Fransa səfirinin mesajı məsələni diplomatik masaya qoyub Fransa səfirinin mesajı məsələni diplomatik masaya qoyub

“Ottava Sözləşməsi”nə qoşulmağı niyə nəzərdən keçirməliyik?

Fransa səfirinin mesajı məsələni diplomatik masaya qoyub

Dünən dünyada Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım Günü qeyd olundu.

Günün verdiyi imkandan yararlanan Azərbaycan bir dövlət olaraq haqlı mövqeyini bütün dünyaya bir daha bəyan etdi.

Çeşidli dövlət qurumları və yetkililəri müraciətlər yaydılar, beynəlxalq ictimaiyyətə səsləndilər.

Xarici işlər nazirliyi xüsusi bəyanatla çıxış edərək həm Ermənistanı daha bir dəfə ifşa etdi, həm də diplomatik korpusumuza Azərbaycanın işğaldan azad olunan torpaqlarımızda basdırılmış minaların xəritəsini Ermənistandan almaq üçün bütün mümkün vasitələrdən istifadə edəcəyi barədə təlimatlandırmış oldu.

Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev siyasətçilərin, diplomatların, ekspertlərin, belə deyək, qısa və konkret danışmağı sevənlərin sosial şəbəkəsi olan “Twıtter”də Ermənistan tərəfindən torpaqlarımıza yerləşdirilmiş minaların mülki əhalimiz üçün törətdiyi təhlükəni bir daha qınadı və gündəmə gətirdi.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Komitənin nəzdində fəaliyyət göstərən İctimai Şuranın üzvləri- ixtisaslaşmış QHT rəhbərləri xüsusi çağırış yayaraq beynəlxalq təşkilatları Ermənistanın minalanmış ərazilərin xəritəsini ölkəmizə verməkdən boyun qaçırmasını insanlıq əleyhinə növbəti cinayət kimi qiymətləndirməyi təklif etdi.

Azərbaycanın İnsan haqları üzrə müvəkkili- Ombudsman Səbinə Əliyeva Ermənistanın minalanmış ərazilərin xəritəsini Azərbaycana təqdim etməməklə qeyri-sivil və destruktiv bir yanaşma sərgilədiyini ifadə etdi. Ombudsman Aparatı ingilis dilində çox effektli bir video-çarx hazırlayaraq yaydı. Bilirsiniz, adına ümumi şəkildə “beynəlxalq ictimaiyyət” dediyimiz kateqoriya amorf bir nəsnə deyil, çox sayda qurum və quruluşlardan ibarətdir ki, ombudsmanlar şəbəkəsi bu müstəvidə önəmli təsisatlardan biridir. Bu şəbəkənin potensialından, gücündən Azərbaycanın lehinə istifadə etmək üçün Səbinə Əliyevanın erməni həmkarını üstələməsi danılmaz faktdır. Dünən bu faktlar silsiləsinə daha bir yaxşı addım yazıldı.

Siyasi şərhçilər, ictimai xadimlər, media nümayəndələri məsələni müxtəlif yönlərdən təhlil etdilər.

Diqqətimi çəkən yazıların birində tanınmış ədib və ictimai xadim Əkbər Qoşalı uğurlu bir tapıntı ilə 44 günlük Vətən savaşında qəti məğlubiyyətə uğratdığımız dövləti “ErMİNAstan” adlandırdı.

Biz AzNews.az analitik-informasiya portalı olaraq mövzunu xüsusi diqqətdə saxladıq.

Qısacası, dünən hamımız “sapyor” idik və dünən hamımızın “sapyor” olmağımızla bir neçə məqam da yəqinləşmiş oldu.

İlk növbədə o yəqinləşdi ki, Azərbaycanın dövlət təşkilatı milli məsələlərin çözülməsi üçün kifayət qədər mütəhərrik və prinsipial çalışır, cəmiyyəti, ictimai rəyi dərhal səfərbər etməklə beynəlxalq müstəviyə açılır, Ermənistanı hər məsələdə sıxma-boğmaya salır.

Ötən əsrin sonlarındakı ilk Qarabağ savaşında məğlub olmamızın əsas səbəblərindən biri, zənnimcə, elə birincisi bu idi ki, torpaqlarımızı zəbt etmək üçün ermənilər bizdən daha yaxşı təşkilatlanmışdılar. Nəticədə, bizim iqtisadi, demoqrafik və haqqaniyyət kimi üstünlüklərmiz erməni tsexokronizminə uduzdu. Azərbaycan 44 günlük savaşda təkcə ona görə qalib gəlmədi ki, bizim daha güclü və müasir ordumuz vardı. Müstəqillik illərində xalqın təşkilatlanması, ilk növbədə dövlət kimi təşkilatlanması bir proses kimi bizi ermənilərdən önə çıxarıb. Heç şübhəsiz, qələbənin gətirdiyi özgüvən və stimul bəzən natamamlıq kompleksinə düşəcək qədər bir toplum olaraq gözümüzdə böyütdüyümüz erməni diasporuna qarşı daha sistemli fəaliyyət göstərməyimizə təkan verir.

