Obama Mursiyə “get” dedi

Misir prezidenti Məhəmməd Mursi ordunun 48 saat ərzində ölkədəki böhranın çözülməsi ilə bağlı verdiyi ultimatumu rədd edib.

Prezident Sarayının yaydığı yazılı açıqlamada qeyd olunub ki, ordu bu bəyanatı prezidentlə məsləhətləşmədən yayıb və bəyanatda yanlış anlaşılacaq ifadələr yer alıb.

Açıqlamada vurğulanır ki, demokratik, sivil, modern Misir dövlətinin yaradılması 25 yanvar 2011-ci il inqilabının ən böyük uğurudur və Misir bu uğuru qorumaq üçün hansı şərt altında olursa olsun, müqavimət göstərəcək: "Misir bu yeni dövlət qurmaq üçün ağır itkilər verib. Fikir ayrılıqlarının aradan qaldırılması üçün yeganə yol demokratiyadır. Prezident ölkədə barışı zədələyəcək açıqlamalara diqqət yetirmədən xalqın tələblərinin yerinə yetirilməsi üçün müəyyənləşdirilmiş yolla irəliləyir. Prezident Məhəmməd Mursi demokratik keçid prosesini tamamlamaq, xalqın iradəsini qorumaq məqsədilə bütün siyasi tərəflərlə müzakirələri davam etdirməkdədir".

Misirdə sələfi yönümlü Nur Partiyası isə ölkədə siyasi böhranın aradan qaldırılması üçün Məhəmməd Mursiyə 3 təklif verib. Bu təkliflər növbədənkənar prezident seçkilərinin elan edilməsini, texnokrat hökumət və yeni Konstitusiya Komissiyası yaradılmasından ibarətdir. Bu arada ABŞ prezidenti Barak Obama da Məhəmməd Mursi ilə telefonla əlaqə saxlayıb. Barak Obama Məhəmməd Mursini istefa verməyə çağırıb.(lent.az)

AzNews.az