- Redaktor masası
- 12 Dekabr 2022 09:00
- 11 054
Ağdərə mədənlərində təxribat: Andrey Volkov "pulməramlı"lıq edir
Dekabrın 10-da Azərbaycanın dövlət qurumlarını təmsil edən mütəxəssislərin Qarabağ iqtisadi rayonunun Rusiya Sülkməramlı Kontingentinin yerləşdiyi bölgələrində- Ağdərədə monitorinq aparılmasına imkan verilməyib. Mütəxəssislər Ağdərənin Qızılbulaq kəndi yaxınlığındakı qızıl yatağına və Dəmirli kəndi ərazisindəki mis-molibden yatağına baxış keçirməli idilər.
Yayılan məlumatlardan aydın olur ki, sözügedən yataqların girişində Rusiya sülhməramlılarının müşayiəti etdiyi maşın karvanı dayandırılıb və monitorinq qrupu mədənlərə buraxılmayıb. Xüsusi təlimatla əraziyə əvvəlcədən göndərilmiş mülki geyimli təxribatçı qrup Azərbaycanın təbii sərvətlərinin qanunsuz istismarının araşdırılması, əmlakın kadastr uçotunun təşkili, ətraf mühitə, yeraltı və yerüstü su mənbələrinə potensial zərərin və risklərin qiymətləndirilməsi üçün Bakıdan göndərilmiş ekspertlərin fəaliyyətinə əngəl törədib.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi Rusiyaya nota təqdim edib.
Notada deyilir:
"Rusiya sülhməramlı kontingentinin heç bir tədbir görməməsi fonunda, yerli sakinlərin əvvəlcədən planlaşdırılmış aksiyası səfərə mane olub. Bu vəziyyətlə əlaqədar, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Rusiya tərəfinə müvafiq nota təqdim edib. Əldə olunmuş razılığa uyğun olaraq, Azərbaycan nümayəndələrinin qeyd edilən yataqlara maneəsiz girişinin təmin edilməsinə bir daha çağırış edilib. Belə səfərə maneçilik törədilməsinin və ya hər hansı bir şərt irəli sürülməsinin qəbuledilməz olduğu vurğulanıb. Azərbaycan ərazilərinin bir hissəsində 10 noyabr 2020-ci il Üçtərəfli bəyanata uyğun olaraq yerləşmiş Rusiya sülhməramlı kontingentinin bütün fəaliyyətində Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə ciddi riayət etməsinin zəruriliyi diqqətə çatdırılıb".
Bəli, Azərbaycan Respublikasına qarşı bu hörmətsizliyin və təxribatın arxasında ilk növbədə Rusiya Sülhməramlı Kontingenti dayanır. Onlar rəsmi Bakının Qarabağ iqtisadi rayonuna göndərdiyi nümayəndələrin fəaliyyətini və təhlükəsizliyini təmin etməyə, o cümlədən ermənilərdən ibarət təxribatçı qrupu monitorinqin aparılacağı ərazilərdən kənarlaşdırmağa borclu idilər.
İkincisi, Xankəndidəki hərbi xuntanın qalıqları rəsmi Bakının təmsilçilərinə qarşı sabotaj həyata keçirməklə öz cinayət dosyelərini qalınlaşdırdılar.
Üçüncüsü, mədənləri istismar edən “Vallex Group” adlı şirkət İrəvanda yerləşir və bu da Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini davam etdirdiyini, ölkəmizin sərvətlərinin talanmasında rəsmi İrəvanın maraqlarını göstərir.
Beləliklə, ilk iş Azərbaycan Baş prokurorluğunun və Dövlət Təhlükəsizlik Xidmətinin üzərinə düşür. Bu qurumlar Bakıdan gedən mütəxəssislərin Ağdərədə monitorinq aparmasına əngəl törədilməsi ilə bağlı birgə cinayət işi açmalı, törədilən təxribatın iştirakçıları və provakasiyanın arxasında dayanan şəxsləri beynəlxalq axtarışa verməli, Rusiya Sülhməramlı Kontingentindən onların tutularaq rəsmi Bakıya təhvil verilməsini tələb etməlidirlər.
