Əli Kərimli 23 ilə prezidentliyə namizəd belə ola bilmədi - ŞƏRH

Neftçalanın Boyat kəndi yaxınlığında bir axarın qırağında oturmuşam.
Qamışlı bir drendir.
Həvəskar balıq ovçularının qamışlığın arasında sahmanladığı xəlvətdən tilovumu suya uzatmışam.
Qarmağın ucuna sancdığım balaca balıq batmazı titrədir.
Uşaq vaxtı “döyən” deyərdik biz bu balıqçı alətinə, çox adam rusca “poplovok”, türklər “şamandra” deyir.
Məncə, biz “batmaz” deməliyik.
Hələ balıq gəlmir.
Telefondan xəbərlərə göz gəzdirirəm.
AXCP Maştağada qurultay keçirir.
7 fevral 2024-cü ilə təyin olunmuş seçkiləri boykot edəcəyini təxmin edirəm.
(Ov başımı qatacaq, telefonun enerjisi də bitəcək.
Axşam evə dönəndə görəcəm ki, təxminim düz çıxıb.
AXCP sədri Əli Kərimli, tam gözlədiyim kimi, YAP-ın namizədi İlham Əliyevin qarşısına çıxmağa cürət etməyib.)
Batmaza zillənən gözlərimin altından aram-aram axan su məni ötən illərə aparır.
1990-cı illərin ikinci yarısıdır.
Əli Kərimli parlaq siyasətçi, perspektivli liderdir, dövrün istedadlı gənclərini başına yığıb prezidentliyə namizəd olmaq üçün aşağı yaş senzini adlayacağı günü səbirsizliklə gözləyir.
İqtidar bir yana, öz düşərgəsində qarşısında AXCP sədri Əbülfəz Elçibəy, Müsavat başqanı İsa Qəmbər, AMİP lideri Etibar Məmmədov var. Əli Kərimlinin iqtidarın da dolayı dəstəyi ilə sürətlə popilyarlaşması, nüfuz qazanması, mediada, QHT sektorunda sürətlə təşkilatlanması onları da narahat edir.
“Yurd” zaman-zaman müxalifət düşərgəsinin “boss”ları ilə üz-üzə gəlir, Əli Kərimlini 27 yaşında dövlət katibi təyin etmiş Əbülfəz Elçibəyə qarşı açıq təbliğat aparmaqdan da çəkinmir.
2000-ci ildə Əli Kərimli 35 yaşını tamamlayır, Əbülfəz Elçibəy vəfat edir, Heydər Əliyevdən sonra hakim düşərgənin prezidentliyə namizədi olacağı artıq heç kimdə şübhə doğurmayan İlham Əliyev parçalanmış AXCP-nin hüquqi rekvizitlərə sahib olan qanadının sədrini “öz liderinə xəyanət edən” adlandırır.
2003-cü ildə Müsavat başqanı İsa Qəmbər İlham Əliyevə qalib gələ bilmir. Var gücü ilə hakimiyyəti dəyişməyə çalışan İsa Qəmbər seçki gecəsi Müsavatın qərargahından evinə Novella Cəfəroğlunun müşayiəti ilə dönür. Bütün resurslarını xərcləmiş İsa Qəmbərin siyasi bəxt ulduzu artıq sönmüşdür. O, səsverməyə günlər qala milli azadlıq hərəkatından qəvi rəqibi AMİP sədri Etibar Məmmədova da kəf gəlib. Etibar Məmmədov siyasətdən kənarlaşmağa qərar verir.
2005-ci ildə İlham Əliyevin qarşısına narıncı qalstuk, narıncı köynək geyərək çıxan müxalifət düşərgəsi “Qələbə” meydanından dabanına tüpürərək qaçır.
Bununla Azərbaycanda yeni siyasi dönəm başlayır.
Zaman yeni siyasi dönəmdə Əli Kərimlini önə çıxarır, onun sonrakı seçkilərdə İlham Əliyevin rəqibi olması üçün tarixi fürsətlər yaradır. 2008-ci ildə keçiriləcək seçkilərdə Əli Kərimli bəlkə o qədər şansı, resursu olmayacaq, ancaq 2013-cü ildə İlham Əliyevin qarşısına çıxmaq onun borcu, vəzifəsi, bir siyasi lider kimi “olum və ölüm” savaşıdır. Bu savaşa hazırlaşmaq üçün Kərimlinin düz 8 il vaxtı var.
8 il sonra məum olur ki, Əli Kərimli İlham Əliyevə rəqib olmaqdan qorxur və vəziyyətdən çıxmaq üçün “ortaq namizəd” axtarır. Elə bu ərəfədə Rusiyadakı müəyyən qüvvələrin işarəsi ilə Azərbaycan əsilli milyarderlər pul kisəsini cingildədir, xarici vətəndaşlığı olan Rüstəm İbrahimbəyovu sovet sisteminin tör-töküntülərinin əli ilə müxalifətə “vahid namizəd” sırıyırlar. Milli Şura yaranır. Milli Şuranın sədri Rüstəm İbrahimbəyov rəsmi namizəd ola bilmir, urvatsız bir şəkildə 2005-ci ildəki məxməri inqilab ssenarisinin pərdəarxası koordinatorlarından olan Cəmil Həsənli qabağa verilir. Dekorativ aday Cəmil Həsənli bir çuval ənciri zay edir.
