“Nə vaxtsa, obyektiv qərar çıxarılacağına ümidim var, əks halda Avropa Məhkaməsinə qədər gedəcəyəm” “Nə vaxtsa, obyektiv qərar çıxarılacağına ümidim var, əks halda Avropa Məhkaməsinə qədər gedəcəyəm”

Masallıda sahibkarla bələdiyyənin “zapravka” çəkişməsi

“Nə vaxtsa, obyektiv qərar çıxarılacağına ümidim var, əks halda Avropa Məhkaməsinə qədər gedəcəyəm”



Məhbub Məmmədov Masallı rayonunda ona məxsus torpaq sahəsində yanacaqdoldurma məntəqəsi işlədib. Dediyinə görə, 1997-ci ildən fəaliyyət göstərən obyektdən geriyə kağız üzərində 167 min 500 manatlıq balans və illərdir ki, bitməyən məhkəmə çəkişməsi qalıb.

Sahibkar Aznews.az-a açıqlamasında bildirib ki, Bakı-Astara magistral yolunun yaxınlığında fəaliyyət göstərən "Türk petrol" Türk müəssisəsinin yanacaqdoldurma məntəqəsi 2009-cu ildə yerlə yeksan edilib:

"Masallı rayon bələdiyyəsinin sədri Azər Baxşıyev mənə zəng edib dedi ki, yanacaqdoldurma məntəqəsini sök, apar. Burada yanacaqdoldurma məntəqəsi saxlamaq olmaz. Dərhal ona cavab verdim ki, sənədlərim düzdür və yanacaqdoldurma məntəqəsinin fəaliyyətinə icazə verməmək üçün heç bir əsası yoxdur. Rədd cavabımdan bir neçə gün sonra öyrəndim ki, həmin yeri başqasına söz verib. Yəni, o vaxtkı Masallı şəhər icra nümayəndəsi Laçın Sadıqovla birgə yeri məndən alıb başqasına satmaq istəyirlər. Qeyd edim ki, Laçın Sadıqov rüşvətxorluqda ittiham olunaraq saxlanılmışdı. Sonra azadlığa buraxılsa da, vəzifəsindən azad edildi".

M.Məmmədovun sözlərinə görə, obyekt 2010-cu ilin avqustunda uçurulub. Həmin vaxtdan da sahibkarın hüquqi müstəvidə mübarizəsi başlayıb. Şikayətini əvvəlcə Şirvan İnzibati-İqtisad Məhkəməsində araşdırıblar və bələdiyyənin xeyrinə qərar çıxardıblar.

Prezidentin rayona səfəri ilə bağlı "təmizlik işləri" ni əsas gətirən bələdiyyə sədri appelyasiya məhkəməsindən də öz xeyrinə qərar ala bilib. Sonra Ali Məhkəməyə müraciət edən sahibkar məhkəmə araşdırmasının istiqamətini dəyişdirməyə ümid verən qərar çıxarılmasına nail olub. Belə ki, sahibkarın şikayəti üzrə iş yenidən birinci instansiya məhkəməsinə geri qaytarılıb:

"Bu dəfə güman etdik ki, işə ədalətli baxılar. Lakin gümanımız boşa çıxdı. Şirvan İnzibati-İqtisad Məhkəməsi birinci qərarını qüvvədə saxladı".

İndi isə şikayətçi Şirvan İnzibati-İqtisad Məhkəməsinin qərarından yenidən appelyasiya şikayəti verməyə hazırlaşır: "Nə vaxtsa, obyektiv qərar çıxarılacağına hələ ümidim var. Əks təqdirdə, Avropa Məhkaməsinə qədər gedəcəyəm".

Masallı bələdiyyəsinin sədri Azər Baxşıyev isə Aznews.az-a açıqlamasında hər hansı söküntünün aparılmadığını və Məhbub Məmmədovun sənədlərinin qaydasında olmadığını bildirib:

"Sovet dövründən qalma yanacaq "butka"sı olub. Orada hamının atdığı metal qalıqları yığılıb qalmışdı. Məhbub Məmmədov rayonda mənim qonşumdur, ancaq 13 ildir Bakıda yaşayır. Sahikardırsa, gəlib niyə torpaq sahəsində işini qurmur? Nə qədər çağırmalıydıq ki, gəlsin, ərazisində təmizlik yaratsın. Prezidentin rayonumuza səfəri zamanı isə bu işi özümüz görməli olduq. Mənim uçurmaqla bağlı nə yazılı, nə şifahi göstərişim olmayıb. İxtiyarımda nəinki ağır texnikam, heç işçim də yoxdur. Orada sökəcək bir tikili də yox idi. "Komxoz"un işçiləri gedib səliqə yaradıblar".

Ərazinin başqasına satilmasına gəlincə, bələdiyyə sədri ərazinin magistral yolun üzərində və meşə mühafizə zolağına aid olduğunu da deyib:

"Masallı Rayon Torpaq şöbəsindən aldığı ərazinin ona aid olduğunu göstərən dövlət aktı təqdim etmişdi. Ancaq sənəd ona səhvən verilib. Ərazi magistral yolun mühafizə zolağına düşür. Həmin yer həm də Meşə İdarəsini mühafizə zolağıdır.

Ruhiyyə
Aznews.az

image description