Azərbaycanda vəzifəli şəxs cəzalandırılıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Qusar Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin (MMBM) ərazisində ağacların kəsilməsi barədə daxil olmuş şikayət məktubunda göstərilənlərin yoxlanması məqsədilə Nazirliyin və aidiyyəti tabeli qurumlarının əməkdaşlarından təşkil olunmuş komissiya tərəfindən yerində araşdırma aparılıb



Bu barədə Trend-ə nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, komissiyanın araşdırmasında iştirak etməsi üçün şikayətçi ilə əlaqə saxlansa da o, araşdırmada iştirakdan imtina etmişdir.

Komissiyanın apardığı araşdırma zamanı Qusar MMBM-in Qusar və Hil meşəbəyliklərinin dolaylarında, ümumilikdə 34,54 m3 həcmində 150,77 manat köküstə nırx dəyərində 73 ədəd ağacın qanunsuz kəsilməsi faktı aşkar edilib. Bununla əlaqədar meşə fonduna dəymiş ziyan ərazilərə cavabdeh meşə gözətçiləri tərəfindən ödənilib, Qusar MMBM-in direktoru barədə isə müvafiq təşkilati tədbir görülüb.

Komissiya tərəfindən keçirilən araşdırmadan 3 gün əvvəl isə Qusar Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin əməkdaşları tərəfindən xidməti ərazilərində mühafizə vəziyyətinə baxış keçirilən zaman 0,79 m3 həcmində 56,14 manat köküstə nırx dəyərində 14 ədəd şam ağacını qanunsuz kəsdiyinə görə təqsirkar şəxs Qusar rayon Urva kənd sakini Valerik Əhmədov barəsində akt və protokol tərtib edilərək inzibati qaydada 700 manat məbləğində cərimə olunmuşdur. Meşə fonduna dəymiş ziyanın ödənilməsinin təmin edilməsi üçün sənədlər Qusar rayon məhkəməsinə göndərilib.

AzNews.az