- Redaktor masası
- 15 Dekabr 2022 16:11
- 14 747
Xankəndi yolunda aksiya: Azərbaycan erməniləri üçün tarixi şans
Gecə saatlarında Xankəndi yolundakı aksiyaya qoşulmaq xahişimə müsbət cavab verildi, müraciətim müvafiq portalda qeydə alındı. Srağagün günorta artıq Şuşa idim. Nahar etdikdən və bir qədər Şuşanın iç məhəllərini dolaşdıqdan sonra axşam saat 19-dan etibarən aksiyaya qoşuldum. “Pragma” Sosial İnkişafa və Ekologiyanın Qorunmasına Dəstək İctimai Birliyinin sədri kimi Azərbaycanın sərvətlərinin işğalçı Ermənistanın Qarabağdakı qalıqları və Xankəndindəki cinayətkar rejim tərəfindən talanmasına son qoyulmasını tələb etdim, jurnalist kimi aksiya barədə məlumatlar yaydım. İndi isə aksiya iştirakçısı olaraq öz müşahidə və mülahizələrimi sizlərlə bölüşmək istəyirəm.
AKSİYA MEYDANÇASI
Zəfər yolu ilə Şuşaya çathaçatda bir qovşaq var. Bu qovşağın üst hissəsindəki yolla bizim nəqliyyat Şuşaya girir. Yolun sol hissəsi yüngün metal şəbəkə ilə çəpərlənib və burada Rusiya sülhməramlılarının postu vardı. Çəpərin alt hissəsindən Xankəndi-Qaladərəsi şosesi keçir. Qala dərəsindən sonra Laçın yolu başlayır. Ermənilər Xankəndindən Gorusa bax bu yolla gedib-gəlirdilər. Azərbaycanın Vətəndaş Cəmiyyətinin fəalları Xankəndi-Qaladərəsi- Laçın yolu-Gorus marşrutunun təxminən 50 metrlik bir hissəsində aksiyaya başlayıb. Meydançanın hər iki tərəfində Rusiya sülhməramlıları dəmir baryerlər qoyub və arxasında patrullar növbə çəkir. Patrulların sayı hər cinahda minimum 14 nəfər olur. Biz Şuşanı tərk edəndə yenidən saydım, şəhərdən çıxış cinahında 22 nəfər idilər. Patrulların arxasında RSK-nin çadırları quraşdırılıb, zirehli texnikası yerləşdirilib və yol məhz onlar tərəfindən kəsilib. Mediadan belə məlum olur ki, guya yolun RSK tərəfindən qapadılmasının məqsədi Azərbaycan vətəndaş cəmiyyətinin fəalları və ermənilər arasında insidentin baş verməsinin qarşısının alınmasıdır. Ancaq bu bəhanədən başqa bir şey deyil. Əvvəla, aksiya iştirakçılarının hər biri sivil toplum quruluşlarının fəalları, liderləridirlər. İkincisi, mənim şəxsi qənaətimə görə, RSK nəinki hər hansı insidentin qarşısını almaq ovqatındadırlar, hətta təxribat baş verməsində maraqlıdırlar. Bir neçə erməni mənşəli şəxsə “sülhməramlı” forması geyindirib aksiya meydançasına gətirmələri də məhz bunun göstəricisidir. Ancaq həmin şəxslər iştirakçılar tərəfindən ifşa olunduqdan və məsələ mediaya çıxdıqdan dərhal sonra erməni mənşəli “sülhməramlı”lar ərazidən uzaqlaşdırıldı və beləliklə provakasiya baş tutmadı. Sual olunur: madam Xankəndində humanitar problemlər yaranıb, ağır xəstələr var, erməni mənşəli uşaqlar evlərinə qayıda bilmir, bu məsələlərin həllinə kim mane olur? Azərbaycan rəsmi şəkildə bəyan edib ki, Xankəndində yaranan humanitar problemlərin həllinə yardım etməyə hazırdır, aksiyaçılar isə heç bir təcili yardım maşınının qarşısını kəsməyiblər. Əksinə, QHT liderləri dəfələrlə RSK nümayəndələrinə bildiriblər ki, əgər Xankəndində təcili əməliyyata ehtiyacı olan varsa, gətirsinlər, bizim TƏBİB onları Gəncədə, Bakıda və digər şəhərlərimizdə müayinə və müalicə edib, sağ-salamat ailələrinə təhvil versinlər. Deməli, məqsəd başqadır. Rusiya Sülhməramlılarının əsl əndişəsi Azərbaycan Vətəndaş Cəmiyyətinin kütləvi şəkildə Xankəndinə yürüş etməsi ehtimalı ilə bağlıdır.