Beləliklə, 90-cı illərin ikinci yarısında prezidentliyə namizəd olmaq üçün 35 yaşının tamamlanmasını səbirsizliklə gözləyən Əli Kərimli 2013-cü ildə- 48 yaşında prezidentliyə namizəd olmağa cürət etməyərək onu liderinə xəyanətdə suçlayan İlham Əliyevə əbədi məğlub olur.
Mərhum Əbülfəz Elçibəy mistik adam idi.
Bəlkə bu da bir sakrallıq, bir mistikadır ki, ölüm ayağında öz liderini təhqir etdirən Əli Kərimlinin alnına nəinki prezident, hətta prezidentliyə namizəd olmaq da yazılmayıb.
2013-cü ildən bu yana 10 il keçib.
Bu 10 ildə də Əli Kərimli özü də, partiyası da ancaq geri gedib, marginallaşıb, mənəvi, siyasi, ideoloji oriyentasiyasını itirib. AXCP sədri saatlarla nitq söyləyir, müsahibələr, bəyanatlar verir. Çıxışlarında məntiqdən əsər-əlamət yoxdur, intellektual baza son dərəcə kasaddır, hətta ixtisası olduğu hüquq baxımından da primitivdir.
2024-cü ildə İlham Əliyevə rəqib olmaq üçün ən azı onun qədər mütaliəli, qətiyyətli, ardıcıl, sistemli olmaq, siyasi hədəflərə odaqlanmaq, gecə-gündüz demədən elektoratla işləmək, beynəlxalq arenada mötəbərlik qazanmaq lazımdır. Bu keyfiyyətlərin, göstəricilərin heç biri Əli Kərimlidə yoxdur.
AXCP-nin son boykot qərarı ilə Əli Kərimli məşhur jurnalist Xalid Kazımlının 1990-larda verdiyi proqnozunu doğruldaraq Azərbaycan siyasətində benqal şamı kimi söndü.
AXCP qurultayı sədri ilə birlikdə elə bilir ki, günlərin birində xalq Əli Kərimlinin prezident olmasını tələb edəcək.
Əvvəla, bunun üçün Heydər Əliyev olmaq lazımdır. Əli Kərimli bir siyasi şəxsiyyət kimi Heydər Əliyevin heç 100 kilometrliyindən də keçə bilməz.
İkincisi, xalqın bir siyasətçiyə belə tələbənin olması üçün ölkədə böhran yaranmalıdır- iqtisadi, siyasi, idarəçilik böhranı.
1993-cü ildə bu böhran vardı, üstəlik, dövlət müstəqilliyimiz təhlükə altında idi.
İlham Əliyevin yeni səlahiyyət müddətində belə bir böhranın yaranması hətta nəzəri baxımdan da mümkün deyil. İlham Əliyev populist, idarəçilikdən bixəbər, spontan qərarlar verən meydan siyasətçisi deyil, təcrübəli, uzaqgörən, dayanıqlı və genişlənən elektoral bazası olan, resurs problemi yaşamayan, dövlətlə identifikləşmiş, milli maraqları qorumaq üçün risklərdən çəkinməyən, zəfərdən-zəfərə yürüyən QALİB LİDERdir.
Əli Kərimli isə siyasi partiyaların qeydiyyatı üçün lazım olan 5 min üzvü Ədliyyə nazirliyinin gözyumması ilə güclə təqdim etmiş, 40 min imza toplaması sual altında olan uğursuz bloqqerdir.
Kəramət Böyükçöl durnanı lap gözündən vurub, Əli Kərimlidən soruşur ki, inqilab edə bilmirsən, seçkiyə də getmirsən, bəs, niyə varsan?
Fəqət Kəramət nikbindir, hələ də Əli Kərimlini siyasətçi kimi, lider kimi var sayır.
Ancaq dediyim kimi, 2013-cü ildən sonra Əli Kərimli real olaraq siyasi səhnədə yoxdur, bu adda bir illüziya var.
Mənim “AXCP” adlı bir problemim yoxdur, Əli Kərimlinin dərdini də çəkmirəm. Özüm, ailəm, doğmalarım, bütün nəsil-nəcabətim 7 fevralda seçkilərə gedəcək, dədə yurdumuzu işğaldan azad etmiş İlham Əliyevə səs verəcəyik. Bu, bizim soyumuzun ilk növbədə vəfa borcudur.
Bununla belə, hesab edirəm ki, dövlət həm də müxalifətin sayəsində güclü olmalıdır. İqtidarın rəsmi səlahiyyətləri üzündən açıq deyə bilmədiklərini müxalifət dilə gətirməli, dövlətə manevr imkanları yaratmalıdır. Əli Kərimli kimi bitmiş, tükənmiş siyasətçilərlə, bloqqerlərlə olmur, olmaz bu iş.

Odur ki, Azərbaycanda müxalifətçilik missiyasını yeni fiqurlar öz üzərinə götürməlidir. Bu, zamanın çağırışıdır və zənnimcə, seçkilərdən sonra bu çağırışı AXCP üzvləri də eşidəcək.

Taleh ŞAHSUVARLI