Bəli, Qarabağda savaş bitib, ancaq Ermənistanın işğalçı siyasətinə qarşı mübarizə arxada qalmayıb, tsexakronizm Ermənistanın dövlət ideologiyası olaraq qaldıqca da bitməyəcək.

Qarabağda minalanmış sahələrin xəritəsinin Azərbaycana təqdim edilməməsi Ermənistanın tsexakronizmdən əl çəkmək həvəsində olmamasının ən bariz isbatlarından biridir.

Ermənistan həmin xəritəni Azərbaycana təqdim etməkdən ona görə boyun qaçırır ki, Qarabağda məskunlaşma prosesi geciksin, yurd-yuvalarına dönmək istəyən vətəndaşlarımız tələf olsunlar, şikəst qalsınlar.

Azərbaycan prezidenti İlham Əliyevin Ermənistanın bu hərəkətini və hərəkətsizliyini “hərbi cinayət” adlandırır. Başqa sözlə, bu o deməkdir ki, Ermənistan kapitulyasiya aktı imzalayaraq məğlub olduğu Azərbaycana qarşı hərbi cinayətlərini davam etdirmək fikrindədir.

Bəs, bu cinayətin qarşısını necə almaq olar?

10 noyabrda imzalanan Üçtərəfli Bəyanatda Ermənistanın minalanmış sahələrin xəritəsini Azərbaycana verməli olması ilə bağlı xüsusi bir qeyd yoxdur. Lakin həmin bəyanatın ən önəmli maddələrindən biri məcburi köçkünlərin yurdlarına dönüşünü əks etdirir. Ermənistan üzərinə götürdüyü öhdəliyə uyğun olaraq həmin prosesə mane olmamalıdır, mane olmamaq üçün də xəritəni təqdim etməlidir. Üçtərəfli Bəyanatın müddəlarının gerçəkləşməsi ilə bağlı keçirilən görüşlərdə, iclaslarda Azərbaycan həm Ermənistandan, həm də atəşkəsə qarant dövlət kimi Rusiyadan sözügedən xəritəni tələb etməlidir.

Əlimizdə başqa bir rıçaq da var.

Bu, Azərbaycanın minaların qadağan edilməsi ilə bağlı Ottava sazişinə qoşulmasının mümkünlüyünün hökumət, parlament və ictimai çevrələr müstəvisində nəzərdən keçirilməsidir.

Məlum olduğu kimi, qısaca olaraq “Ottava sazişi” adlanan “Anti-personal minaların istifadəsinin, saxlanılmasının, istehsalının və çatdırılmasının qadağan və ləğv edilməsi barədə” müqavilə bir çox dövlətklər tərəfindən 4 dekabr 1997-ci ildə imzalanıb və 1 mart 1999-cu ildən qüvvəyə minib. ABŞ və Rusiya, o cümlədən Qafqaz dövlətlərindən heç biri bu müqaviləyə qoşulmayıb.

Hazırda, səhv etmirəmsə, dünyanın 164 ölkəsinin imzaladığı bu müqaviləyə Azərbaycanın maraq göstərməməsi içində olduğu savaş şərtlərinə bağlı idi. Ancaq Qarabağ müharibəsində əldə etdiyimiz zəfər situasiyanı dəyişdirib. Bu ilin fevralında Fransanın ölkəmizdəki səfiri Zakari Qross da “Twitter”də Azərbaycanın və Ermənistanın Ottava Konvensiyasına qoşulmasının “ürəkaçan olacağı” mesajını verib. Necə deyərlər, təklif artıq diplomatik qaydada səslənib.

Azərbaycan rəsmi olaraq hər zaman bəyan edib ki, sırf Ermənistanla münaqişə ucbatından bu konvensiyaya qoşula bilmir, lakin onun məzmun və fəlsəfəsini dəstəkləyir. Bir dövlət olaraq mahiyyətcə dəstəklədiyimiz bir konvensiyaya qoşulmağın ön şərti isə, heç şübhəsiz, Ermənistandan minalanmış ərazilərin xəritəsini almaqdır. Bu şərtin irəli sürülməsi Ermənistanı dünyanın 164 ölkəsinin qarşısında müvafiq kontekstdə hər baxımdan fakt qarşısında qoyacaq.

Diplomatiyamız belə bir imkanı niyə dəyərləndirməsin ki?

Taleh ŞAHSUVARLI,

AzNews.az analitik-informasiya portalının baş redaktoru