Fiziki məhdudiyyətlərə qarşı sosial imkanlar: Dövlət dəstəyi genişlənir

2025-ci ilin ilk yarısında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi əlilliyi olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi və onların gündəlik həyat şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atıb. Rəsmi məlumata əsasən, cari ilin ilk altı ayı ərzində əlilliyi olan insanlara ümumilikdə 69 min reabilitasiya vasitəsi təqdim olunub. Bu vasitələrdən 4 500-dən çoxu təkərli oturacaq olub ki, onların 44-ü mühərrikli modeldir. Bundan əlavə, 1 300-dən çox yuxarı və aşağı ətraf protezi, 3 300-dən artıq əsa, qoltuqaltı və dirsəkaltı ağac, 5 100 cüt ortopedik ayaqqabı, 346 eşitmə aparatı və 285 korset əlilliyi olan şəxslərin istifadəsinə verilib. Ümumilikdə bu dövrdə 8 400-dən artıq fiziki məhdudiyyətli şəxs müxtəlif reabilitasiya vasitələri ilə təmin olunub.

Verilən bu texniki vasitələr, əlbəttə, əlilliyi olan şəxslərin müstəqil şəkildə hərəkət etməsi, sosial həyata daha rahat şəkildə inteqrasiya etməsi və gündəlik fəaliyyətlərini daha az asılılıqla yerinə yetirməsi üçün vacibdir. Lakin yalnız bu vasitələrlə kifayətlənmək mümkün deyil. Cəmiyyətdə həqiqi inklüzivliyin və bərabər imkanların təmin olunması üçün daha geniş və davamlı tədbirlərin görülməsinə ehtiyac var. Fiziki imkanları məhdud şəxslərin sadəcə yardım alan yox, cəmiyyətə fayda verən və bərabərhüquqlu fərdlər kimi tanınmaları üçün onların təhsil, məşğulluq, ictimai fəaliyyət və informasiya texnologiyalarına çıxış imkanlarının genişləndirilməsi mühüm əhəmiyyət daşıyır.

Əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası yalnız fiziki mühitin uyğunlaşdırılması ilə bitmir. Bu proses həm də düşüncə tərzinin dəyişdirilməsini tələb edir. Əvvəla, şəhər və kənd mühitində infrastrukturun əlillər üçün əlçatan olması təmin olunmalıdır. Bu məqsədlə binalarda və ictimai yerlərdə panduslar, xüsusi liftlər, taktil səthlər, səsgücləndirici sistemlər və digər yardımçı elementlər geniş tətbiq olunmalıdır. Eyni zamanda, ictimai nəqliyyatda da əlilliyi olan şəxslərin təhlükəsiz və rahat hərəkəti üçün müasir və uyğunlaşdırılmış nəqliyyat vasitələri istifadəyə verilməlidir.

Bundan əlavə, inklüziv təhsilin tətbiqi daha geniş vüsət almalıdır. Əlilliyi olan uşaqlar və gənclər üçün xüsusi proqramlarla zənginləşdirilmiş tədris planları hazırlanmalı, onların təhsildən geri qalmaması üçün müəllimlərə mütəmadi olaraq metodiki dəstək və təlimlər keçirilməlidir. Distant təhsil imkanları artırılmalı, tədris platformalarında əlillər üçün xüsusi rejimlər və texniki imkanlar yaradılmalıdır. Təhsil prosesi yalnız bilik qazanmaqla bitməməli, bu insanların peşə bacarıqlarını inkişaf etdirməyə yönəlmiş olmalıdır.

Əmək bazarına çıxış məsələsində isə dövlət və özəl sektorun əməkdaşlığı vacibdir. Əlilliyi olan şəxslərin ixtisaslarına uyğun iş tapmaları üçün kvota sistemləri tətbiq edilməli, işəgötürənlərə bu şəxsləri işə qəbul etdiklərinə görə vergi və sığorta güzəştləri verilməlidir. Əlillər üçün evdən işləmək imkanı yaradan rəqəmsal peşə sahələri təşviq olunmalı, onların kompüter bilikləri və texniki bacarıqları inkişaf etdirilməlidir.

Əlilliyi olan şəxslər üçün yalnız texniki deyil, eyni zamanda psixoloji və sosial dəstək də çox vacibdir. Əlillik təkcə bədənin deyil, bəzən ruhun da mübarizəsidir. Bu şəxslər arasında depressiya, sosial təcrid və özgüvən çatışmazlığı kimi hallar geniş yayılıb. Bu baxımdan onlara psixoloq yardımı, sosial işçilərin dəstəyi və birgə fəaliyyətə təşviq edən proqramlar böyük əhəmiyyət daşıyır. Sosial klublar, inklüziv idman yarışları, mədəni tədbirlər və könüllü fəaliyyətlər onların cəmiyyətə daha rahat uyğunlaşmasına kömək edə bilər.

Bu istiqamətdə medianın və cəmiyyətin maarifləndirilməsi də vacibdir. Əlilliyi olan şəxsləri yalnız mərhəmət obyektinə çevirmək əvəzinə, onların bacarıqlarını, uğurlarını və potensiallarını ön plana çıxaran media layihələri, ictimai kampaniyalar və təbliğat materialları hazırlanmalıdır. Əlilliyi olan şəxslər haqqında cəmiyyətin düşüncə tərzini dəyişmək üçün məktəblərdə, universitetlərdə və dövlət qurumlarında mütəmadi maarifləndirmə işləri aparılmalıdır.

Eyni zamanda, dövlət qurumları və qeyri-hökumət təşkilatları bu sahədə əməkdaşlıq etməli, vətəndaş cəmiyyətini bu prosesə cəlb etməlidir. Hüquqi bazanın təkmilləşdirilməsi, əlilliyi olan şəxslərin hüquqlarının qorunması və onların istənilən sahədə iştirakının təmin olunması üçün qanunvericilik mütəmadi olaraq yenilənməli və tətbiqi nəzarətdə saxlanmalıdır.

Nəticə etibarilə, əlilliyi olan şəxslərə təqdim olunan reabilitasiya vasitələri dövlətin bu sahədə atdığı mühüm sosial addımdır. Lakin bu, yalnız başlanğıcdır. Əsas məqsəd, bu vətəndaşların tamhüquqlu şəkildə cəmiyyətə inteqrasiyası, rifah səviyyələrinin yüksəldilməsi və öz potensiallarını reallaşdırmaları üçün bərabər imkanların yaradılması olmalıdır. Cəmiyyətin gücü onun bütün üzvlərinin tam iştirak etdiyi və heç kimin kənarda qalmadığı zaman daha da artır.

Pərvanə,
AzNews.az