DİPLOMATİYAMIZIN PRAQA ZƏFƏRİ: ERMƏNİSTAN ÜÇÜN SON MÖHLƏT

Almatı Bəyannaməsinə istinad həm də rəsmi İrəvanın Azərbaycanın iç işlərinə qarışmaq təcrübəsinə son qoyur

Oktyabrın 6-da Çexiyanın paytaxtı Praqada Avropa Siyasi Birliyinin zirvə toplantısı keçirildi. Tədbirdə iştirak edən Azərbaycan Prezidenti İlham Əliyevin fransız həmkarı Emmanuel Makronun təşəbbüsü, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin iştirakı ilə Ermənistanın baş naziri Nikol Paşinyanla görüşdü. Bu, Azərbaycanın Ermənistanla sülh müqaviləsi imzalaması üçün tamamilə yeni format olmaqla yanaşı, eyni zamanda, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Ermənistan rəhbərləri ilə ilk təması fonunda gerçəkləşən müzakirə idi.

Praqaya yola düşməzdən öncə həm Azərbaycan prezidenti, həm də Ermənistanın baş naziri müzakirə atmosferini yumşaldan və xeyli dərəcədə konstruktivləşdirən bir sıra mesajlar vermişdilər. Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin parlamentində çıxış etmiş və nitqinin bəzi epizodlarında açıq, bəzi epizodlarında dolayısı ilə Azərbaycanın irəli sürdüyü şərtlərdən yayınmağın mümkün olmadığını etiraf etmişdi. Praqadakı danışıqlardan sonra isə, Yelisey sarayı açıqlama yaydı və bütün dünyaya bildirdi ki, Praqadakı müzakirələrdə Ermənistan və Azərbaycan Birləşmiş Millətlər Təşkilatının nizamnaməsinə və hər iki tərəfin bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıdığı 1991-ci il Alma-Ata Bəyannaməsinə sadiqliklərini təsdiqləyiblər:

“Onlar təsdiqləyiblər ki, bu, sərhədlərin delimitasiyası komissiyalarının işi üçün əsas olacaq və oktyabrın sonunadək sərhəd komissiyalarının növbəti iclası Brüsseldə baş tutacaq.

Ermənistan Azərbaycanla sərhəddə Aİ-nin mülki missiyasına yardım göstərməyə razılaşıb. Azərbaycan bu missiya ilə ona aid olduğu dərəcədə əməkdaşlığa razılıq verib”.

“Missiya oktyabr ayında faəliyyətə başlayacaq və maksimum iki ay müddətində davam edəcək. Missiyanın məqsədi - güvən yaratmaq və öz hesabatları vasitəsilə sərhəd komissiyalarının fəaliyyətinə töhfə verməkdir”-deyə, bəyanatda vurğulanırdı.

Avropa İttifaqının mülki missiyası Azərbaycanla Ermənistan arasındakı nəzəri sərhədin o üzündə- Ermənistan ərazisində fəaliyyət göstərəcəyindən rəsmi Bakı üçün prinsipial əhəmiyyət daşımır. Azərbaycanın qəti mövqeyi ATƏT-in Minsk Qrupunun yenidən dirçəldilməsinə qarşıdır və rəsmi Bakı Ermənistan ərazisinə mülki müşahidəçilər qrupunun gəlməsinə etiraz etməməklə bu mövqeyini Fransaya da qəbul etdirmiş oldu. ATƏT-in Minsk Qrupundan fərqli olaraq, qısa müddətli müşahidəçi missiyasının Ermənistanla münaqişənin həlli yollarını tapmaq, vasitəçilik etmək, daha doğrusu, bu ad altında 44 günlük savaşdan sonra rəsmi İrəvanın ən böyük arzusu olan yeni status-kvo yaratmaq kimi səlahiyyətləri və vəzifələri yoxdur. Elə bu səbəbdən də Azərbaycan üçün texniki bir heyət olmaqdan ziyadə heç nə ifadə etmir.

