1-3-cü sinifdə 14, 2-4-cü sinifdə isə 6 şagird təhsil alır 1-3-cü sinifdə 14, 2-4-cü sinifdə isə 6 şagird təhsil alır
  • Mahal
  • 4 Oktyabr 2019 11:24
  •  3 443

Zərdabda 2 sinfin şagirdləri eyni otaqda dərs keçir - Direktor məsələyə aydınlıq gətirdi

1-3-cü sinifdə 14, 2-4-cü sinifdə isə 6 şagird təhsil alır

Azərbaycan təhsil sistemində “yenilik” baş verib.

Bu barədə sosial şəbəkədə məlumat yayılıb. Məlumata görə, Zərdab rayonunun Otmanoba kənd orta məktəbində 1-ci, 2-ci və 3-cü sinif şagirdləri eyni otaqda bərabər təhsil alırlar. Müəllimlər 45 dəqiqə ərzində həm birinci, həm ikinci, həm də üçüncü sinif şagirdlərinə dərs keçirlər.

Rayonun Otmanoba kənd orta məktəbinin direktoru Tahir Novruzov AzNews.az-a açıqlamasında 3 sinfin deyil, iki sinfin eyni otaqda dərs keçdiyini bildirib.

Direktor bunun səbəbini şagirdlərin sayının az olması ilə izah edib:

“Aşağı siniflərdə şagirdlərin sayı azdır. Buna görə də 1-3-cü sinif, 2-4-cü sinif şagirdləri eyni otaqda dərs keçir. 1-3-cü sinifdə 14, 2-4-cü sinifdə isə 6 şagird təhsil alır. Nazirin əmri var. Əgər uşaqların sayı 20-dən yuxarı olsa, o zaman siniflər ayrıla bilər. Onlara eyni müəllim dərs keçir. Bu bizim səlahiyyətimiz daxilində olan məsələ deyil”.

Tahir Novruzov qeyd edib ki, məsələ ilə bağlı aidiyyatı qurumlara məlumat verilib: “Dəfələrlə bu barədə danışılıb. Rayonda keçirilən konfranslarda Təhsil Nazirliyindən nümayəndə gəlir. Həmin məsələnin müzakirəsi zamanı nazirlik rəsmisi “Bu məsələnin müzakirəsi gedir. Yaxın illərdə bu məsələ həllini tapacaq” deyə bildirir. Biz də ümid edirik ki, yaxın müddətdə bu məsələ həllini tapacaq”.

Bahar RÜSTƏMLİ

AzNews.az