Əslində, səhv etmirəmsə, hələ 2018-ci ilin martında “AzerGold” QSC-nin şikayəti əsasında Baş Prokurorluq belə bir cinayət işi açmışdı. Son olaylar indi həmin işə əlavə oluna və istintaq sürətləndirilə bilər.
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə ötəri nəzər saldıqda sərvətlərimizin qanunsuz talanmasına, ətraf mühitə vurulan ziyana və dövlət hakimiyyəti nümayəndələrinə qarşı müqavimətə görə onlarla maddədə cinayət məsuliyyəti nəzərdə tutulur.
Məsələn, CM-nin aşağıdakı bəndlərinin qanunsuz sahibkarlıq fəaliyyəti ilə bağlı sanksiyası belədir:
192.3.1. xüsusilə külli miqdarda ziyan vurduqda;
192.3.2. xüsusilə külli miqdarda gəlir əldə etməklə törədildikdə —
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) dörd misli miqdarında cərimə və ya beş ildən yeddi ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Bu maddəyə görə, Qızılbulaq və Dəmirli mədənlərində qanunsuz sahibkarlıqla məşğul olaraq sərvətlərimizi talan edənləri 7 ilədək həbs cəzası gözləyir və onlar Azərbaycan Respublikasına dəymiş ziyanın 4 mislini dövlət büdcəmizə ödəməlidirlər. Bu, isə milyardlarla dollar vəsait deməkdir.
Bundan başqa, zəngin Ağdərə mədənlərinin istismarçılarını CM-nin 25-ci, 28-ci, 31-ci fəsillərindəki əksər maddələr üzrə də təqsirləndirmək mümkündür.
Azərbaycanın vaxtilə Ermənistan tərəfindən işğal olunmuş ərazilərində müxtəlif növ faydalı qazıntılar hasil edilən 163 yataq yerləşir. Bu yataqların işğalçılar tərəfindın istismarı təkcə Azərbaycan qanunvericiliyinə deyil, beynəlxalq hüquqa, xüsusən də Haaqa Konvensiyasına ziddir.
Digər zəruri məsələ Laçın yolunda Azərbaycanın nəzarət buraxılış məntəqələrinin quraşdırılması ilə hasil edilən faydalı qazıntıların ölkədən çıxarılmasının, Ermənistana, İrana və digər ölkələrə daşınmasının qarşısını almaqdır. Ağdərə olayları göstərdi ki, Qarabağda müvəqqəti yerləşmiş Rusiya Sülhməramlı Kontingenti erməni seperatçılarının fəaliyyətinə məqsədli şəkildə “yaşıl işıq” yandırırlar və Üçtərəfli Bəyanatdan doğan məsuliyyətlərini çoxdan unudublar.
Ağdərədəki yataqlarda monitorinq aparılmasına qarşı törədilən təxribat bir daha təsdiq edir ki, Rusiya Sülhməramlılarının məsuliyyət zonasında çirkli pullar yuyulur. Bu bölgədə qanunsuz biznes fəaliyyəti göstərən Valeri Majlumyanın da, onun təzətə şəriki Ruben Vardanyanın sərvəti çirkli pullardan formalaşıb. Bel getsə, Rusiyanın “pulməramlı” hərbi kontingentinin komandanı, general-mayor Andrey Volkov da tezliklə milyonlar sahibi olacaq, deyilənə görə, artıq Azərbaycanın təbii sərvətlərinin talanmasına göz yumduğu üçün ona da çirkli pullardan pay ayrılıb. Bütün hallarda, Azərbaycan beynəlxalq hüquqdan istifadə edib Qarabağda qanunsuz maliyyə dövriyyəsinin sıradan çıxarmaq üçün sistemli iş görməlidir.
Əlbəttə, biz beynəlxalq təşkilatların və hüquq qoruyucularının ikili standartlarına çox şahid olmuşuq. Sonda o qənaətə gəlmişik ki, Azərbaycan öz hüququnu özü təmin etməlidir. Deməli, Rusiya sülhməramlılarının məsuliyət zonasında anti-terror əməliyyatlarının keçirilməsinin vədəsi yetişib. Bu əməliyyat eyni zamanda terrorun maliyyə qaynaqlarının qurudulması üçün planlaşdırılmalıdır.
Taleh Şahsuvarlı