Niyə məhz indi və nədən Japarov?

Bütün bunları Mərkəzi Asiyadakı qardaş ölkələrin görmələri və qiymətləndirmələri əlbəttə, sevindiricidir

Azərbaycan Prezidenti cənab İlham Əliyevin Qırğızıstana ilk dəfə olaraq niyə məhz indi dövlət səfəri etdiyi heç də səbəbsiz deyildi və onun Bişkekdəki açıqlamalarından da bunu sezmək mümkündür.

Dövlət başçımız özəlliklə vurğuladı ki, çeşidli tədbirlər çərçivəsində Qırğıstanda olsa da, ilk dəfədir belə bir səfər edir və bu, qardaş ölkənin Prezidentinin Bakıya gəlişindən cəmisi yarım il sonra reallaşdırılır. Yəni adətən cavab səfərləri üçün təqribən bir il vaxt tələb edilsə də, Azərbaycan Prezidenti onu iki dəfə qıslatmağa üstünlük verdi. Nədən? Cənab İlham Əliyevin bir açıqlamasında üstüörtlü olsa da, əslində bu sualın cavabı var. O, mətbuat üçün bəyanatında bildirdi ki, “bəzi səbəblər üzündən əvvəlki illərdə əldən buraxdıqlarımızın qısa vaxt kəsiyində hansısa dərəcədə yerini doldurmaq" üçün indi tərəflər əlaqələri intensivləşdirməyə çalışır. “Bəzi səbəblər”in nə olduğu açıqlanmasa da, əslində sirr də deyil. Qardaş ölkənin keçmiş rəhbərlərinin heç də hamısının öz xalqının maraqlarından çıxış etməmələri, Ermənistanın Azərbaycan torpaqlarını işğalına məhəl qoymamaları, bəzən hətta buna haqq qazandırırmış kimi davranmaları, türk birliyi məsələsində səmimi olmamaları(Atambayev dönəmi) üzündən bu əlaqələr arzulanan səviyyədə deyildi.

Prezident Sadır Japarov isə tam fərqli mövqe sərgiləyir və mən inanmıram ki, o, Azərbaycanla sülh anlaşması imzalanmayınca Ermənistana rəsmi səfərə gedib özündən öncə Qırğızıstana rəhbərlik edənlərin hərəkətlərini təkrarlayacaq.
Prezidentimizin Bişkekdə Qırğızıstan-Azərbaycan Dostluq Parkının açılışı zamanı etdiyi çıxışında qardaş ölkədə “ortaq türk köklərinə bağlılıq barədə dəqiq anlayışın olduğunu” gördüyünü və bunun “Azərbaycan xalqının dahi övladlarının xatirəsinə göstərilən diqqətə bərabər” tutulduğunu vurğulaması da fikirmcə, elə bunun təsdiqi idi. Cənab İlham Əliyevin bu sözlərində bir tərəfdən Azərbaycanın türk birliyi məsələsində nə dərəcədə prinsipial mövqe tutduğunu, bu yöndə atılan addımların bizim ölkəmiz üçün edilirmiş kimi dəyərləndirildiyini ortaya qoyursa, digər tərəfdən də cənab Japarovun siyasəti təqdir olunur.

O siyasət ki iyulun 20-də Qırığızstanın Çolpan-Ata şəhərində Mərkəzi Asiya dövlət başçılarının 4-cü Məşvərət Görüşündə də özünü göstərmişdi. Rəsmi Bişkek Azərbaycanın Mərkəzi Asiya Dövlətləri ilə təkcə ikitərəfli yox, həm də çoxtərəfli əməkdaşlıqla bağlı təşəbbüsünü dəstəkləyərək bunun institutlaşması tərəfdarı kimi çıxış etsə də, oradakı üzv ölkələrdən birinin lideri çox ehtimal ki, kənar güclərin diqtəsi ilə əleyhinə çıxmışdı. Görünür, həmən adam bunun qarşılığında hərbi-texnki yardım vədi, yaxu da başqa nə iləsə ödülləndirilmişdi. Və ola da bilər ki, ona verilən ordendə bu xidmətləri də nəzərə alınıb.

Beləliklə, Azərbaycan Prezidenti Qırğızıstanla Tacikistan arasında qanlı toqquşmaların təzə başa çatdığı, gərginlik yaşandığı bir vaxtda qardaş ölkəyə səfər etməklə, məncə, eyni zamanda həm də dostcasınanı olduğu kimi, qeyri-dostcasına yanaşmanı da cavabsız qoymadığımızı, qoymayacağımızı diqqətə çatdırdı.
Ümumiyyətlə, dövlət başçımızın qarşılanmasından yola salınmasınadək sərgilənən davranış, edilən açılışlar(Qırğızıstan-Azərbaycan Dostluq Parkı, Heydər Əliyev adına 20 saylı “Məktəb-Gimnaziya Təhsil-Tərbiyə Kompleksi”, Nizami Gəncəvi adına 103 saylı orta təhsil məktəbi) onun ötən ay Mərkəzi Asiyadakı başqa bir qardaş ölkəyə, Özbəksitana etdiyi sözün hər anlamında yüksək səviyyəli səfərini xatırlatdı.
Yəni Azərbaycana böyük sayğıyla yanaşıldığı, bunun ölkəmizin oynadığı roldan, yeritdiyi siyasətdən, eyni kökdən gəldiyimizdən və eyni yolu getdiyimizdən qaynaqlandığı Özbəkistandakı kimi Qırğızıstanda da göz önünə sərildi. Yeri gəlmişkən, dövlət başçımızın Bişkek səfərində üzərində ayrıca dayanılan layihələrdən biri də elə Çini Avropayla birləşdirən dəmir yolu idi ki, o da məhz Qırğızıstan, Özbəkistan və Azərbaycandan keçməlidir. Bu, indi “Orta Dəhliz” adlandırılsa da, Azərbaycanı Naxçıvanla birləşdirən birbaşa yol da açılandan, yaxud da açdırılandan sonra şərq-qərb marşrutu üzrə əsas nəqliyyat xəttinə çevrilə bilər. Yəni o, təkcə orta deyil, həm də mərkəzi dəhliz funksiyasını yerinə yetirmək gücündədir.

Bütün bunları Mərkəzi Asiyadakı qardaş ölkələrin görmələri və qiymətləndirmələri əlbəttə, sevindiricidir. Orası da sevindiricidir ki, onlar bu gün güclü, torpaqları üzərində suverenliyinin tam təmininə çalışan və müstəqil siyasət yeridən Azərbaycanın regiondakı rolunun fərqindədirlər. Oradakı siyasi elita böyük strateq Zbiqnev Bjezinsikin Mərkəzi Asiya dövlətlərinin müstəqilliyinin Azərbaycanın müstəqilliyinə bağlılığı haqda fikirlərinin nə qədər doğru olduğunu hər ötən il daha çox hiss edərək ona uyğun siyasət yeritməyə başlayır.

Sahib Alıyev

Millət vəkili