Vəkil vəkili məhkəməyə verdi - Azərbaycanda

Vəkil Adəm Məmmədov həmkarı Elçin Sadıqovu məhkəməyə verib.


AzNews.az xəbər verir ki, bu barədə APA-ya məlumat verən A. Məmmədov bildirib ki, iddia ərizəsi ilə Göygöl rayon Məhkəməsinə müraciət edib: "Sadıqov Elçin Əli oğlu tərəfindən şəxsiyyətim və fəaliyyətim barədə mənfi rəy yaratmağa yönələn, habelə şərəf və ləyaqətimi, işgüzar nüfuzumu ləkələyən həqiqətə uyğun olmayan məlumatların yalan məlumatlar kimi tanınması, həmin məlumatların KİV və internet portalları vasitəsi ilə təkzib olunması, cavabdeh Sadıqov Elçin Əli oğlunun üzr istəməsi və mənə dəymiş mənəvi zərərin əvəzi olaraq 1 manat pul vəsaitinin tutularaq xeyrimə ödənilməsini iddia ərizəmdə xahiş etmişəm".

Qeyd edək ki, bir müddət əvvəl Elçin Sadıqov həmkarı Adəm Məmmədovla bağlı Vəkillər Kollegiyasına və digər qurumlara müraciət edib.

E. Sadıqov açıqlamasında bildirmişdi ki, vəkil Adəm Məmmədov vəkil etikasına yaraşmayan hərəkətlərə yol verir: "Adəm Məmmədov Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin 18 mart 2010-cu il tarixli hökmü ilə dələduzluğa görə 10 il müddətinə məhkum edilmiş, əvvəllər də eyni ittihamla məhkum edilib cəzasını çəkmiş Azad Məmmədovun hüquqlarını müdafiə edir. Həmin hökmü Bakı Apellyasiya Məhkəməsi, ardınca Ali Məhkəmə qüvvədə saxlayıb. Cinayət işi üzrə zərərçəkənlərdən biri mənim anam - Həsənova Sahibə Mahmud qızıdır. Cinayət işi üzrə məhkum edilmiş şəxsin müdafiəsi üçün heç bir əsas olmadığından, hüquqi imkanlar tükəndiyindən vəkil Adəm Məmmədov zərərçəkən anamdan, mənim başqa yaxınlarımdan, mənim adımdan istifadə etməklə, habelə işə baxmış hakimləri qaralamaqla dələduzluğa görə məhkum edilmiş şəxsin azad edilməsinə çalışır. O, mənim və anamın barəsində təhqir, böhtan məzmunlu ifadələr yayır".

E. Sadıqov demişdi ki, Adəm Məmmədovun hərəkətlərindən Ali Məhkəməyə, prezident İlham Əliyevə və Vəkillər Kollegiyasına müraciət edib.

Məsələyə münasibət bildirən vəkil Adəm Məmmədov isə açıqlamasında bildirmişdi ki, Elçin Sadıqovun dediklərinin əsası yoxdur: "Onun bacısı mənim ekspert kimi iştirak etdiyim televiziya verilişində çıxış edərək anasının haqqında danışıb. Mənim bu məsələlərə heç bir aidiyyətim yoxdur. Elçin Sadıqov hara istəsə müraciət edə bilər. Bu onun hüququdur. Lakin elə fikirləşməsin ki, mən kiməsə təzyiq etmişəm. Bu düzgün deyil. Mənim Elçin Sadıqovla problemim yoxdur. Sahibə Həsənovanın Elçin Sadıqovun anası olmasını da mən sonradan bilmişəm".