Onun I vitse-prezident kimi yaratdığı nümunəvi dövlət adamı modeli Azərbaycanda yeni ictimai müqavilə imzalanması üçün son dərəcə önəmli sosial-siyasi amildir Onun I vitse-prezident kimi yaratdığı nümunəvi dövlət adamı modeli Azərbaycanda yeni ictimai müqavilə imzalanması üçün son dərəcə önəmli sosial-siyasi amildir

Mehriban xanım Əliyeva- yeni Azərbaycanda yeni siyasi sima

Onun I vitse-prezident kimi yaratdığı nümunəvi dövlət adamı modeli Azərbaycanda yeni ictimai müqavilə imzalanması üçün son dərəcə önəmli sosial-siyasi amildir

26 avqust- respublikamızın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın doğum günüdür. Bu münasibətlə ilk növbədə çox hörmətli Mehriban xanımı təbrik edir, yeni nailiyyətlər arzu edirəm. Tanınmış insanların doğum günü onların fəaliyyətinə, cəmiyyətdəki rollarına, dövlətdəki funksiyalarına ictimai baxış keçirməyə impuls verən bir hadisədir, əlbəttə. Xüsusən də o şəxs öz sistemli fəaliyyəti ilə uzun illər ərzində cəmiyyətin rəğbətini qazanıbsa, tutarlı tənqidlərə əsas vermədən öz xeyirxahlığı ilə sadə vətəndaşların ümid yerinə çevrilibsə, çoxsaylı təşəbbüsləri ilə həm əsl xalq, həm də əsl dövlət adamı kimi milli müstəqilliyimizin möhkəmlənməsinə böyük töhfələr veribsə, haqqında söylənilən fikirlər doğum günü təbrikinin pozitiv etiketi kimi qarşılanmamalı, görünməməlidir, əsla. Çünki Azərbaycan böyük sınaqlar qarşısındadır. Bir şərq toplumu, şərq dünyasında çağdaşlaşmaq əzmini hər fürsətdə prinsipal şəkildə ortaya qoymuş mübariz xalq və gənc dövlət olaraq tarixi döngələrdən keçmək üzrəyik. Xalqımızın minillikləri əhatə edən ağrılı-acılı inkişaf yolunun üstündə qalaq-qalaq toplanmış problemlər, sürətlə dəyişən dünyanın qlobal çağırışları, bu çağırışları müşayiət edən elmi-texniki tərəqqi fonunda cəmiyyətimizin gözləntilərinin kökündən dəyişməsi, analitik və çevik düşünmək keyfiyyətləri olduqca yüksək olan yeni yaş nəslinin xüsusi elektoral seqment kimi önə çıxması yeni tarixi mərhələyə yeni sosial sözləşmə- ictimai müqavilə ilə adlamağımızı labüd edir.

Heç şübhəsiz, məmləkətimizi sevməyən qüvvələr də bu zərurəti görür və bütün cəhdlərini ona yönəldirlər ki, öz ideoloji-siyasi məzmununa görə Azərbaycanın dövlət müstəqilliyi ilə eyniləşmiş Ulu Öndər Heydər Əliyevin hakimiyyət platforması zamanın qatarındakı bu yükü- yeni ictimai müqaviləni qəbul edə bilməsin, cəmiyyət və hakimiyyət arasındakı davamlı bağlar- relslər sıradan çıxsın, müxtəlif rəngli-rəngsiz inqilablar dalğasında milli tərəqqimiz təbii, dinc, sivil inkişaf yolundan saparaq qeyri-müəyyənliyə yuvarlansın. Azərbaycan cəmiyyəti də, hakimiyyəti də bu təhlükəni aydın görür və hiss edir. Nəticədə nəzərlər Prezidentlə yanaşı Mehriban xanım Əliyevaya- həm həyatda, həm də dövlətdə İlham Əliyevin ən yaxın, ən doğma adamına çevrilir. Bu sətirlərin müəllifi də daxil olmaqla, dövlət başçısının səmimi tərəfdarlarının və dayanıqlı elektoratının nümayəndələrinin mövqeyi bu baxımdan ictimai rəyə çoxdan sirr deyil: İlham Əliyevin iştirak etdiyi istənilən seçkidə birmənalı olaraq onu dəstəkləməyi, onun qatılmayacağı səsvermələrdə isə milli dövlətimizin qurucusu Heydər Əliyevin siyasi irsinin təmsilçisi kimi Mehriban xanım Əliyevanı müdafiə etməyi mənəvi-ideoloji prinsip hesab edirlər. Mehriban xanım Əliyevanın timsalında yeni bir liderin formalaşmasını və hazırda dövlətdə ikinci ən yüksək postu tutaraq zəngin idarəçilik təcrübəsi toplamasını cəmiyyət müəyyən xarici müdaxilələr nəticəsində ölkəmizdə sabitliyin pozulması ehtimalından ən optimal müdafiə mexanizmi kimi qarşılayır. Hakimiyyət isə, istənilən siyasi iqtidarı narahat edən davamlılıqla bağlı suallara tapdığı son dərəcə uğurlu cavabla istər ənənəvi, istərsə də sistemdənkənar müxaliflərinin siyasi cazibədarlığını minimuma endirir.

