstedadlı şairənin lirik şeirlərində insan, onun daxili dünyası, ətrafda baş verənlərə münasibəti dolğun əksini tapır. Lakin oxucu kədər notlarına bürünmür, ümidsizliyə qapanmır, əksinə nikbin ovqata köklənir:

Ölçüsüz, biçisiz bu doğmalığın
Bilirsə sirrini, qoy Tanrı desin.
Məni bu dünyanın təklənməyindən
Qurtara bilərdi tək sənin əlin.
Günəş istisində çovğun, boran var,
İçimdə min qışın küləyi əsir.
Əlim çarpazlanır sinəmə sarı
Görürəm ürəyin əlimdə əsir.

Sona Vəliyevanın bədii yaradıcılığını izləyənlər yaxşı bilir ki, şairə şeirlərində milli ruh, vətənpərvərlik, ikiyə bölünmüş Vətən, işğal altında qalan yurd yerlərimiz, bütöv Azərbaycan mövzularını daim önə çəkir:

Vətən də alın yazımız,
Qorumasaq, pozulacaq.
Alından pozulan yazı
Günahlarla yozulacaq.

Sona xanımı fəqrləndirən əsas cəhətlərdən bir də odur ki, ümummilli dərdlərimizdən bəhs bu şeirlərdə pafos, yalançı hay-küy yoxdur. Yəqin elə ona görə də "Türkün duası", "Ərdəbilə gəldim", "Qaçqın yataqxanası", "Sərhəd adamları", "Qardaşım Kefli İsgəndərə məktub" silsiləsindən olan şeirlər böyük maraqla oxunur:

Ümidim ürəyin son teli, Allah,
Qorxuram üzülə, gedib çatmayam.
Qarabağ bağrımın qara səbridir,
Qar yağır, don vursa, səbrim çatlayar.

Səninçün qaradam, qartopudur qış,
Mənim həsrətimə qarlar yağacaq.
Şuşanın, Laçının ümidi donub,
Qələbə yazında yarpaqlayacaq.

Sona Vəliyevanın elmi və bədii yaradıcılığı barədə görkəmli alimlər, nüfuzlu ictimai xadimlər mətbuatda, ədəbi məclis və yığıncaqlarda fikirlərini bildiriblər. Akademik, Atatürk Mərkəzinin direktoru Nizami Cəfərovun, akademiklər Kamran Əliyevin və Teymur Kərimlinin, professor Cahangir Məmmədlinin, Xalq şairi Sabir Rüstəmxanlının, yazıçı Yunus Oğuzun, tənqidçilər Əsəd Cahangirin, Əkbər Qoşalının, Fərid Hüseynin, jurnalistlər Flora Xəlilzadənin, Əbülfət Mədətoğlunun çoxsaylı məqalə və çıxışlarında Sona Vəliyevanın elmimizə, ədəbiyyatımıza verdiyi töhfələrdən geniş bəhs edilib.
Son vaxtlar bizə bəlli olmayan səbəblərdən ədəbi tənqid Sona Vəliyevanın yaradıcılığına biganəlik göstərir. İnanmaq istərdik ki, Sona xanım elmi məqalələri, təzə şeirləri və nəsr əsərləri ilə oxucuların görüşünə gələcək, ədəbi ictimaiyyət, mətbuat onun yaradıcılığına yenidən xüsusi diqqət ayıracaq.