Cinayətkar xunta qalıqlarının Azərbaycan məhkəməsinə çıxarılmasına sayılı günlər qalıb Cinayətkar xunta qalıqlarının Azərbaycan məhkəməsinə çıxarılmasına sayılı günlər qalıb

Xankəndidəki korlar

Cinayətkar xunta qalıqlarının Azərbaycan məhkəməsinə çıxarılmasına sayılı günlər qalıb

Portuqaliya yazıçısı, Nobel mükafatı lauretı Jose Saramaqonun “Korluq” adlı romanı var. 1995-ci ildə yazılıb. Artak Bəyləryan, özünü həyasızca “Dağlıq Qarabağ Respublikası”nın “dövlət naziri” kimi təqdim edən Tanrının zavallı, şikəst və zəlil bəndəsi də elə həmin il kor olub. Düşmən də olsa, bir insanın fiziki qüsurlarını qabartmağın tərəfdarı deyiləm. Ancaq “axsaq yabının kor nalbəndi olar” deyib atalarımız. Xankəndidəki cinayətkar xunta qalıqlarının da “naziri” də elə Artak kimi insanlıq artıqları ola bilər. Saramaqonun romanının əsas mesajı budur ki, korluğun yoluxucu xəstəlik kimi yayıldığı toplumlarda qorxu və təşvişin hakim olması bəşəri və əxlaqi dəyərləri məhv edir. Eynilə Xankəndidə olduğu kimi. 1988-ci ildən bəri seperatizm korluğuna tutulanlar gerçəkləri heç zaman görmədilər. Korluq, gözünü qan örtmüşlük yoluxucu xəstəlik kimi gah İrəvandan Xankəndiyə, gah da Xankəndidən İrəvana dalğa-dalğa yayıldı. 2020-ci ilin payızında Azərbaycan 44 günlük savaşla Ermənistanın “gözlərini açıb” gerçəkliyə nəzər salmağa məcbur etdi. Amma Xankəndidəki cinayətkar çətənin qalıqları RİA Novostinin bağlı olduğu dairələrdəki ağalarımız bizə “kor deyib” prinsipindən hələ də əl çəkmir...

1988-ci ildə Qarabağda seperatçı dalğa başlayanda Artak Bəyləryan hələ doğulmamışdı. Korliq ermənilər arasında yoluxucu xəstəlik kimi yayılana qədər, onlar Bakıda, Gəncədə, Sumqayıtda və Azərbaycanın bütün ərazilərində heç bir milli və dini ayrıseçkiliyə məruz qalmadan yaşayırdılar. Qarabağdakı ermənilərin kefləri isə, yerli azərbaycanlılara baxanda daha kök idi. Etnik seperatizmlə, nifrətlə, müharibə ilə nə qazandılar? Özləri də daxil olmaqla regionun bütün xalqlarına faciə gətirdilər, Cənubi Qafqazın təbii sosial-siyasi inkişafına əngəl oldular. Ağdamda, Füzulidə daş üstdə daş qoymamaqla çağdaş dünyanın barbarlıq tarixini yazdılar. Kəlbəcərdən unitaz qucaqlayaraq çıxdılar. Şuşa kimi ecazkar şəhərin qapısız, pəncərəsiz, yarısı uçmuş binalarının damında ağaca dönmüş kol-kosların 30 yaşı var. İndi Şuşa Azərbaycanın nəzarətindədir, aurasına, şöhrətinə, məzmununa yenidən qovuşur. Xankəndi Şuşanın ayaqları altındadır. Bu türk yurdunda Azərbaycan bayrağını dalğalandırmaq üçün ordumuza cəmi bir neçə saat vaxt lazımdır. Cəmi bir neçə saatlıq Laçın yolunu bağlasaq və dövlət sərhədində Ermənistanın sınıq-salxaq ordusunun qabağını kəssək, Şuşadan atılan topların, raketlərin qarşısında Xankəndidə arayiklərin, artakların, sırtıqların girməsinə siçan deşiyi də qalmaz. Odur ki, Qarabağda erməni separatizmi üçün heç bir işıq ucu yoxdur. Nə status olacaq, nə də rus sülhməramlıları bölgədə sonsuza qədər qalacaq. Xankəndi də, Ağdərə də, Əsgəran da, Xocalı da Azərbaycan Azərbaycan prezidentinin təyin etdiyi nümayəndələr tərəfindən idarə olunacaq. Felin zamanı qəti, günlərsə sayılıdır. 2025-ci ildə rus sülhməramlıları ya hərbi xuntanın qalıqlarını Azərbaycana təhvil verərək mandatlarını daha beş il uzada bilərlər, ya da əşyalarını toplayıb gedərlər. Bütün hallarda Arayikin çətəsinin işinə baxılması üçün ən münasib yer “Yaşma”dır. Əgər Artaq Bəyləryan bu məhkəmədə əfv olunsa, gələcəkdə Xankəndidə korlar cəmiyyətinə sədr ola bilər. Azərbaycan konstitusiyası ilə, qoşulduğu beynəlxalq konvensiyalarla dilindən, dinindən, irqindən asılı olmayaraq bütün vətəndaşlarına gözəl hüquq və azadlıqlar verib. Eyni zamanda, vətəndaşlarının vəzifələrini müəyyən edib. Etnik və dini baxımdan erməni mənşəli olan vətəndaşlara da hər hansı müstəsna hüquq və ya vəzifə nəzərdə tutulmur. Azərbaycan Respublikasına xidmət edəcəklər. Bundan rəncidə olanlar indidən özlərinə dönüşsüz bilet sifariş verə bilərlər.

