Florentino Peres: "Hakimləri satın almış klubla heç bir əlaqə saxlamaq istəmirəm"

"Real Madrid"in prezidenti Florentino Peres hakimliklə bağlı qalmaqal səbəbindən "Barselona" klubu ilə münasibətləri tamamilə kəsdiyini bəyan edib.

AzNews.az xəbər verir ki, klub rəhbərinin sözlərini tanınmış jurnalist və insayder Fabritsio Romano sosial şəbəkə hesabında paylaşıb.

"Mən "Barselona" ilə münasibətləri tamamilə kəsirəm. İyirmi il ərzində hakimləri satın almış klubla heç bir əlaqə saxlamaq istəmirəm. Mən istəyirəm ki, "Neqreyra işi" kimi ciddi bir məsələdə ədalət zəfər çalsın", - deyə Peres sərt açıqlama verib.

"Barselona" ətrafındakı "Neqreyra işi" kimi tanınan hakimlik qalmaqalı klubun İspaniyanın Hakimlər Texniki Komitəsinin (CTA) keçmiş vitse-prezidenti Xose Mariya Enrikes Neqreyraya 2001-ci ildən 2018-ci ilə qədər olan dövrdə 7.3-8.4 milyon avro ödəməsi ilə bağlı ittihamlarla əlaqədardır.

Prokurorluğun versiyasına görə, pullar hakimlərin loyallığını təmin etmək üçün istifadə edilmiş ola bilər. "Barselona" klubu isə yalnız hakimlər üzrə qanuni texniki hesabatlar üçün ödəniş apardığını iddia edir.

Qeyd edək ki, mayın 10-da "Barselona" prinsipial qarşılaşmada "Real Madrid"i məğlub edərək (2:0) vaxtından əvvəl ölkə çempionu olub.