Lakin Ermənistan üçün məsələ heç də bu qədər sadə deyil. Faktiki şəkildə Rusiyanın for postu və KTMT üzvü olan Ermənistanın öz ərazisinə və Azərbaycanla sərhədlərinin müəyyənləşdirilməsi prosesinə yeni oyunçular cəlb etməsi Kremlə göstərilən dirsəkdir. Nikol Paşinyanı iqtidara gətirən qüvvələr ondan Ermənistanı Rusiyanın orbitindən çıxarmasını tələb edirlər və bunun üçün hətta okeanın o tayından İrəvana gələrək hər cür maddi-texniki dəstək vəd verirlər. Hər halda, Kremlin təcrübəli rəhbəri və Vladimir Putinin çevrəsindəki peşəkar siyasi texnoloqlar fərq etməyə bilməz ki, ABŞ Nümayəndələr Palatasının sədri Nensi Polesinin İrəvana səfərindən sonra Fransa prezidenti Emmanuel Makronun da Ermənistanı, necə deyərlər, “qanadının altına aldığını” nümayiş etdirməsi başı Ukrayna savaşına qarışmış Rusiyaya qarşı “kollektiv Qərb”in himayəsinə sığınan Nikol Paşinyanın açıq demarşıdır. Elə Azərbaycan prezidenti İlham Əliyevin Praqa müzakirələri barədə danışarkən “Ermənistan baş nazirinə müraciət edəndə ki, nəhayət bizə avtomobil yolu üçün marşrutu verin, yenə cavab ala bilmədim" deməsi də onu göstərir ki, rəsmi İrəvanın kollektiv Qərbin çətiri altında eyforiyaya qapılaraq hətta Üçtərəfli Bəyanata əsasən üzərinə götürdüyü öhdəlikləri də unutduğunu göstərir.

Zira, prezident İlham Əliyev Praqada mətbuata verdiyi açıqlamada xüsusi qeyd etdi ki, kommunikasiyaların açılması mümkün sülh müqaviləsinin hissəsi olmayacaq: “Bu, mahiyyətcə artıq olmalı idi. Ona görə ki, bu, Ermənistanın 2020-ci il noyabrın 10-da götürdüyü, amma yerinə yetirmədiyi öhdəlikdir”.

Prezident onu da vurğulayıb ki, “öz öhdəliyini pozmaq - əlbəttə, son dərəcə biabırçı faktdır. Lakin biz hələ səbir göstəririk, təmkin göstəririk. Əminəm, biz buna da nail olacağıq, yaxşı olardı ki, gec deyil, tez olsun”.
Göründüyü kimi, Azərbaycan Üçtərəfli Bəyanat üzrə Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsini Sülh Sazişinin imzalanması prosesindən ayırır və bununla da İrəvan hakimiyyətinə öz mövqeyinin konstruktivliyini isbat etməsi üçün sonuncu dəfə möhlət verir. Ermənistanın bu şansı necə dəyərləndiriyinin göstəricisi isə, təkcə Zəngəzur dəhlizinin açılması yox, həmçinin Azərbaycanın Xankəndi şəhərindən və həmin şəhərin çevrəsindəki ərazilərdən işğalçı qoşunlarının qalıqlarını tam demilitarizasiya etməsi olacaq. Ancaq bu proses də Üçtərəfli Bəyanat çərçivəsində həllini gözləyən şərtlərdən olduğundan və Azərbaycan Qarabağdakı erməni vətəndaşlarının hüquqlarına öz konstitusiyası, qoşulduğu beynəlxalq konvensiyalar, o cümlədən Praqada hər iki dövlət tərəfindən bir daha təsdiq olunan Almatı Deklarasiyası ilə təminat verdiyindən mümkün Sülh Müqaviləsində sözügedən etnik azlıqla bağlı hər hansı müddəa əks olunmayacaq.

Nəzərə almaq lazımdır ki, Azərbaycan Dağlıq Qarabağ Muxtar Vilayətini 26 noyabr 1991-ci ildə rəsmən ləğv edib, Almatı Bəyannaməsi isə 21 dekabr 1991-ci ildə imzalanıb. Başqa sözlə, Praqa görüşündə Ermənistan həmin bəyanata 31 il sonra olsa da, “sadiqlik” ifadə etməklə, DQMV-nin Azərbaycan tərəfindən ləğv olunması faktını, eyni zamanda, Azərbaycanın keçmiş DQMV əraziləri də daxil olmaqla torpaq bütövlüyünü və mövcud sərhədlərini tanıdığını, SSRİ müstəmləkəsi olmuş xalqların öz müqəddəratını təyin etmə hüququndan Ermənistan Respublikasının elanı üçün artıq istifadə olunduğunu ifadə etmiş olur. Bundan savayı, Ermənistan həmin sənədə istinadla Azərbaycanın daxili işlərinə qarışmamağı, yəni Xankəndidəki hərbi xuntanın nümayəndələrini İrəvandakı rəsmi iqamətgahlarda qəbul etməməyi, separatizmə dəstək məqsədi ilə Xankəndiyə heyətlər göndərməməyi və Ermənistan xarici işlər nazirliyinin adət etdiyi şəkildə Qarabağla bağlı bəyanatlar verməməyi vəd edir. Heç şübhəsiz, bütün bunlar Praqa müzakirələri sonucunda prezident İlham Əliyevin və onun başçılığı ilə Azərbaycan xarici işlər komandasının 44 günlük savaşdan sonra daha bir parlaq diplomatik qazandığını söyləməyə əsas yaradır.

