Yaşadığı ünvandan 300 kilometr uzaqda dərs deyən gənc müəllim - REPORTAJ

Aygün Balayeva: Ucqar kənddə işləməyimiz üçün dövlət hər cür şərait yaradıb

Dünyada gözəl, nəcib peşələrin sayı çoxdur. Həkimlər insanları sağaldır, mühəndislər binalar ucaldır, kosmonavt müxtəlif planetlərin sirlərini öyrənir. Bu kimi onlarla peşənin adını çəkmək olar. Amma onlar arasında ən müqəddəs, şərəfli peşə müəllimlikdir. Həkim də, mühəndis də, kosmonavt da seçdikləri sənətin sirlərini məhz müəllimdən öyrənir. Bu gün sizi şərəfli peşədə ilk addımlarını atan, yaşadığı ünvandan 300 kilometr uzaqda dərs deyən gənc müəllimlə tanış edəcəyik.

Bu gənc müəllim 1997-ci il təvəllüdlü Aygün Balayevadır. 22 yaşlı Aygün 2018-ci ildə Sumqayıt Dövlət Universitetinin fizika və elektroenergetika fakültəsini bitirib. Bu ilin iyun ayında müəllimlərin işə qəbul üzrə müsabiqəyə qatılaraq ilk turdan müvəffəqiyyətlə keçib. Bakının Kürdəxanı qəsəbəsində yaşamasına baxmayaraq, müəllim işləmək üçün Lənkəranın ucqar kənd məktəbini seçib. Lənkəranın Şovu kənd tam orta məktəbində təyinat alan Aygün Balayeva bu ilin sentyabrından işləmək üçün kəndə köçüb. Elə gəldiyi ilk 20 gündə həm məktəbdə, həm də kənddə mehribanlıqla qarşılanır: “Mən bu məktəb haqqında ilk dəfə internetdə oxumuşdum. Əvvəllər də həvəsim var idi. Təhsil aldığım müddətdə ali məktəbdə ucqar kənd rayonlarının məktəblərində işləyən müəllimlərlə maraqlanırdım. Belə kənd məktəblərində fizika fənninin tədrisinə ehtiyac var. Kəndlərdə fizika müəllimi az olduğu üçün bu seçimi etdim və internetdə məktəbin fəaliyyəti ilə maraqlandım, çox xoşuma gəldi”.

Aygün Balayeva qısa müddətdə bu fənni şagirdlərinə sevdirə bilib. Gənc müəllimin şagirdlərinin indi Fizika fənninə böyük marağı var.

Məktəbin şagirdlərindən İnqilab Məmmədli və Nazlı Museyibova ilə söhbət edirik. Deyirlər ki, Aygün müəllimin onlara dərs deməyinə görə çox sevinirlər. Hər gün dərs saatı gəldikdə, parta arxasına keçir, dərsi maraqla dinləyirlər.

Aygün Balayeva qonşu kənddə onunla birlikdə çalışan rəfiqəsi ilə qalır. Buradakı qonaqpərvərlikdən məmnun qalan gənc müəllimin yaşadığı ünvana valideynləri də baş çəkib.

Uzun və kəşməkəşli yolun ilkin mərhələsinə qədəm qoyan gənc müəllimlərin əməyinə dövlət tərəfindən yüksək qiymət verildiyini deyən müsahibimiz, son illər müəllimlik peşəsini seçənlərin sayının artdığını bildirib. O, ucqar kəndlərdə müəllim işləməkdən boyun qaçıran bəzi həmkarlarına da səslənərək tövsiyələrini verib: “Gənc müəllim olaraq kənddə işlədiyim üçün heç də peşman deyiləm. Əksinə, digər müəllimlərə deyirəm ki, kəndi görmədən qərar verməsinlər. Mən bura gəldiyim gündən təkcə müəllim kollektivindən deyil, həm də sakinlərdən xoş rəftar görürəm. Onlar mənə ailə üzvü kimi yanaşırlar. Valideyinlərim də buranı gəlib görüblər və çox məmnun qalıblar”.

Qeyd edək ki, Şovu kəndi Lənkəranın mərkəzindən 20 kilometr aralıda yerləşir. Aygün Balayeva dağlarla əhatə olunan bu kənddə dərs deməkdən zövq alır. O, hələ uzun illər bu kənddə çalışacağını qarşısına məqsəd qoyub.

Bu il Lənkəranda ümumtəhsil məktəblərində 130-dan çox gənc müəllim kimi fəaliyyətə başlayıb. Bunun da 50 faizini digər bölgələrdən gələn gənc müəllimlər təşkil edir. (Azərtac)

image description image description image description image description image description image description