AKSİYANIN TƏLƏBLƏRİ
Azərbaycan torpaqları işğal altında olduğu müddətdə Ermənistan və Xankəndindəki qondarma rejim sərvətlərimizi talayıblar. Haaqa hüququna görə, işğal altındakı ərazilərdə iqtisadi fəaliyyət göstərmək, zavodlar, şirkətlər açmaq və təbii sərvətləri istismar etmək cinayətdir. Azərbaycan 44 günlük müharibə ilə öz torpaqlarını azad etdikdən sonra RSK-nin məsuliyyət zonasında bu qəbildən olan cinayətlər davam etdirilir. İrəvanda yerləşən və rəhbəri erməni mənşəli Rusiya oliqarxı Valeri Majlumyan olan “Vallex Group” şirkəti Ağdərədəki qızıl və mis yataqlarını istismarını davam etdirir. Son məlumatlara görə, həmin yataqlardan əldə olunan gəlirə Ermənistan hökumətinin bir çox üzvləri, o cümlədən Moskvadan Xankəndinə ezam olunmuş Ruben Vardanyan da qeyri-rəsmi formada şərikdir. RSK-nin bölgədəki komandanı general Volkova da bu yataqdan pay ayrıldığı iddiası var. Gerçəklik budur ki, 44 günlük müharibədən sonra həmin yataqların istismarı sürətləndirilib və bu da ətraf mühit üçün təhlükənin miqyasını dəfələrlə artırıb. Azərbaycan bu yataqların qanunsuz istismarını dayandırmaq, ekoloji fəlakətin qarşısını almaq, təbiətə və dövlətimizə dəyən ziyanı hesablamaq və səbəbkarları məhkəmə qarşısına çıxarmaq istəyir. Bu, həm daxili, həm də beynəlxalq normalara görə Azərbaycanın müstəsna hüququdur.

AKSİYADAXİLİ ABU-HAVA
Sadəcə, möhtəşəmdir!
Azərbaycan Vətəndaş Cəmiyyəti fəalları Xankəndində tarix yazır. Təmkinli, savadlı, kreativ, yumor hissi güclü, fədakar kontingent hər gün dəyişir və aksiya uğurla davam edir. Rusiya sülhməramlılarına qarşı münasibət təmkinlidir, ancaq onların bir addım da çadırlara döğru irəliləməsinə imkan verilmir. Gecə boyu “barrika” önündə himnimiz oxundu, mahnılar səsləndirildi, rəqslər edildi, halaylar çəkildi. RSK-nın əsgərlərinin millətimizin mədəniyyətinə, mənəviyyatına, davranışlarına heyranlıqla tamaşa etdikləri bir çoxunun qıyıq gözlərindən oxunurdu. Bəli, istənilən kütləvi aksiyada kuryoz hadisələrin baş verməsi təbiidir. Bu aksiyada 1 saat iştirak edən hər kəsin bir ömür danışmağa xatirəsi, lətifələri var. Məsələn bizim Nahid Canbaxışlının meqafonla RSK komandanı Volkova ünvanlanmış şüarlar səsləndirməsinin arxa fonunu danışmağa bir yaxşı baməzə adam lazımdır. Amma o şən, nikbin və coşqulu anlarda Nahidin missiyası olduqca tarixi idi və millətin səsi idi. Sözümün canı budur ki, mahiyyətə baxmaq lazımdır. Lazımdır ki, aksiya tələblərimiz yerinə yetənək davam etsin. Biz hələlik ekoloji tələblər irəli sürürük. Əgər, monitorinq qrupu fəaliyyətə başlasa, bu müddətdə də aksiya dayanmalı deyil. Monitorinqə gedəcək rəsmi nümayəndələr qayıdıb aksiyaçılara məlumat verməlidirlər. Ondan sonra ekoloji fəlakətin törədicilərinin Azərbaycana təhvil veriməsi gündəmə gələcək.

