Putin türk əsgərlərinə “merheba” dedi

İlk olaraq Anitqəbiri ziyarət edən Rusiya prezidenti Vladimir Putin Ankarada Prezident Sarayında prezident Ərdoğan tərəfindən qarşılanıb.



AzNews.az xəbər verir ki, rus və türk bayraqlarını daşıyan atlı süvarilərin müşayiətilə Prezident Sarayına gələn Putini prezident Ərdoğan sarayın əsas giriş qapısında qarşılayıb.

Rusiya və Türkiyə dövlət himnlərinin oxunmasından sonra Putin "Merhaba əsgər" deyərək türk əsgərlərini salamlayıb. Havaya 21 top atəşi açılıb.

Daha sonra Putin və Ərdoğan nümayəndə heyətlərini bir-birlərinə tanıdıb.

Mərasimə ədliyyə naziri Bəkir Bozdağ, xarici işlər naziri Mevlüt Çavuşoğlu, iqtisadiyyat naziri Nihat Zeybekci, Enerji və Təbii Sərvətlər naziri Taner Yıldız, Əmək və Sosial Müdafiə naziri Faruk Çelik, Prezidentin baş katibi Fəxri Qasırğa, Baş katibin müavini İbrahim Qalın ilə sabiq Nəqliyyat, Dənizçilik və Kimlik naziri Binali Yıldırım da qatılıb.
Xüsusi təyyarəsi ilə saat 13.08-də Ankaraya gələn Putin və onun nümayəndə heyətini Esenboğa hava limanında Enerji və Təbii Sərvətlər naziri Taner Yıldız qarşılayıb. Qarşılanma mərasimində Türkiyə Xarici İşlər Nazirliyinin rəsmiləri ilə yanaşı Rusyanın Türkiyədəki səfirliyinin əməkdaşları da iştirak edib.

Təyyarədən endikdən sonra Putin öz maşınına minərək konvoyla hava limanından ayrılıb.