İsmayıllıda dəhşətli qəza - bir ailənin 6 üzvü öldü (Yenilənib)

Daxili İşlər Nazirliyi (DİN) sentyabrın 26-da saat 23 radələrində İsmayıllı rayonunun Qurbanəfəndi kəndi ərazisində baş verən dəhşətli yol qəzası ilə bağlı məlumat yayıb.

AzNews.az DİN-nə istinadən xəbər verir ki, kənd ərazisində əcnəbi vətəndaş olan Enqland Villiam Henrinin idarə etdiyi “Toyota-Prado” və Şəki rayon sakini Rahim Abbasovun idarə etdiyi “Opel-Zafira” markalı avtomobillər toqquşub.

Nəticədə R.Abbasov və sərnişinləri Qax rayon sakinləri Rüzgar Bayramov, oğlanları Sahib, Cavid, Yaşar Kərimovlar, qızları Rüfanə, Turanə hadisə yerində ölüblər, digər avtomobilin sürücüsü isə xəstəxanaya yerləşdirilib.

DİN-in Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

***

Fövqəladə Hallar Nazirliyi İsmayıllıda 7 nəfərin ölümü ilə nəticələnən avtomobil qəzası ilə bağlı məlumat yayıb.

AzNews.az FHN-nə istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, İsmayıllı rayonunda “Toyota” və “Opel” markalı iki minik avtomobili toqquşub. Nəticədə “Opel” markalı avtomobilin sürücüsü və 6 nəfər sərnişini hadisə yerində ölüb, digər avtomobildə olan 3 nəfər xəsarət alıb.

Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri cəsədləri və xəsarət alanları deformasiyaya uğramış avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil verib. Əməliyyat başa çatıb.