- Siyasi müzakirə
- 15:25
- 1 912
“Tarix göstərir ki, dünya nizamını həmişə qaliblər müəyyənləşdirir” - Şəhla Cəlilzadə
"20-ci əsr klassik imperiyaların dağılması, anti-imperializm siyasətinin dünyaya yayılması və milli dövlətlərin dirçəlişi ilə xarakterizə olunurdu. Dövlətlərarası münasibətlər II Dünya Müharibəsindən sonra formalaşan Potsdam-Vaşinqton sistemi, daha sonra isə ikiqütblü dünya nizamı vasitəsilə tənzimlənir və qarşılıqlı şəkildə balanslaşdırılırdı. Avropa və Asiyanın bir sıra dövlətləri ABŞ-nin liderlik etdiyi qütbdə yer alırdısa, Amerika qitəsində bəzi ölkələr SSRİ ilə münasibətlərini inkişaf etdirirdilər. Lakin 1991-ci ildə SSRİ-nin süqutundan sonra dünya yeni münasibətlər mərhələsinə qədəm qoydu. Bu dövrdə ABŞ yeganə hegemon güc kimi ön planda qalmışdı. Bununla belə, Rusiya və Çinin artan nüfuzu, həmçinin digər dövlətlərin dəstəyi ABŞ-nin qlobal üstünlüyünün zəifləməsinə səbəb olurdu. Aydın idi ki, ABŞ-nin təkqütblü dünyanın yeganə lideri mövqeyində əbədi qalması mümkün olmayacaqdı. Donald Tramp da imperial keçmişə nostalji yanaşma ilə “Make America Great Again” şüarını seçmişdi".
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Şəhla Cəlilzadə deyib.

Qeyd edək ki, dünya siyasəti yenidən sərt güc və geosiyasi qarşıdurma ritorikasının təsiri altına düşür. Bir vaxtlar “demokratiya ixracı” və “qlobal əməkdaşlıq” mesajları ilə çıxış edən Vaşinqtondan artıq fərqli və daha iddialı çağırışlar eşidilir. Donald Trampın “Venesuelanı ABŞ-nin 51-ci ştatına çevirmək” barədə səsləndirdiyi fikirlər isə təkcə siyasi populizm kimi deyil, həm də XXI əsrdə böyük güclərin yenidən nüfuz uğrunda mübarizəyə qayıtdığını göstərən simvolik mesaj kimi qiymətləndirilir.
Siyasi şərhçi qeyd edib ki, dünya tarixi beynəlxalq münasibətlər sisteminin daim dəyişən, inkişaf və tənəzzül edən xarakter daşıdığını göstərir.
"Xüsusilə hər 50-100 ili əhatə edən dövrlər öz yeni dünya nizamını formalaşdırır. Dünyanın aparıcı gücləri isə yeni münasibətlər erasına müharibələr və yeni geosiyasi qazanclar vasitəsilə daxil olmağa çalışırlar. Bu baxımdan, ABŞ-nin təkqütblü dünyanın yeganə lideri mövqeyini getdikcə itirdiyini, bir sıra məsələlərdə digər güc mərkəzləri ilə razılaşmağa və yeni balans yaratmağa məcbur qaldığını qeyd etmək olar. Yeni dünya nizamı hələ tam formalaşmasa da, dövlətlər artıq beynəlxalq hüquqdan çox öz güclərinə istinad edərək bu nizamı müəyyənləşdirməyə çalışırlar. Donald Trampın liderliyi dövründə ABŞ yenidən dünya nizamında təsir dairəsini genişləndirməyə can atır. Venesuela prezidentinin bir gecədə qaçırılaraq ABŞ-da həbs olunması, Trampın Venesuelanı ABŞ-nin 51-ci ştatına çevirməklə bağlı iddiaları, eləcə də Danimarkaya məxsus Qrenlandiya adasına sahib olmaq niyyətini ifadə etməsi xüsusi diqqət çəkir. Ukrayna, İran və daha əvvəl Yaxın Şərqin digər ölkələrində baş verən müharibələr də qlobal hegemonluğa iddialı güclərin proksi savaşları və nüfuz mübarizəsi kimi qiymətləndirilə bilər. ABŞ Konstitusiyasının III bölməsinin 4-cü maddəsində qeyd olunur ki, “Konqresin razılığı ilə birliyə yeni ştatlar daxil edilə bilər.” Başqa sözlə, ABŞ yarandığı gündən etibarən genişlənməyə çalışıb. 1949-cu ildən bu proses NATO çərçivəsində genişlənmə ilə müşayiət olunurdusa, hazırkı dövrdə sağ millətçiliyin yüksəlişi, dövlətlərin milli maraqlarının ittifaq maraqlarından üstün tutulması, eyni zamanda Rusiyanın və Çinin öz “arxa bağçalarında” — Ukrayna, Tayvan və digər bölgələrdə — təsir imkanlarını genişləndirməyə çalışmaları fonunda, Trampın simasında ABŞ də coğrafi genişlənmə tezisini ön plana çıxarıb. Tarix göstərir ki, qaliblər dünya nizamını və onun hüquqi əsaslarını formalaşdırırlar. I Dünya Müharibəsinin qalibləri “protektoratlıq” rejimləri yaratmışdılar ki, bu da müasir hüquq prinsiplərinə, xüsusilə insan hüquqlarına uyğun deyildi. II Dünya Müharibəsinin qalibləri isə öz nizamlarını bütöv xalqların parçalanması və ya birləşdirilməsi üzərində qurmuşdular. Bu baxımdan, yenə də qaliblərin yeni dünya nizamını formalaşdıracağı gözlənilir. Həmin nizam daxilində yeni dövlətlər yarana və ya bəzi dövlətlər birləşə bilər. Təkcə 1945-1991-ci illər arasında 100-dən çox yeni dövlətin yaranması bunu təsdiqləyən tarixi reallıqdır".
Rəfiqə Namazəliyeva,
AzNews.az