Cəmiyyətin və hakimiyyətin uzun illərdir sərgilədiyi ortaq iradənin yeni bir favorit ismin siyasi perspektivinin təminatına çevrilməsi, milli həmrəylik və sosial güvən yönündə toplumun bütün qatlarından fasiləsiz yüksələn tələbləri ardıcıl olaraq duymazlıqdan, eşitməzlikdən gələn marginal müxalif qrupları da, onların əyninə yeni narıncı köynəklər geyindirməyə məqam gözləyən bəzi xarici mərkəzləri də indidən əl-ayağa düşməyə sövq edib. “İlham Əliyev postundan çəkilməyə hazırlaşır, iqtidarı öz ailə üzvünə ötürmək istəyir” kimi şayiələrin son zamanlar çoxalması 2025-ci ilə qədər- yəni, prezidentin qanuni səlahiyyət müddətinin bitməsinədək belə bir planın həqiqətən var olub-olmamasını dəqiq bilməkdən və ya ümumi gedişata baxıb təxmin etməkdən daha çox, məhz xalqın rəğbəti ilə Mehriban xanım Əliyevanın, həyat yoldaşının iştirak etmək istəməyəcəyi halda, ilk seçkiləri qazanaraq üzərinə götürməyə tam hazır olduğu məsuliyyət arasında süni legitimlik probemi yaratmağa hesablanıb. Lakin bu yersiz cəhdər milli suverenliyimizin şərtsiz və şəksiz sahibi olan Azərbaycan vətəndaşlarının vicdani qənaətlərinə zidd olduğundan ictimai rəydə bərkimir, heç bərkiməyəcək də. Bunun bir neçə səbəbi var:

- Dövlət təşkilatında üzə çıxan nöqsanlara, etiraf olunan və olunmayan bütün yanlışlıqlara rəğmən, xalq Əliyevlər hakimiyyətinin hər zaman əsas, dəyişməz və yeganə qaynağı olub, bütün proseslərin mərkəzində yer alıb və hansı problemlər məngənəsindən hansı inkişaf səviyyəsinə çatmasının fərqindədir;

- Müxaliflərin Əliyevlər iqtidarının olan-olmayan yanlışlıqlarını böyük şövqlə səsləndirmələrini cəmiyyət hələ onların özlərinin doğru yolda olmalarının isbatı kimi qarşılamır. Mülahizəmizi izah etmək üçün Azərbaycan hakimiyyətinə iddiaçı qrupların son günlər tez-tez istinad etdiyi Belarusdakı olaylara biz də boylanaq. Belarusda protest elektoratının müxalif partiyaların və liderlərin iştirakı olmadan “Teleqram” sayəsində təşkilatlanması bizə nə deyir? Onu deyir ki, Azərbaycanda gerçəkləşdirilməsinə dəfələrlə cəhd olunmuş müxtəlif məxməri inqilab ssenarilərinin iflasa uğramasının çoxsaylı səbəblərindən biri də, istənilən cəmiyyətdə mövcud olan protest elektoratının ölkəmizdə müxalifətin özünü də protest etməsidir. Bir qədər aydın təsvir etməyə çalışsaq, prezident Əliyevin və onun siyasi davamçısı kimi Mehriban xanım Əliyevanın istənilən rəqibinə qarşı çoxluğun etimadsızlığı bir yana, hətta narazı elektorat daxilində də böyük ölçüdə narazılıq var. Bu elektorata xitab edən istənilən namizədin personasına olan seqmentdaxili hiddətlə müqayisədə bəlli zümrənin hakimiyyətdən sosial-siyasi narazılığının motivləri daha yumşaqdır.

- Cəmiyyətlərə həqiqəti çatdıran və doğru yolu göstərən xarici təlqinlər və uzaqdakı presidentlər deyil, cəmiyyətdəki ortaq düşüncənin özünün təbiətindəki dəlillərdir. Bu dəlillər kollektiv uyum və uyumsuzluqlardan doğur. Bu uyum və uyumsuzluqlar toplumların ümumi təcrbəsini yaradır və məhz bu təcrübə əsasında onlar məsuliyyətlərini həvalə edə biləcəkləri liderləri başqalarından ayırd edirlər. Axı liderlik məhz başqalarından daha fərqli, daha dərin, daha fərqli xüsusiyyətlərə sahib olmaq deməkdir və bu məqamda ABŞ nəzəriyyəçisi Uarren Bennisin sözləri tam yerinə düşür: “Liderlik- tərif və təsvir edilə bilməz, amma görəndə onu dərhal tanıyarsınız”!