REVANŞİZMİN İFLASI
İkinci Qarabağ savaşına son qoyan Üçtərəfli Bəyanatın imzalanmasından iki ildən çox vaxt keçir. Bu müddət ərzində Ermənistan Üçtərəfli Bəyanatla üzərinə götürdüyü bir sıra öhdəliklərə əməl edib: Kəlbəcər, Laçın, Ağdam qaytarılıb. Ancaq həmin bəyanatın bir sıra müddəalarına əməl edilməyib. Əvvəla, Qarabağdan Ermənistanın işğalçı ordusunun qalıqları çıxarılmayıb. İkincisi, Zəngəzur dəhlizi açılmayıb. Üçüncüsü, BMT-nin müvafiq komissarlığının nəzarətində altında Xankəndi və çevrəsindən məcburi köçkün düşənlər ləyaqətli şəkildə evlərinə dönməyiblər. Bu, prosesin başlaması üçün Xankəndindəki qondarma rejim likvidasiya olunmalıdır. Şuşadakı aksiya Xankəndindəki cinayətkar rejimin likvidasiyası prosesinin ön mərhələsidir. Xankəndəki cinayətkar rejimin aradan qaldırılmasının məqamı çatıb. Şanlı Azərbaycan bayrağı Vətəndaş Cəmiyyətinin fəallarının başları üzərində Xankəndinə girməli və Azərbaycan Prezidentinin təyin edəcəyi xüsusi nümayəndənin oturacağı binanın damından asılmalıdır. Bu prosesə nə Ermənistanın, nə də Xankəndindəki cinayətkar rejimin hər hansı formada mane olmağa heç bir resursu yoxdur. Ermənistan mediasını izləyəndə revanşist qüvvələrin necə çarəsiz vəziyyətə düşdükləri aydın hiss olunur. Bu xüsusda bir neçə nüansa diqqət çəkmək faydalı olar. Aksiya başlayandan erməni mediası və diasporasının propoqandasında əsas tezis bu idi ki, tədbir iştirakçıları QHT liderləri deyil, mülki geyimli hərbiçilərdir və s. Ancaq bu yalan yerimədi. Daha sonra beynəlxalq qurumlar qarşısında ağlaşma quraraq “humanitar krizis” bəhanələrini gündəmə gətirdilər. Bu variant da keçmədi. Nəhayət, Azərbaycanın Qarabağdakı ermənilərin hərəkət azadlığının məhdudlaşdırması barədə beynəlxalq ictimaiyyətdə rəy yaratmağa çalışırlar. Bu məqalənin yazıldığı dədiqələrdə “Freedom House” belə bir məzmunda bəyanat yayıb. Əvvəla, Azərbaycan heç bir erməninin hərəkət azadlığını məhdudlaşdırmayıb. İkincisi, harada yazılıb ki, ermənilərin hərəkət azadlığı var, azərbaycanlıların isə yoxdur? Biz də Xankəndinə getmək istəyirik. Lap elə bu dəqiqə Rusiya sülhməramlıları yolu açsın, yüz minlər Xankəndinə yürüsün. Əcəba, niyə bir kəlimə də bizim hərəkət azadlığımızdan danışmırlar?
XANKƏNDİ ERMƏNİLƏRİNİ NƏ GÖZLƏYİR?
Erməni propoqandasının “humanitar fəlakət” komplo-teoriyası ənənəvi “genosid” rekviyemləri ilə müşayiət olunur. Əslində isə reallıq tam fərqlidir. Xankəndinin Azərbaycanın nəzarətinə keçməsi ilə, ilk növbədə erməni mənşəli vətəndaşlarının mülki və siyasi hüquqları təmin olunacaq. Bundan sonra onlar sosial-iqtisadi hüquqlarını bərpa edəcək və nəhayət üçüncü nəsil hüquqlarına - ekoloji hüquqlar və s. - qovuşacaqlar. Üçüncü nəsil hüquqlardan biri də inkişaf üçün şərait hüququdur. Qarabağdakı Azərbaycan erməniləri 1988-ci ildən başlayaraq bu hüquqlarından tam məhrum olublar. Onlar Ermənistanın, Rusiyanın, İranın və digər beynəlxalq güclərin girovudurlar. Onların girovluqdan azad olunmasının tək yolu Azərbaycan vətəndaşlarına çevrilmələridir. Məhz Azərbaycan vətəndaşları olaraq ermənilər öz hüquq və azadlıqlarından istifadə edə biləcəklər. Diqqət edin, bütün beynəlxalq sənədlərdə ekologiya hüququ sosial inkişafla əlaqələndirilir. Bir insan sağlam ekoloji mühitdə o zaman yaşaya bilər ki, onun sosial ortamı inkişaf etmiş olsun. Cəmi üç gündə ərzaq qıtlığı ilə üzləşən bir “respublika” hansı sosial inkişafdan danışa bilər ki, hələ bir təbiətin də qayğısına qalsın?
Taleh ŞAHSUVARLI
Bakı-Şuşa-Bakı