Bəli, SSRİ-nin dağılması ərəfəsində Ermənistan yeni dövlət olaraq beynəlxalq arenaya Azərbaycana qarşı ərazi iddiaları ilə çıxmış, ilk prezidentləri Levon Ter-Petrosyanın hakimiyyəti dövründə Azərbaycan torpaqları işğal edilmişdi. Ermənistanın ikinci və üçüncü prezidentləri- Robert Köçəryan və Serj Sərkisyan Qarabağdakı erməni seperatizminin hərbi qanadının təmsilçiləri olaraq İrəvanda hakimiyyətə gəlmişdilər. Ermənistanın hazırkı baş naziri Nikol Paşinyan isə, Şuşada xalqımızı təhqir edərək sərxoş halda “Yallı” gedir və “Artsax- Ermənistandır.” deyə Azərbaycan Ordusunu hərbi əməliyyatlara təhrik edirdi. Savaş baş verdi və Azərbaycan 44 gün ərzində Ermənistan ordusunun şəxsi heyətinin və texnikasının yarıdan çoxunu sıradan çıxararaq Şuşaya qələbə bayrağı asdı. Məhz bu tarixi zəfərin nəticəsi olaraq Azərbaycan Praqada beş bəndlik sülh şərtlərini həm Ermənistana, həm də Avropa Birliyinə sualsız qəbul etdirir. Bununla rəsmi Bakı erməni revanşizmini diplomatik meydanda tam küncə sıxışdıraraq İrəvanın 30 illik işğalçı siyasətini format edir və Ermənistanın hər şeyi sıfırdan başlamalı olduğunu ortaya qoyur. Prezident İlham Əliyevin aşağıdakı bəyanatından da göründüyü kimi, Azərbaycan qalib tərəf olaraq Ermənistanla münasibətlərdə yeni səhifə açmağa hazırdır.

“Ermənistan tərəfindən xoş məram olarsa, sülh müqaviləsi ilin sonunadək imzalana bilər. Vaxt keçir, bizim təşəbbüslər heç də asan irəliləmir, xarici işlər nazirlərinin birinci görüşü konkret nəticələr verməsə də, amma hesab edirəm ki, bu, müsbət addımdır. Düşünürəm ki, yaxın vaxtlarda qərar qəbul edilərsə, iki ölkənin işçi qrupları sülh müqaviləsinin mətni üzərində işləməyə başlayacaqlar, biz ilin sonunadək razılaşmaya nail ola bilərik”-deyə Azərbaycanın dövlət başçısı bildirib.

Bəs, 30 il boyunca BMT-ni, ATƏT-i, MDB-ni, beynəlxalq hüququ heçə sayaraq Azərbaycan torpaqlarını işğal edən, irili-xırdalı yaşayış məntəqələrimizi viran qoyan, heç bir çağırışa və razılaşmaya əməl etməyərək münaqişənin dinc yolla həllinə imkan verməyən Ermənistan hazırkı sülh danışıqlarını sabotaj edərsə, necə olacaq? Cavab sadədir: Azərbaycan sərhədlərin demarkasiya və demilitasiyasının hüquqi varisi olduğu Azərbaycan Xalq Cümhuriyyətinin xəritələri əsasında aparılmasını təklif edir və bu, sadəcə təklif deyil, bütün parametrlər üzrə Qafqazın lider dövlətinin iradəsidir.

“İNTİBAH” SOSİAL-SİYASİ ARAŞDIRMALAR MƏRKƏZİ