5 dəfə silahlı basqına məruz qalan prezident

“Hər bir çeçen 150 rus öldürməlidir"


"Uca Tanrının köməyi olmadan mən heç nə edə bilməzdim. İnanın ki, Allah yardımçı olandır".

2007-ci ildə Çeçenistan prezidenti seçilən Ramzan Kadırov, həm də boks üzrə idman ustasıdır.

Həyat devizi: "Hesab edirəm ki, çeçen olmaq ən böyük xoşbəxtlikdir".

Onun çox qarışıq tərcümeyi-halı var. Əvvəlcə silahlıların, daha sonra federal hökumətin tərəfində vuruşan Kadırov, tənqidçilərin fikrincə, respublikanı zor gücünə idarə edir. Ancaq aparılan sorğuya görə, xalqın əksər faizi "Kadırovu bizə Allah yetirib" deyir.

1976-cı oktyabrın 5-i İnquşetiyada anadan olub. Orta məktəbi bitirdikdən sonra silahlıların dəstəsinə qoşularaq onlarla çiyin-çiyinə vuruşmağa başlayır. 1996-cı ildə atasının həm köməkçisi, həm də şəxsi cangüdəni vəzifəsini daşımağa başlayır. Həmin illərdə separatçılarla müttəfiq olan Kadırov atasının hökumət tərəfinə keçməsindən sonra təhlükəsizlik xidmətinin rəisi vəzifəsində çalışmağa başlayıb.

Kadırov 5 dəfə silahlı basqına məruz qalıb. Bu basqınların sifarişçiləri bəlli olmasa da, medianın yazdığına görə, basqınlar yerli əhali tərəfindən təşkil edilib.

2004-cü ildə atasının ölümündən sonra uzun müddət davam edən narazılıq və söz-söhbətə baxmayaraq, Kadırov baş nazirin müavini vəzifəsinə gəlir. Çeçenistan hökuməti Vladimir Putindən konstitusiya riayət etməyi tələb etsə də, Putin Kadırovun vəzifəyə gəlməsinə mane olmur. ( Rusiya konstitusiyasına görə, ölkədə 30 yaşı tamam olmayan şəxs baş nazirin müavini vəzifəsinə gələ bilməz)

Kadırov dəfələrlə mediaya prezidentliyə iddialı olmadığı barədə açıqlama versə də, yerli əhali yaxın gələcəkdə məhz onun prezident seçiləcəyini istisna etməyib.

2 mart 2007-ci ildə Çeçenistanda keçirilən prezident seçkiləri zamanı Kadırov, respublikanın 58 deputatının 56-sının dəstəyi və Rusiya Federasiyasının prezidenti Vladimir Putinin "hə"si ilə prezident seçilir.
Ramzan Kadırov evlidir. 4 qız, bir oğul atasıdır. Bundan əlavə o, 2008-ci ildə 3 uşağı övladlığa götürüb. Onun sözlərinə görə, yaxın illərdə daha 10 uşağı övladlığa götürərək, onları maddi və mənəvi cəhətdən təmin edəcək.

Prezidentə olan münasibət

Ramzan Kadırova münasibət ölkədə birmənalı deyil. Belə ki, bəziləri onu Çeçenistanın xilaskarı adlandırsa da, bəziləri prezidenti ölkədə sovet diktaturası qurmaqda ittiham edir.

Danışmaq istəmədiyi mövzular

Kadırovun sevmədiyi və danışmaq istəmədiyi mövzulardan biri müharibədir. Hər dəfə müharibə ilə bağlı verilən suallarda o, "mənim uşaqlığım olmayıb. 15-16 yaşlarımdan atamla birgə vuruşmuşam. O illəri xatırlamaq belə istəmirəm".

Prezidentin heç sevmədiyi suallardan biri də "Siz niyə Rusiya tərəfinə keçdiniz" sualıdır. Dəfələrlə müsahibələrdə bu sualla qarşılaşan Kadırov, "Mən xalqın tərəfindəyəm və həmişə xalqla birgə olmuşam. Bilmirəm kim kimin tərəfinə keçib, ancaq bildiyim odur ki, ürəyim həmişə xalqla olub".

Ramzan Kadırovun danışmaq istəmədiyi ən əsas mövzu atasının ölümü ilə bağlıdır. Məlumat üçün deyək ki, 2005-ci ildə o atasının şəxsi cangüdəni vəzifəsini daşıyırdı. Və atasına sui-qəsd hazırlana vaxt
Kadırov Moskvada səfərdə olub.

Atası haqqında danışan Kadırov deyir : "Mənim üçün ata böyük anlamdır. Həmişə deyirəm ki, mən xalqımı sevirəm, onların tərəfindəyəm. Ancaq xalq atamı belə xatırlayır. Biz azıq, ruslar çoxdur. Əgər müharibə edəsi olsaq, hər bir çeçen 150 rus öldürməlidir".

Kadırovun kumiri

Prezident Ramzan Kadırovun əsas kumiri Rusiya prezidenti Vladimir Putindir. Onun haqqında danışan Ramzan "Putin idealdır, o mənim kumirimdir. O sadəcə möhtəşəm insandır" - deyir.

Hobbisi

Prezident digər həmkarlarından qeyri-adiliyi də fərqlənir. Məsələn, onun şəxsi sürücüsü yoxdur. Gündəlik həyatda sürücüdən istifadə etmir. Və öz avtomobilini özü idarə etməyi sevir. İdmanla məşğul olmaq - əsas hobbisidir. Ən sevdiyi idman növü boksdur. Musiqini sevən Kadırovun ən sevdiyi ifaçılardan biri Rusiyanın məşhur "Qlükoza" qrupudur.

Aynur Hüseynova
AzNews.az