Azərbaycan Xankəndi və çevrəsindəki etnik erməniləri vətəndaşlaşdırmaq üçün hələlik əldə olan bütün imkanlardan istifadə etmir. Rəsmi Bakı Qarabağın bərpasına və əhalinin doğma yurd yerlərinə qayıdışına daha prioritet məsələ kimi yanaşır, reinteqrasiya üçün alt baza hazırlayır, Ermənistanın ərazi iddialarının qarşısına əbədi sədd çəkir. Ancaq reinteqrasiya prosesi də başlamalıdır və başlayacaq. Ermənistan əvvəlcə ona məcbur ediləcək ki, Azərbaycan əraziləri ilə bağlı açıqlamalarına son qoysun, Xankəndiyə yardımları kəssin və maliyyə-bank əməliyyatlarına dəstəyini dayandırsın. Xankəndi və çevrəsindəki yaşayış məntəqələri Azərbaycanın sosial-iqtisadi sisteminə qoşulmalıdır. Buna mane olmağa nə Ermənistanın əlində ciddi resurslar var, nə də İrəvanı himayə etmək istəyənlərin. Vartan pulsuz, ac, işsiz, işıqsız və soyuqda qalmaq istəmirsə, əmək haqqını, təqaüdünü Azərbaycan manatı ilə alacaq, mübadiləsini milli valyutamızla aparacaq, doğum şəhadətnaməsini, şəxsiyyət vəsiqəsini, pasportunu Azərbaycandan alacaq.

Bu günlərdə məşhur “Qara bağ” kitabının müəllifi Tomas de Vaal “Foreign Affairs” dərgisində post münaqişə mərhələsinə Ukrayna müharibəsi fonunda diqqət yetirdi. De Vaalın yanaşması tipik Qərb baxışı olmaqla, məqalədə Qarabağ ermənilərinə status təklifi irəli sürülürdü. Bəli, Azərbaycan ikinci Qarabağ savaşına qədər münaqişəni sülh yolu ilə çözmək üçün ermənilərə müəyyən status vəd edib. Ancaq bu təkliflər havada qalıb, Azərbaycan öz ərazilərini işğaldan silah gücünə azad edib. Başqa sözlə, Azərbaycan 27 sentyabr 2020-ci ildə düşmənin ilk postunu ələ keçirdiyi andan etibarən sülh danışıqlarının bütün müddəaları tarixin arxivinə atılıb. 44 günlük savaşın yekunu Ermənistanın kapitulyasiya aktı sayılan Üçtərəfli Bəyanatdır. Həmin bəyanatda isə, Qarabağdakı ermənilərə hər hansı status veriləcəyi ilə bağlı bir kəlimə də yoxdur. Odur ki, Tomas De Vaalın ATƏT-in Minsk qrupundakı dostları kimi status məsələsini yenidən gündəmə gətirməyə çalışması bir beynəlxalq ekspert üçün şablonlardan, stereotiplərdən xilas ola bilməməyin əlamətidir. De Vaalın yanaşmasında erməni ekspertlərini qıcıqlandıran, prinsipcə həqiqət, amma həqiqətin ancaq bir qismi olan digər müddəa isə budur ki, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti iqtisadi-coğrafi baxımdan Azərbaycana bağlıdır. Bu, heç şübhəsiz belədir. Ancaq Xankəndi də daxil olmaqla Qarabağın Azərbaycan ərazisi olması təkcə iqtisadi coğrafiyanın şərtlərinə bağlı deyil, eyni zamanda, tarixi və hüquqi gerçəklikdir. Azərbaycanın müstəqilliyi və suverenliyi bu kontekstdə də heç bir halda və formada məhdudlaşdırıla bilməz.

Taleh ŞAHSUVARLI