Müşahidələr onu göstərir ki, Prezident Əliyev bütün proseslərə tam nəzarət edir, kifayət qədər qətiyyətli və çevik addımlar ataraq milli maraqlarımızı ləyaqətlə qoruyur, Azərbaycan prezidenti olaraq öz faliyyətində xalqın yüksək etimadına arxalanır və onun reytinqi kifayət qədər yüksəkdir. Buna paralel olaraq, elan olunmuş bir niyyətə və iddiaya söykənməsə belə, cəmiyyətimizin Mehriban xanım Əliyevanı post-İlham Əliyev dövründə siyasi estefati qəbul etməyə hazır bir dövlət xadimi kimi tanıması və qəbul etməsi ictimai rəydəki gerçəkliklərdən biri olaraq xüsusi təhlil edilməli sosioloji mövzudur. Vacib məqamlardan biri də budur ki, ötən əsrin 90-cı illərində “dəmir əl”ə ehtiyac duyan patriarxal toplum uzun bir məsafə qət etdikdən sonra, siyasi nəzəriyyəçilərin ANA tipli liderlər (obrazlı şəkildə belə ifadə olunur: “Öz çantasında daim aspirin gəzdirir, cəmiyyəti doğmalara və yadlara bölmədən başı ağrıyan hər kəsə aspirin verərək onun qayğısına qalır, analıq şəfqəti göstərirlər”) olaraq səciyyələndirdiyi yeni siyasi obraza simpatiya ilə yanaşır. Toplum nöqteyi-nəzərindən bu dəyişikliyə səbəb müstəqilliyimizin davamlılığı, ölkəmizdəki siyasi sabitlik, sərbəst bazar iqtisadiyyatına keçid prosesində əldə olunan nailiyyətlər və bu nailiyyətlər qarşılığında sosial rolların gender fərqi gözləmədən möhkəmlənməsidir. Ötən əsrin sonlarında siyasi liderləri Azərbaycan səhnəsinə, sadəcə, “o, bizim üçün nə edə bilər” sualı çıxarırdı, gələcək haqqında heç bir aydın təsəvvürə malik olmayan, evini-eşiyini, torpağını, doğmalarını, güzəranını itirmiş insanların təhlükəsizlik ehtiyacı daha ön planda idi. Lakin cəmiyyət sovetlər dönəminin sosial-ekonomik şərtlərindən və müstəqilliyin ilk illərindəki aqoniyadan uzaqlaşdıqca liderlər və elektorat arasındakı münasibətləri onların vətəndaşların şəxsi uğur hekayəsindəki siyasi rolları tənzimləyir.

Bu baxımdan ölkənin nüfuzlu ailələrinin birində dünyaya göz açmış, ali təhsilli həkim olaraq keçmiş SSRİ-nin tibb üzrə ən ciddi elmi-tədqiqat institutlarında işləmiş, Heydər Əliyev kimi nəhəng tarixi şəxsiyyətin ocağında siyasətin xarakterini və dərinliyini öyrənmiş və hətta müəyyən dövrlərdə çətinliklərini, məhrumiyyətlərini görmüş, ömür yoldaşı İlham Əliyev Azərbaycan prezidenti olduqdan sonra ölkəmizdə ilk dəfə birinci ledilik institutunu yaratmış Mehriban xanım üçün vətəndaşları uğura yönləndirmək, insan resurslarımızı ali hədəf- bütöv, qüdrətli, zəngin Azərbaycan uğrunda səfərbər etmək heç də mürəkkəb məsələ deyil. Şərtlərə meydan oxumaq, çətinlikləri dəf etmək, yeni reallıqlar yaratmaq üzvü olduğu ailənin ən ümumi xarakterik xüsusiyyətidir. Mehriban xanım üçün daha bir üstün amil Prezident İlham Əliyevin missiya və viziyasının cəmiyyət tərəfindən mənimsənilməsi, sadə xalqla birinci ailənin mənsubları arasında dərin mənəvi-emosional tellərin olmasıdır.

Azərbaycan cəmiyyəti cənab prezidentin də, onun həyat yoldaşının da hər zaman vətəndaşların problemlərinə yüksək həssaslıqla yanaşdığını hiss edib, yaxşı gündə, pis gündə onları öz yanında, həyətində, süfrəsində doğması kimi görüb. Heydər Əliyev Fondunun təşkilatçığı ilə keçirilən çoxsaylı xeyriyyə kampaniyaları, marafonlar, aksiyalar Mehriban xanım Əliyevanın yüksək təşkilatçılıq qabiliyyətinin əyani göstəriciləridir. O, parlament fəaliyyəti dövründə amnistiya aktlarının təşəbbüskarı kimi çıxış edərək minlərlə soydaşımızın azadlığa qapısını açıb, minlərlə valideynin duasını qazanıb. Nəhayət, ölkəmizin inkişafına töhfələr verən ardıcıl və məqsədyönlü fəaliyyəti ilə Mehriban xanım Əliyevanın I vitse-prezident kimi yaratdığı nümunəvi dövlət adamı modeli dövlət başçısının siyasi dayaqlarını möhkəmləndirməklə yanaşı, Azərbaycanda yeni ictimai müqavilə imzalanması üçün son dərəcə önəmli sosial-siyasi amildir. Bu yeni ictimai müqavilə isə referenfum vasitəsi ilə qəbul olunacaq yeni konstitusiyadır.

Taleh ŞAHSUVARLI,

AzNews.az analitik-informasiya portalının baş redaktoru